Məhkəmə qərarları › İş №2(012)-2450/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2450/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2450/2021 01.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Kazımovun sədrliyi ilə, X5 oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X1 və digər Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.08.2015-ci il tarixli, 056L**********05 saylı uzun müddətli kredit müqaviləsinə və 04.07.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşmasına xitam verilməsini, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 5213,48 manat kredit borcu, 757,06 manat faiz borcu, 1552,02 manat cərimə borcu olmaqla, ümumilikdə 7522,56 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.08.2015-ci il tarixli, 056L**********05 saylı uzun müddətli kredit müqaviləsinə əsasən, 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 04.07.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 razılaşmanın 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06.04.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2786.52 manat ödəmiş, onun 5213.48 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 29.01.2021-ci il tarixə 298 gün üçün hesablanmış faiz borcu 757.06 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 5 % məbləğində cərimə ödəməlidir. 29.01.2021-ci il tarixə 283 gün üçün hesablanmış cərimə 1552.02 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Odur ki, 21.08.2015-ci il tarixli, 056L**********05 saylı uzun müddətli kredit müqaviləsinə və 04.07.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşmasına xitam verilməsini, cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 5213,48 manat kredit borcu, 757,06 manat faiz borcu, 1552,02 manat cərimə borcu olmaqla, ümumilikdə 7522,56 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X3 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, pandemiya başlayana qədər banka olan borcu vaxtı-vaxtında ödəmiş, sonradan məlum səbəbdən maddi vəziyyətləri pisləşmiş və borcu ödəməkdə çətinliklər yaranmışdır. Banka olan əsas və faiz borcunu qəbul edir, lakin cərimə borcunun azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 cavabdehin nümayəndəsi X3 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış 21.08.2015-ci il tarixli, 056L**********05 saylı uzun müddətli kredit müqaviləsi əsasında 28 % dərəcəsi olmaqla, 120 ay müddətinə, 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən razılaşma əsasında istənilən məbləğ 21 avqust 2025-ci il tarixdən gec olmayaraq verilməlidir. Müqavilənin 1.4-cü bəndinə əsasən verilən kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri tərəflər arasında bağlanan və müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. Cavabdeh1 “xxxx” QSC ilə bağlanmış 04.07.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşmasına əsasında fərdi mikro kredit məqsədi ilə 20 ay müddətinə, aylıq 2.1667 faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. Kredit razılaşmasının 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən kredit alan Ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur. 07.04.2019-cu il tarixli kreditin verilməsi-köçürülməsi qəbzindən görünür ki, Cavabdeh1 8000 manat məbləğində pulu həmin tarixdə İddiaçı QSC-dən imza etməklə almışdır. 5103 saylı, 16.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04.07.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması üzrə banka əsas borcu 5213,48 manat, faiz borcu üzrə 757,06 manat, cərimə borcu üzrə 1552,02 manat olmaqla, cəmi borc 7522,56 manat təşkil edir. 1703 saylı, 22.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 banka olan borcunu ödəməsi barədə xəbərdar olunmuşdur. 1704 saylı, 22.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 banka olan borcunu ödəməsi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 21.08.2015-ci il tarixli, 056L**********05 saylı kredit müqaviləsinə əsasən, İddiaçı QSC-dən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan əlavə, Cavabdeh1 İddiaçı QSC-dən 04.07.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. Sonuncu götürdüyü kredit borcundan 2786.52 manat ödəmiş, 5213.48 manat məbləğində kredit borcu qalmışdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 04.07.2019-cu il tarixli, 056S**********01 saylı zaminlik müqaviləsinə əsasən “Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC qarşısında yaranmış öhdəliyini tam icra etməsi üçün öhdəlik götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu Cavabdeh1 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, 21.08.2015-ci il tarixli, 056L**********05 saylı uzun müddətli kredit müqaviləsi və 04.07.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşmasına xitam verilməlidir. İddiaçı QSC ilə “Zamin” Cavabdeh2 arasında bağlanmış 04.07.2019-cu il tarixli, 056S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, “Zamin” kredit müqaviləsi üzrə “Borclu”nun Kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında “Zamin” “Borclu” Babayev Habil Vəkil oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə və zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh2 İddiaçı QSC qarşısında digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır və buna görə iddia tələbi eyni zamanda müqavilə üzrə zaminə qarşı da təmin edilməlidir. İş materiallarından görünür ki, cavabdehlər tərəfindən müqavilə şərtləri pozulduğuna görə 1552,02 manat məbləğində dəbbə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onların vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehlərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1552,02 manat məbləğində dəbbə pulu azaldılaraq 29,46 manat müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 21.08.2015-ci il tarixli, 056L**********05 saylı uzun müddətli kredit müqaviləsinə və 04.07.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşmasına xitam verilməli, 5213,48 manat kredit borcu, 757,06 manat faiz borcu, 29,46 manat cərimə borcu olmaqla, ümumilikdə 6000 manat məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 21.08.2015-ci il tarixli, 056L**********05 saylı uzun müddətli kredit müqaviləsinə və 04.07.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşmasına xitam verilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5213,48 (beş min iki yüz on üç manat, qırx səkkiz qəpik) manat kredit borcu, 757,06 (yeddi yüz əlli yeddi manat, altı qəpik) manat faiz borcu, 29,46 (iyirmi doqquz manat, qırx altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6000 (altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar