Məhkəmə qərarları › İş №2(012)-2463/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2463/2022

03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2463/2022 03.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçı (Səkinə) Adil qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 03 oktyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı (Səkinə) Adil qızı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 2(011)-2999/2020 saylı, 04 iyun 2020-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 26 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində və əlavə olaraq 200 (iki yüz) manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 11 dekabr 2012-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan 26 oktyabr 2013-cü il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Xətai Rayon Məhkəməsinin 2(011)-3513/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə 26 oktyabr 2013-cü il təvəllüdlü X7 iddiaçı X8 yanında qalması müəyyən edimiş və 13 aprel 2017-ci il tarixindən başlayaraq 26 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay bir uşaq üçün 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 xeyrinə tutulması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-2999/2020 saylı, 04 iyun 2020-ci il tarixində çıxardığı qətnaməyə əsasən, Xətai Rayon Məhkəməsinin 2(011)-3513/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək 26 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda mövcud olan sosial vəziyyətlə əlaqədar 26 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş 170 (yüz yetmiş) manat məbləğində aliment uşağın saxlanması üçün kifayət etmir. Cavabdeh, məhkəmə qətnaməsi əsasında tutulan alimentdən əlavə uşağın saxlanmasında və digər sosial yaşayışı və səhətti ilə bağlı tibbi xərclərdə heç bir şəkildə iştirak etmir. Uşaq təkcə onun öhdəliyindədir və onun bütün xərclərini tək çəkir. Uşaq hazırda orta məktəbdə oxuyur və onun maddi tələbatları artmışdır. Onun geyimləri, məktəb hazırlıqları, tibbi müayinələri, həkim xərcləri və s. kimi xərcləri təkbaşına çəkmək onun üçün çox çətinlik törədir. Özü “X13”da çağrı mərkəzi operatoru kimi işləyərək özünü və qızını dolandıra bilirdi, amma fevral ayında keçirdiyi Covid-19 xəstəliyi ilə əlaqədar salandığında yaranan ciddi problemlərlə əlaqədar işləyə bilmir. Qızının saxlanılması üçün ödənilən alimentin miqdarı az olduğundan və bu giinkü tələblərə cavab vermədiyindən Cavabdeh tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı (Səkinə) Adil qızı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bundan başqa, ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh ilə 11 dekabr 2012-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahdan 26 oktyabr 2013-cü il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Nikah Xətai Rayon Məhkəməsinin 2(011)- 3513/2017 saylı 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra mənim Cavabdeh qarşı irəli sürdüyü istər alimentin minimal artırılması ilə bağlı 2(011)-2999/2020 saylı iş, istərsə də qızılların qaytarılmasına dair 2(012)-676/2019 saylı işdə mənə çətinlik yaratmışdır. Baxmayaraq ki, o cavabdehin uşağı ilə görüşməsinə heç zaman çətinlik yaratmamışdır. Alimentin minimal artırılması ilə bağlı işdə özünü 250 AZN əmək haqqı alan işçi kimi göstərmişdir. Qızılların qaytarılması işində isə qızılların evdən gedərkən özü ilə apardığını yalan olaraq iddia etmişdir. Amma işin halları araşdırılarkən bunun həqiqətə uyğun olmadığı və Cavabdeh qızılların qaytarılmasından boyun qaçırdığından belə ifadə verdiyi məlum olmuşdur. Bundan sonra Ali Məhkəmənin qərarı ilə qızılların əvəzinə ayda 200 AZN məbləğində ödəniş ödəməsi qət edilmişdir. Hal hazırda bu işdə də o özünü işsiz kimi göstərə bilər. Çünki, Cavabdeh hal-hazırda "COCO" qadın geyim mağazasında “menecer” vəzifəsində çalışır və mağaza müdiri onun yaxın dostudur və Cavabdeh belə bir vasitəyə əl ata bilər. Amma onun hal-hazırda o mağazada çalışdığına dair dəlillər var. Və qohumunun verdiyi məlumata əsasən o 800 AZN əmək haqqı alır. Əgər o işsiz olsaydı 175 AZN aliment və ona qaytarmalı olan qızılın əvəzinə ayda 200 AZN ödəyə bilməzdi. Çünki, hal hazırda Cavabdeh ona ayda ümumilikdə 375 AZN ödəyir və o, mən qızı X4 ehtiyaclarını minimal çatdıra bilir. Qızılın əvəzi kimi ödədiyi 200 AZN uşağın repetitor təhsilinə ödəyir. Bu haqda Cavabdeh məlumatlıdır. Amma artıq növbəti aydan Cavabdeh ona çatmalı olan qızılların əvəzinə ödədiyi aylıq 200 AZN ödənişi növbəti aydan bitəcək və artıq qızının bu təhsili üçün məbləği ödəyə bilməyəcəkdir. Xəstəliyi ilə bağlı işə müntəzəm gedə bilmədiyi üçün əmək haqqından tutulma ilə bağlı tam əmək haqqı ala bilməyəcəyi üçün qızı ilə keçinmək üçün 175 AZN tək aliment ilə qızı X3 rifahını təmin edə bilməyəcəkdir. Cavabdeh iddia tələbinə etiraz edərək, qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərin əksinə olaraq, alimentdən əlavə uşağın sosial yaşayışında və səhhəti ilə bağlı tibbi xərclərdə, eləcə də uşağın təminat səviyyəsinin yaxşılaşdırılmasıda iştirak edir. Lakin ata olduğundan qeyd olunanları göstəriş xarakterli qəbzlər və sübutlarla etmir. O, heç bir yerdə işləmir, buna müvafiq olaraq da hər hansı müavinət almır. Cavabdehin özünə hər ay təyin olunmuş alimentdən əlavə aralarında baş vermiş məhkəmə çəkişmələrindən daha birinə əsasən 200 manat məbləğində pul vəsaiti də ödəyir. Alimentin artırılması barədə qətnamənin qəbul edilməsi qətnamənin tərəfidən icra edilməsinə çətinlik yaradacaqdır. Hər ay borc edərək təyin olunmuş aliment məbləğini və əlavə qızılların puluna görə 200 manatı çətinliklə qarşılayır. Qanunvericiliyin mənasına görə zəruri vəsaitimin olmadığı və övladının artıq 3 deyil, 9 yaşının olması iddiaçının xeyrinə aliment məbləğindən əlavə ödənişin tutulmasını istisna edir. Belə ki, iddiaçının alimentdən əlavə 200 manat ödənişi tələb etmək hüququ qanunvericiliklə uşağın 3 yaşına kimi məhdudlaşdırılmışdır. İşləmədiyi, hər hansı zəruri vəsaitə malik olmadığı və əlavə hər hansı gəlirimin olmadığı nəzərə alınmaqla iddia təmin edilməməlidir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəbin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 oktyabr 2013-cü ildə Abşeron rayon Xırdalan şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-3513/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İbrahimova (Quliyeva) Səkinə Adil qızı arasında 11 dekabr 2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 1855 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 26 oktyabr 2013-cü il təvəllüdlü X7 anası X5 yanında qalması, 26 oktyabr 2013cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 13 aprel 2017-ci il tarixdən başlayaraq, hər ay 137 (yüz otuz yeddi) manat məbləğində sabit pul şəkilində aliment tutularaq X6 verilməsi, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2999/2020 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-3513/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh 26 10.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bır yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir. İş materiallarında olan arayış dan görünür ki, X7 (xx.xx.2013) xx.xx.2021-ci il tarixdən “ABC school” təhsil mərkəzində repetitor təhsili alır. Hal hazırda da təhsili davam edir. Məktəbdən sonra 2-ci sinif (rus bölməsi) fənni üzrə repetitor təhsili üçün aylıq 200 AZN ödəniş edir. İşin materiallarında olan 2 saylı Bakı şəhəri ASAN xidmət mərkəzi tərəfindən verilmiş Adın, ata adının və soyadın dəyişdirilməsi barədə 15 dekabr 2021-ci il tarixli, 031092 saylı Şəhadətnamədən müəyyən edilir ki, xx.xx.1989-cu il təvəllüdlü X10 adını “Gülnar” adına dəyişdirdi, bu barədə 15 dekabr 2021-ci il tarixdə akt qeydləri kitabında qeydiyyat aparıldı. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2999/2020 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-3513/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilmiş, 26 oktyabr 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində sabit pul məbləğində aliment İddiaçı (Səkinə) Adil qızının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Cavabdeh isə iddia tələbinə etiraz verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2999/2020 saylı qətnaməsi ilə 26 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün hər ay 170 manat sabit pul məbləğində müəyyən edilmiş aliment artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı (Səkinə) Adil qızına ödənilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. İddia tələbinin əlavə 200 manat əlavə xərclər hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir.Cavabdehin maddi vəziyyəti barədə isə iddiaçı tərəfindən sübut təqdim olunmamışdır.Ona görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı (Səkinə) Adil qızı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 50 manat məbləğində dövlət rüsumunu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməli olduğu halda iddiaçı tərəfindən ödədiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2999/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 26 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı (Səkinə) Adil qızına verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 50 manat dövlət rüsumuna görə pul tutularaq İddiaçı (Səkinə) Adil qızına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar