Məhkəmə qərarları › İş №2(012)-2423/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2423/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2423/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və əldən çıxmış fayda tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı pul və əldən çıxmış fayda tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu M.Ə.Sabir küçəsi 32-də qeydiyyatda olan, ünvan 3-da yaşayan Cavabdeh aldığı 48000 manat və 20000 ABŞ dolları pul vəsaitinin və əldən çıxmış fayda olan 30000 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəbrayıl rayonunun Şıxalıağalı kəndindən məcburi köçkün düşdükdən sonra 2012-ci ilin yay aylarında qohumu Elşad Şükürovun vasitəsi ilə cavabdehlə tanış olmuşdur. Cavabdeh Abşeron rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş mənzillərdən ona da mənzil verə biləcəyini demişdir. İddiaçı da ona inandığından qohumları ilə məsləhətləşmiş, onlardan pul toplamaqla hissəhissə əvvəlcə 2012-ci ilin yay aylarında 20000 ABŞ dolları pulu Abşeron rayonu ərazisində yerləşən Gənclər şəhərciyində cavabdehə vermiş, cavabdeh isə ona binanın bir neçə ildən sonra hazır olacağına və həmin binadan ona ev verəcəyinə dair söz vermişdir. Ümumiyyətlə, 2018-ci ilin axırlarına kimi keçən müddətdə cavabdeh iddiaçının 20000 ABŞ dolları və 48000 manat pulunu alıb aldatmaqla ələ keçirmişdir. Borc aldığı şəxslər iddiaçıdan öz pullarını tələb etmiş, hissə-hissə həmin şəxslərin pullarını qaytarmışdır. İddiaçı artıq aldandığını bildikdə müxtəlif təşkilatlara şikayət etməyə başlamış, nəticədə xx.xx.2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cavabdeh barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və sonradan cinayət işi istintaqının aparılması üçün aidiyyəti üzrə Səbail RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Elşən Bədirzadə isə istintaqın istiqamətini öz mənafeyinə uyğun çevirməklə Cavabdeh əməlini CM-nin 178.3.2ci maddəsindən CM-nin 178.2.2 va 178.2.4-ci maddəsinə tövsif edərək guya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini əsas götürməklə cinayət işinin icraatına xitam vermişdir. Həmin cinayət işinin istintaqı zamanı Elşən Bədirzadə təqsirləndirilən şəxslərdən həmin pulun yalnız 2000 manatını iddiaçıya qaytarmışdır. Cavabdeh, ümumiyyətlə, iddiaçının 56000 manatdan artıq pulunu etibarından istifadə etməklə ələ keçirməsinbə baxmayaraq, Elşən Bədirzadə zərərin guya ayrı-ayrı şəxslərə verildiyini əsas gətirməklə təqsirləndirilən şəxslərin əməlini CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.2. və 178.2.4-cü maddəsinə tövsif edərək cinayət işinin icraatına xitam vermiş və pulun alınması üçün məhkəmədə mülki iddia qaldırmağı barədə məsləhət vermişdir. Bununla bağlı ilk öncə iddia ərizəsi ilə baxılması üçün Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, iş baxılmadan xx.xx.2024-cü il tarixli qərardadla cavabdehin faktiki yaşayış yerinini göstərilmədiyi səbəbindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə dövlət komtəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən cavabdehin ünvan 1 ünvanda qeydiyyatda olmasına baxmayaraq, ünvan 2zil 49da yaşadığı bildirilmişdir. Daha sonra iddia ərizəsi baxılması üçün yenidən Abşeron Rayon Məhkəməsinə göndərilmiş, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin yaşayış yeri barədə arayışın iş materiallarına əlavə olunmaması əsası ilə iddia ərizəsi baxılmadan iddiaçının özünə qaytarılmışdır. Hazırda cavabdehin ünvan 3-da yaşaması barədə xx.xx.2024-ci il tarixli məktub işə əlavə edilmişdir. Cavabdeh iddiaçını aldatmaqla ələ keçirdiyi 56000 manatdan qalmış 48000 manat və 20000 ABŞ dolları pul vəsaitinin və həmin pulun iddiaçıya vaxtında qaytarılmaması səbəbindən artıq əldən çıxmış 30000 manat faydanın mənə qaytarılması üçün hazırki iddianı qaldıraraq, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh məhkəmədən xəbərdar olmasına baxmayaraq, iclasa bilərəkdən gəlmir. Cavabdeh ona 5000 manat qaytarmışdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə az ağır cinayət törətdiyi, lakin cinayətin törədildiyi gündən 7 ildən artıq müddət keçdiyindən cinayət məsuliyyətinə cəlb edilə bilməməsi və ya cinayət məsuliyyətindən azad edilməli olması qeyd olunmuş, bu baxımdan - cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Cavabdeh cinayət məsuliyyətindən azad olunması və Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Sözügedən qərara əsasən Cavabdeh ifadəsində bildirmişdir ki, İddiaçı tərəfindən ona əlbəəl şəkildə 2012-ci ilin yay aylarında Abşeron rayonu, Gənclər şəhərciyindən 120 kvadratlıq, 3 otaqlı mənzilin alınması ilə bağlı 20000 ABŞ dolları, daha sonra Abşeron rayonu, Gənclər şəhərciyindən 120 kvadratlıq, 3 otaqlı digər 5 mənzilə görə hissə-hissə olmaqla (10000 manat, 10000 manat, 10000 manat, 10000 manat və 8000 manat olmaqla) ümumilikdə 48000 manat pul verilmişdir. Ona verilmiş 20000 ABŞ dolları və 48000 manat pul vəsaitindən 5000 manat hissəsini İddiaçı qaytarmışdır. Həmçinin bu hal həmin qərarda İddiaçı ifadəsində də öz təsdiqini tapmışdır. - Bakı şəhəri Səbail rayon Prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X4 xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, aparılmış araşdırma zamanı İddiaçı Bakı şəhəri Səbail RPİ-nin müstəntiqi X2 rüşvət almasına dair göstərdiyi xüsusatların təsdiqini tapmadığı qeyd olunaraq CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-36-3/2-3765/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Komitədə olan məlumata əsasən Cavabdeh ünvan 3 ünvanda faktiki olaraq məskunlaşmışdır. Belə ki, iddia ərizəsindən, həmçinin məhkəmə çəkişmələrinə dair sənədlərdən görünür ki, iddiaçı X3 Cavabdeh ilə aralarında Abşeron rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş mənzillərdən iddiaçıya verilməsinə köməklik göstərilməsinə dair şifahi razılaşma əsasında onun 20000 ABŞ dolları və 48000 manat pulunun cavabdeh tərəfindən aldadılaraq ələ keçirilməsi, lakin cavabdehin həmin razılaşmaya əməl etməyərək mənzillərin əldə olunmasını təmin edə bilməməsi və bu məqsədlə ödənilmiş məbləğin cavabdeh tərəfindən geri qaytarılmamasını irəli sürərək həmin pul məbləğini, həmçinin əldə çıxmış fayda olaraq 30000 manat pulu məhkəmə qaydasında tələb etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh iddiaçı ilə şifahi şəkildə razılaşaraq iddiaçının vasitəçiliyi ilə onu və bir neçə yaxın qohumunu müəyyən pul müqabilində Abşeron rayonu, Gənclər şəhərciyindən 120 kvadratlıq, 3 otaqlı mənzillərlə təmin etməyi öz öhdəsinə götürmüş, iddiaçı bunun qarşılığında cavabdehə ümumilikdə 20000 ABŞ dolları və 48000 manat pul vermiş, lakin cavabdeh öhdəliklərini icra etməmiş, həmçinin iddiaçının pulunun sadəcə 5000 manat hissəsini qaytarmış, qalan hissəsini geri ödəməmişdir. Sözügedən şərtlərlə şifahi razılıq əsasında iddiaçı tərəfindən cavabdehə 20000 ABŞ dolları və 48000 manat pul vəsaitinin ödənilməsi, həmin borcdan cavabdeh tərəfindən iddiaçıya 5000 manat qaytarılması iddiaçının məhkəmə iclasında izahatı, həmçinin Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 xx.xx.2023-cü il tarixli qərarında öz əksini tapmış iddiaçı və cavabdehin ifadələri ilə təsdiqini tapmışdır. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona vurulmuş ziyan nəticəsində 30000 manat məbləğində pulu əldən çıxmış fayda kimi tələb etməsinə baxmayaraq, öz iddiasını bu hissədə təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etmədiyindən, həmçinin məhkəmə tərəfindən bu hal öz təsdiqini tapmadığından iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi tutulmalıdır. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı və cavabdeh (məcburi köçkün olduğu üçün) dövlət rüsumu ödəməkdən qanunla azad edildiyindən tərəflərdən dövlət rüsumununun alınıb dövlət mədaxilinə tutulması mümkün deyildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20000 ABŞ dolları və 48000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulmalı, həmçinin ödənilməli olan 336 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 48000 manat məbləğində pul vəsaiti və 20000 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar