Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2427/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2 (060)-390/2015 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikah pozulmuş və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 108 (bir yüz səkkiz) manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən qət edilmiş məbləğdə alimentin tutulması hal-hazırda iqtisadi vəziyyətlə və qanunla müəyyənləşdirilmiş uşaqlar üçün yaşayış minimumu ilə uzlaşmır. Həmin məbləğdə aliment pulu ilə uşağın saxlanılmasında çətinlik çəkir və 108 manat uşağın heç bir tələbatının ödənilməsi üçün yetərli deyildir. Belə ki, uşağın səhhətində çox ciddi problemlər vardır. Pediator-Nevroloq və Ortoped- Travmatoloq, Uroloq həkimləri tərəfindən, “Epilepsiya və Qıcolma, Fizioterapiya və Reabilitasiya, Kriptorxizm” diaqnozlar qoyulmuşdur. “X6 və Reabilitasiya Mərkəzi”, “X14” “Uroloji Mərkəzi” klinikalarında müalicə aldığı üçün məsrəfləri yetərincə artmışdır. Hazırkı vaxtda özəl klinikalarda həm müayinə, həm müalicə, həm də həkim baxışı çox bahadır. Eyni zamanda, uşağın məktəb xərcləri də var. Bu xərclər də hər il artmaqdadır. Cavabdeh maddi vəziyyəti yaxşı olduğundan ikinci dəfə ailə həyatı qurmuşdur. Həm özünün, həm də ailəsinin imkanları genişdir. Cavabdeh bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirməmiş, xəstə uşağı ilə maraqlanmamış, saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa belə vaxtı-vaxtında ödəməmişdir. Uşağının bütün qayğısını, ehtiyacını tamamilə məhdud imkanlarla, borc-xərclərlə bir ana olaraq özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağının mənəvi təlim-tərbiyəsi ilə məşğul olması ilə yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh hazırda Uşaq İncəsənət Məktəbində tar ixtisası üzrə müəllim işləyir, həm repetitorluqla, həm də fərdi əmək faəliyyəti ilə də məşğuldur. Başqa gəlirlərinin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 300 manat müəyyən olunmalıdır. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-390/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının artırılaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, hazırda özü də işləyərək ayda 500 manat əmək haqqı alsa da, kirayə yaşadığından həmin məbləğlə dolanmaqda çətinlik çəkir. Aliment məbləğinin minimum 200 manat tutulmasına etiraz etmir. Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, o, Füzuli şəhər 2 saylı İncəsənət məktəbində tar müəllimi işləyir və tutulmalar aparıldıqdan sonra ayda 459 manat əmək haqqı alır. Başqa qadınla ailə həyatı qurmuş və həmin nikahdan 1 övladı vardır. Ailəsi ilə birlikdə kirayə yaşayır, başqa gəlir sahəsi yoxdur. Ailəsinin dolanmasını və kirayə haqqını valideynlərinin köməkliyi ilə qarşılayır. Alimentin artırılmasına razı deyildir. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, birgə nikahdan olan X4 02 dekabr 2012-ci ildə anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)- 390/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci ildə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X1 boşanmadan sonra anası İddiaçı himayəsində qalması, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması müddətinin 06 yanvar 2015-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)- 8461/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi rədd edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-390/2015 saylı iş üzrə qəbul etdiyi 06 yanvar 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər ay uşağa 154 manat məbləğində müəyyən edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan X12 verdiyi xx.xx.2020-ci il tarixli epikrizin surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə ümumi anesteziya ilə “hər iki axil vətəri vulpius üsulu ilə uzadılaraq, diz altı gipsə qoyulmuş, immobilizasiya edilmiş” əməliyyat icra olunmuşdur. İş materiallarında olan “Rəhimə Ateş” Fizioterapiya və Reablitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Rəvan Yaqubzadəyə “Serebral palsi” diaqnozu qoyularaq, fizioterapiya və reablitasiya müalicəsinə başlanılması barədə qərar verilmişdir. İş materiallarında olan Füzuli Şəhər 2 nömrəli Uşaq İncəsənət Məktəbinin verdiyi 27 aprel 2023-cü il tarixli 7 saylı arayışdan görünür ki, Cavabdeh Füzuli Şəhər 2 nömrəli Uşaq İncəsənət Məktəbində tar müəllimi işləyir və əmək haqqı 538 manat təşkil edir. Cavabdeh tərəfindən təqdim edilmiş, iş materiallarında olan 2 saylı Sumqayıt “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2020-ci il tarixli AZ-İİ 415114 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 xx.xx.2020-ci ildə 1722 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Yaqubova soyadı verilmişdir. İş materiallarında olan 2 saylı Sumqayıt “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli AZ-İV 797484 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X7 adlı bir uşaqları vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, LB/23/008/000984 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, LB/23/008/000984 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə illik 26 faizlə 2913 manat kredit verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması haqqında Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 8 ildən çox müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Bununla yanaşı, cavabdehin başqa qadınla evli olmaqla himayəsində 1 azyaşlı uşağının da olmasını və əmək haqqısının 538 manat təşkil etməsini, onun maddi vəziyyətinin kifayət qədər təşkil etməməsini, habelə iddiaçı tərəfindən cavabdehin başqa gəlirləri barədə sübutların təqdim olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-390/2015 saylı qətnaməsi ilə Cavabdeh 02 dekabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 (yüz səkkiz) manat sabit pul məbləğində aliment artırılaraq, hər ay 180 manat sabit pul məbləğində aliment müəyyən edilməli, Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-390/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 02 dekabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2427/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2427/2023
16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver