Məhkəmə qərarları › İş №2(012)-2388/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2388/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2388/2023 21.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə 21 iyun 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 35675 (otuz beş min altı yüz yetmiş beş) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 198 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Tofiq oğlu ilə tanışlıqları işlə bağlı olmuşdur. Belə ki, o və X2 məxsus olan laminatları onun dediyi formada kəsmək bantlama işlərini görürdülər və qarşılığında xidmət haqqlarını alırdılar. Onların arasında olan bu işlə bağlı münasibətlər daha da yaxşılaşmışdır. Onlargörüşlərin birində birlikdə nə işlər görə biləcəkləri barədə söhbət etmişlər. Həmin vaxt Mehman iddiaçıya bildirmişdir ki, mənim əlimdə çoxsaylı işlər var. Müştəri bazam da kifayət qədər çoxdur. Lakin onun şəxsi işlərinə görə ona xeyli miqdarda pul lazımdır. Həmin pulun ona veriləcəyi halda Mehman öz işlərini həll edərək onlarla iş birliyinə başlacağını və nəticədə yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirmişdir. Mehman öz işlərini həll etməyəcəyi halda iddiaçı ilə iş birliyi etməsinin mümkün olmayacağını bildirmişdir. İddiaçı isə onun yalan vədlərinə inanaraq Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 63175 manat pul vermişdir. Daha sonra isə iddiaçıya məlum olmuşdur ki, xidmət göstərdiyi vətəndaşlar Mehmandan narazıdır. Mehman götürdüyü işləri vaxtında və düzgün yerinə yetirmir. Bir neçə nəfərlə də pul problemləri var. İddiaçı ona problemlərini həll etməsi üçün pul versə də Mehmanın problemləri qurtarmır. Ondan sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh onu aldatmışdır. Cavabdeh iddiaçıdan 63175 manat məbləğində pulu almasını əlyazma ilə təsdiq etmişdir. Cavabdeh həmin puldan 27500 (iyirmi yeddi min beş yüz) manat hissəsini qaytarmışdır. 35675 (otuz beş min altı yüz yetmiş beş) manat hissəsi isə ödənilməmiş qalmışdır. İddiaçı qalan pulun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət etsə də nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh Tofiq oğlu iddia tələbini qəbul etməyək bildirdi ki, onun vəkili olmadan heç bir söz danışa bilməz. Əlyazma da olan yazı onun xəttinə oxşayır. Həmin əlyazmanı niyə yazdığını isə vəkili məhkəmədə iştirak etməsə deməyəcək. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, Elşadı 7-8 ildir ki, tanıyır. Bir yerdə mebelə aid olan materialların kəsilməsi ilə məşğul olmuşlar. Mehmanı 2021-ci ildən tanıyır. Onlara mebelləri kəsdirmək üçün Mehman müraciət etmişdir. Mehmanı həmin vasitə ilə tanımışdır. Elşad ümumilikdə Mehmana öz şəxsi işlərini həll etməsi üçün 63 175 manat pul vermişdir. Mehman isə söz vermişdir ki, şəxsi işlərini gördükdən sonra onlarla birlikdə iş görəcəkdir. Mehman isə həmin məbləğdən yalnız 27500 manat hissəsini qaytarmışdır. Yerdə qalan hissəsini isə qaytarmamışdır. Mülki işin materiallarında olan Cavabdeh Tofiq oğlu tərəfindən yazılmış əlyazmadan görünür ki, Cavabdeh Tofiq oğlunun iddiaçıya və Çələbi Vüsala 63175 manat borcu yaranmışdır. Həmin borcu qaytarmağı Cavabdeh Tofiq oğlu öhdəsinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Cavabdeh verilmiş 63175 manat məbləğində pul tamamilə İddiaçı məxsus olmuşdur. Cavabdeh isə məhkəmə iclasında demək olar ki, heç bir suala cavab verməmiş, işin faktiki halları barədə məlumat verməkdən yayınmış, iş materiallarında olan yazının əvvəlcə ona məxsus olduğunu bildirsə də sonradan isə vəkili olmadan heç bir söz demək istəmədiyini bildirmişdir. Bütün bu hallar iddianın əsaslı olduğunu, Cavabdeh qeyri-səmimi olduğunu, borcun ödənilməsindən yayınmaq niyyətində olduğunu göstərir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməsi Cavabdeh İddiaçı xeyrinə 35675 (otuz beş min altı yüz yetmiş beş) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 198 manat cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 35675 manat məbləğində pul və ödənilmiş 198 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar