Məhkəmə qərarları › İş №2(012)-2411/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2411/2023

16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2411/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşma çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 225 manat olmaqla, cəmi 450 manat alimentin sabit pul məbləğində Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsinin 2(012)- 1529/2022 saylı qətnaməsinə əsasən aliment artırılaraq hər iki uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin Cavabdeh apellyasiya şikayəti vermiş və apelyasiya məhkəməsinin 2(105)-1493/2022 saylı qətnaməsinə əsasən Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin bu iş üzrə 04 aprel 2022-ci il tarixli 2(012)-1529/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin həmin aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Hər iki övladı orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, oğlu Elcan həm də allergiya xəstəsidir, diabetə meyllilik var, bundan əlavə uşaq göz xəstəliyindən də əziyyət və dəri problemi qaşınma, həmçinin allergiyadan əziyyət çəkir. Uşağın müalicəsinə, dərmanlarına və eynəklərinin dəyişilməsinə mütəmadi çox xərc çəkilir. Uğur adlı uşağı da kəskin allergiya xəstəliyindən əziyyət çəkir və o da diabetə meyllidir, onun da müalicə və müayinəsi dərmanları xeyli xərc tələb edir. Mütamadi olaraq hər 2 övladının müalicə və dərmanlarına pul vəsaiti lazımdır. Həmçinin, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Cavabdeh uşaqların saxlanılması üçün məhkəmə aktları ilə müəyyən edilən alimenti mütamadi ödəmir, aliment məbləğindən əlavə heç bir xərci də ödəmir. Həmçinin, uşaqları saxlamaq üçün əlavə xərclərdə də iştirak etmir. Uşaqlarının bütün qayğısnı ehtiyacını tamamilə özü çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Özü də zob xəstəsidir və bel-onurğa ağrıları problemi də vardır. Cavabdeh "xxxx" MMC-də aşbaz vəzifəsidə işləyir və aylıq əmək haqqısı ona məlum deyildir. Məhkəmə prosesində iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, uşaqların saxlanılması üçün təyin edilmiş alimenti vaxtı-vaxtında ödəyir, buna baxmayaraq iddiaçı tərəf uşaqlarını ona göstərmir. Uzun müddətidir ki, o, uşaqları ilə görüşə bilmir. Alimentin artırılmasına razı olmamasının səbəbi bel yırtığından əməliyyat olması ilə əlaqədar hazırda işsiz olmasıdır. 3 aydır ki, işdən azad edilmişdir və ağır işlərdə işləmək iqtidarında deyildir. Alimenti dostlarının köməkliyi ilə ödəyir. Əgər gələcəkdə maddi imkanı yaxşı olacağı təqdirdə uşaqlarının saxlanılmasına yetərincə köməklik göstərəcəkdir. Bundan əlavə hazırda başqa qadınla evlidir, kirayədə yaşayır və aliment üzrə yaranmış borcu da vardır. Onun əlavə gəlir sahəsi yoxdur. Buna baxmayaraq ayda hər uşaq üçün 200 manat aliment ödəməyə etiraz etmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1529/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-288/2017 saylı və xx.xx.2021-ci il tarixli 2(012)-1352/2021 saylı qətnamələri ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin bu qətnamənin qanuni qüvvəyə minən gündən hesablanması, Cavabdeh 58,4 manat dövlət rüsumunun dövlət nəfinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1493/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2022-ci il tarixli 2(012)-1529/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ-in ambulator kitabçadan çıxarışın surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X6 “ensefolopatiya, dəqiqləşdirilmiş” diaqnozu ilə xəstədir. Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ-in ambulator kitabçadan çıxarışın surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 3 yaşından gözləri zəif görür və çəpləşir. E-sosial elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. 1 sayı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsinin verdiyi AZ-İİ 536624 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Məmmədov X2 Sevinc Rəşid qızı ilə 21 sentyabr 2022-ci il tarixdə 2489 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin verdiyi 16 may 2023-cü il tarixli, 17/7549623№4 saylı məktubundan görünür ki, məhkəmə qətnamələri üzrə bu günə ödənilməli aliment 16789 manat təşkil edir və həmin məbləğin 8190 manat hissəsi Cavabdeh tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 anadan olmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1529/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-288/2017 saylı və xx.xx.2021-ci il tarixli 2(012)-1352/2021 saylı qətnamələri ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin bu qətnamənin qanuni qüvvəyə minən gündən hesablanması, Cavabdeh 58,4 manat dövlət rüsumunun dövlət nəfinə tutulması qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 220 manat sabit pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə tutulmuş alimentin miqdarı olan hər uşağa 193 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün hər biri üçün 193 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, bir uşaq üçün 193 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. İddiaçı tələb etdiyi hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin cavabdehin ödəməyə imkanının olub-olmamasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, o, buna dair hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı təyin edilərkən, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehin işdən azad edilməsini, əvvəlki məhkəmə qətnamələri ilə yaranmış aliment borcunun olmasını nəzərə alaraq, alimentin məbləğinin artırılaraq ayda hər uşaq üçün 200 manat müəyyən edilməsini lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini nəzərə alaraq, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1529/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırkı iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1529/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar