Məhkəmə qərarları › İş №2(012)-2486/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2486/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2486/2024 04.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh borcun məbləği olan 1 800 (bir min səkkiz) manat miqdarında vəsaitin və ödədiyi 41 (qırx bir) manat dövlət rüsumunun, 115 (yüz on beş) manat Kredit Müqaviləsi haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı 43 saylı saylı notariat ofisinin xüsusi notariusunda onunla Cavabdeh arasında Kredit Müqaviləsi bağlanılmışdır. Kredit Müqaviləsinin 2-ci bəndində göstərildiyi kimi, o, cavabdeh - Cavabdeh xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə Bakı 43 saylı saylı notariat ofisinin xüsusi notariusunda 1 800 (bir min səkkiz yüz) manat borc pul vermişdir. Sözügedən Kredit Müqaviləsi xx.xx.2022-ci il tarixdə Bakı şəhər 43 saylı saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən Reyestr 3M-129 № ilə təsdiq edilmişdir. Müqavilədə göstərilən müddətdən keçsə də, cavabdeh göründüyü kimi kredit götürdüyü məbləği ödəmək niyyətində deyildir. Baxmayaraq ki, o dəfələrlə “Borcalandan” xahiş etmişdir ki, həmin borc məbləğini hissə-hissə də olsa ona qaytarsın, lakin bu günə qədər o öz üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. O, Cavabdeh pretenziya qaydasında da müraciət etmiş, lakin müsbət bir nəticə əldə edə bilməmişdir. Ona görə də Cavabdeh 1 800 (bir min səkkiz yüz) manat borc məbləğini məhkəmə qaydasında tələb edir. Kredit Mqaviləsi bağlanan zaman ondan 115 manat əlavə pul da tələb olunub, həmin 115 manat Kredit Müqaviləsində də qeyd edilmişdir. Bundan əlavə Məhkəməyə iddia ərizəsi verilməsi üçün 41 (qırx bir) manat məbləğində də dövlət rüsumu ödəmişdir. Ona görə də həmin pullar da cavabdehdən alınaraq onun xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, bildirdi ki, kredit müqaviləsində Kredit Müqaviləsi haqqının borc alan tərəfindən ödənildiyi qeyd edilsə də, həmin pulu da o özü ödəyib. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. - İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana 1800 (min səkkiz yüz) manat məbləğində pul borc verir, borc alan borc məbləğini xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini “Borc alan” çəkir. Həmin müqavilə reystrdə 3M-129 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. 115 manat haqq tutulub. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi barədə xəbərdalıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 14 yanvar 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən borc verən borc alana 1800 manat məbləğində pul borc vermiş, borc alan krediti 14 iyul 2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini ona ödəməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin müqavilə əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yanadığı zaman qüvvədə olan maddi hüquq norması) 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yanadığı zaman qüvvədə olan maddi hüquq norması) Beləliklə, məhkəmə hesab edir ki, 1800 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin “Kredit Müqaviləsi haqqının tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, kredit müqaviləsinin 11-ci bəndindən görünür ki, müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini “Borc alan” çəkir. Məhkəmə iclasında iddiaçı həmin xərclərin onun tərəfindən ödənildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir maddi sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşdən görünür ki, iddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına 40 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 38 manat dövlət rüsumu (iddia tələbinin təmin edilmiş hissəsinə nisbətdə) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 2 manatı iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1800 manat məbləğində borc və 38 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 2 manatı iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində borc və 38 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar