Məhkəmə qərarları › İş №2(012)-2443/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2443/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2443/2021 21.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı ABC X2 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ABC X2 Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 08.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********41558 olan Nokia markalı telefon üçün 380.6 manat ödənilməmiş hissə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 400.60 manat pul vəsaitinin Cavabdeh alınaraq ABC X2 Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli 2(012)-2443/2021 saylı məhkəmə əmrinə əsasən borclu Cavabdeh Adı̇ l oğlundan 380.6 manat borc və 20 manat dövlət rüsumunun kreditor ABC X2 Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Borclu Bağırov X4 Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli 2(012)-2443/2021 saylı məhkəmə əmrinə etiraz edərək həmin əmrin ləğv edilib işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli 2(012)- 2443/2021 saylı qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(012)-2443/2021 saylı məhkəmə əmrinin ləğv edilərək, işə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı ABC X2 Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh, ABC Telecom MMC ilə 08.01.2020ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********41558 olan Nokia markalı telefon almış və 380.6 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 570.6 manat (6 ay x 95 manat 10 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********41558 olan Nokia markalı telefon üçün ümumilikdə 380.6 manat borc yaranmışdır. Cavabdeh 08.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********41558 olan Nokia markalı telefonu 25.08.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 190 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 190 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ABC Telecom MMC ilə 08.01.2020-ci il tarixdə bağladığı müqaviləyə əsasən, İMEİ Kodu **********41558 olan Nokia markalı telefon almışdır. O, həmin mobil telefonu bir həftə istifadə etdikdən sonra telefonda problemlər olduğunu görmüş, həmin nasazlıqlara görə telefonu aldığı mağazaya geri qaytarmışdır. Hazırda, onda olmayan mobil telefona görə borcun onun tərəfindən ödənilməli olmadığını hesab etdiyindən göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutları qiymətləndirib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış 08.01.2020-ci il tarixli, 20021621 saylı müqavilədən və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən 15.02.2020-ci il tarixdən 15.07.2020-ci il tarixədək hər ay 95.1 manat ödəniş etməklə İMEİ Kodu **********41558 olan Nokia markalı telefon almışdır. -18.02.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC ilə bağladığı 08.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********41558 olan Nokia markalı telefon almış və nəticədə 380.6 manat borc yaranmış, alqı-satqı qiyməti 570.6 manat (6 ay x 95.1 manat + 0 manat ilkin ödəniş) olan əşya üçün 190 manat pul ödənilməlidir. Cavabdeh həmin telefonu 25.08.2020-ci il tarixədək istifadə etdikdən sonra məhsul 190 manat dəyərində qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. -08.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 08.01.2020-ci il tarixli, 20021621 saylı müqaviləyə əsasən İMEİ Kodu **********41558 olan Nokia markalı telefonu ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -ABC Telecom MMC tərəfindən Cavabdeh ünvanlanmış 25.08.2020-ci il tarixli 10389/2 saylı xəbərdarlıqdan görünür ki, satıcı tərəfindən alıcıya müqavilə üzrə öz razılığı əsasında geri qaytarılmış və 190 manat dəyərində qiymətləndirilərək ümumi borcundan çıxılmış telefona görə qalıq qalmış 190 manat pul vəsaitinin geri ödənilməsi xahiş olunmuşdur. -ABC Telecom MMC-nin 13.07.2020-ci il tarixli xəbərdarlığından görünür ki, ABC Telecom MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu 3 gün müddətində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumlarının Dövlət Reyestri haqqında məlumatların surətindən görünür ki, ABC Telecom MMC adlı qurum 11.10.2006-ci il tarixdə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmişdir. -ABC Telecom MMC-nin 31.08.2021-ci il tarixli 16139/2 saylı məktubundan görünür ki, borclu Cavabdeh ilə 08.01.2020-ci il tarixində “Nokia 6.1 Plus DS” markalı, “**********41558” İMEİ kodlu mobil telefon almaqla, "xxxx" MMC arasında müqavilə bağlanılmışdır. Müqavilə şərtləri pozulduğuna görə, borclu Cavabdeh öz razılığı əsasında, “Nokia 6.1 Plus DS” markalı mobil telefon 25.08.2020-ci il tarixində geri qaytarılmışdır. “Nokia 6.1 Plus DS” markalı mobil telefon 190 manat dəyərində qiymətləndirilmiş və ümumi borcdan silinmişdir. Qalıq borc üzrə aidiyyatı üzrə məhkəməyə müraciət olunmuşdur. Nəticədə 10 mart 2021-ci ildə Abşeron rayon Məhkəməsi (iş № 2(012)- 2443/2021) tərəfindən borclu Cavabdeh "xxxx" MMC-nin xeyrinə cəmi 400.6 manat borcun alınması barədə qətnamə qəbul edilmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 11.08.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bağırov X4 rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 32 saylı evdə qeydiyyatdadır. Mülki Məcəllənin: 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, cavabdeh iddiaçı ABC Telecom MMC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə “Nokia 6.1 Plus DS” markalı mobil telefonu almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara və ABC Telecom MMC-nin təqdim etdiyi 31.08.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçı ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən satıcıya qaytarılmış mobil telefona görə məhsulun qiyməti 190 manat dəyərləndirilərək ümumi borcdan çıxılmış, cavabdehin qalıq borcundan isə 380.6 manat borcunun qalması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddiaçının 380.6 manat borcun tutulmasına dair iddia tələblərini əsaslı hesab edib təmin edilməsi qərarına gəlir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, 08.01.2020-ci il tarixli, 20021621 saylı müqavilə üzrə 380.6 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5. qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. 08.01.2020-ci il tarixli, 20021621 saylı müqavilə üzrə 380.6 (üç yüz səksən manat altmış qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh iddiaçı ABC Telecom MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar