Məhkəmə qərarları › İş №2(012)-2393/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2393/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2393/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, iddiaçı “xxxx” Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “xxxx” Şirkətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Şirkəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1443,61 (min dörd yüz qırx üç manat 61 qəpik) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablanmaqla 1443,61 (min dörd yüz qırx üç manat 61 qəpik) manat penya olmaqla, cəmi 2917,22 (iki min doqquz yüz on yeddi manat 22 qəpik) manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı iddiaçı “xxxx” Şirkətinin nümayəndəsi X3 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək, 1173,61 (min yüz yetmiş üç manat 61 qəpik) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablanmaqla 1443,61 (min dörd yüz qırx üç manat 61 qəpik) manat penya olmaqla, cəmi 2647,22 (iki min altı yüz qırx yeddi manat 22 qəpik) manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı “xxxx” Şirkətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə “xxxx” Şirkəti arasında bağlanmış 04 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 01 noyabr 2019-cu il tarixində imzalanmış “X1 aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 1173,61 manat borc qalığını ödəməmişdir. Cavabdehə dəfələrlə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliklərini icra etməmiş və borcundan ödəniş etməmişdir. Ona görə də 1173,61 manat məbləğində əsas borc, 1443,61 manat penya və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2647,22 manat məbləğində borcun Cavabdeh alınaraq iddiaçı “xxxx” Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 aprel 2019-cu il tarixli 129/19 saylı alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, “xxxx” Şirkəti – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh inşaat malları satılmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, “alıcı” ödənişləri malın qəbul edilməsindən sonra 30 (otuz) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. İş materiallarında olan 04 aprel 2019-cu il tarixli 129/19 saylı müqaviləyə əsasən X4 üzrə 01 noyabr 2019-cu il tarixli 15270 №-li X1 Aktının müvafiq qaydada təsdiq olunmuş surəti ilə Cavabdeh “xxxx” Şirkətinə 2962,5 manat məbləğində borcu olduğu müəyyən edilmişdir. İş materiallarında olan 09 fevral 2021-ci il tarixli MA-02/053 saylı maliyyə arayışından görünür ki, “xxxx” Şirkəti müştəri Cavabdeh ilə alqı-satqı müqaviləsi üzrə əməkdaşlığa başladığı dövrdən indiyədək Şirkətin mühasibatlığına əsasən, müştəriyə indiyədək verilmiş malın ümumi məbləğinin 16909,34 manat, müştərinin indiyədək etdiyi ödənişin ümumi məbləğinin 15465,73 manat, müştərinin qalıq borc məbləğinin 1443,61 manat, müştəriyə sonuncu dəfə malın verildiyi tarixin 29 avqust 2019-cu il, son ödənişin məbləğinin 30 manat və son ödəmə tarixinin 02 fevral 2021-ci il olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Beləliklə, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh 04 aprel 2019cu il tarixli alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və həmin müqavilə üzrə yaranmış öhdəliklərini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1443,61 manat məbləğində əsas borcun tutulması hissəsində iddia tələbi 09 fevral 2021-ci il tarixli MA- 02/053 saylı maliyyə arayışı və iddiaçı “xxxx” Şirkətinin nümayəndəsi X2 “iddia tələbinin həcminin azaldılması” barədə 05.05.2021-ci il tarixli ərizəsi nəzərə alınmaqla, təmin olunmalı və cavabdehdən 1173,61 manat məbləğində əsas borc tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanları, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafeləri nəzərə alınaraq cərimə borcu 70 manat məbləğinə qədər azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1173,61 manat borc və 70 manat məbləğində penya olmaqla, cəmi 1243,61 manat məbləğində pul vəsaiti “xxxx” Şirkətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh alınaraq iddiaçı “xxxx” Şirkətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1173,61 (min yüz yetmiş üç manat 61 qəpik) manat məbləğində borc, 70 (yetmiş) manat məbləğində penya və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1263,61 (min iki yüz altmış üç manat 61 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Şirkətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar