Məhkəmə qərarları › İş №2(012)-250/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-250/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-250/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın satışından əldə edilmiş vəsaitdən pulun tutulması barədə ilkin, Cavabdeh İddiaçı qarşı daşınar əmlakların satışından əldə edilmiş vəsaitdən pulun tutulması barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın satışından əldə edilmiş vəsaitdən pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı ildə valideynlərinin şəxsi vəsaiti hesabına ona alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinin satışından Cavabdeh əldə etdiyi 27000 manat məbləğində pulun yarısının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2004-cü ildə nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan iki övladları - xx.xx.2005-ci ildə İlkin və xx.xx.2010-cu ildə Fatimə dünyaya gəlmişdir. Ailə həyatı qurandan sonra 2006-cı ilə kimi valideynlərinə məxsus Binəqədi rayonundakı Xutor qəsəbəsində yerləşən evdə yaşamışlar. 2006-cı ildə valideynləri öz şəxsi vəsaitləri hesabına ona Abşeron rayonunun Masazır kəndində 26000 manat məbləğində pula kürsülü, 3 otaqdan, mətbəx və sanitar qovşağından ibarət fərdi yaşayış evi almışlar. Bu evin hüquq müəyyənedici sənədi olmamışdır. Sonrakı illərdə də belə bir sənəd almamışlar. Həmin evin alınmasına Cavabdeh və valideynləri hər hansı məbləğdə pul verməmişlər. Həmin ev alınandan sonra o, cavabdeh və övladları həmin evə köçmüş və 2006-2011-ci illərdə bu evdə yaşamışlar. xx.xx.2011-ci ildə o, beyin qanaması keçirib insult olmuş və ondan sonra uzun müddət xəstəxanalarda yatmaqla müalicələr almışdır. İnsult olandan sonra onun sağ tərəfi tamam iflic olmuş və eyni zamanda dili tutulmuşdur. Müalicələrdən qayıtdıqdan sonra 2015-ci ilin sonlarına kimi 5 il yataq xəstəsi olmuşdur. Yataq xəstəsi olduğunu və dilinin tutulduğunu gördükdən sonra Cavabdeh ona baxmamış və onunla yaşamaq istəməmişdir. Ona görə də xəstəxanalardan qayıtdıqdan sonra onu valideynləri Binəqədi rayonunun Xutor qəsəbəsində yerləşən evlərinə aparmış, onlar və qardaşı Ramin Babayev, habelə ailəsi onu saxlamış, ona baxmış və müalicə etdirmişlər. Cavabdeh isə heç vaxt onunla maraqlanmamış və öz həyatını yaşamışdır. Hazırda da ona və anasına qardaşı Ramin Babayev və ailəsi baxır. O, iflic olub xəstəxanaya düşdükdən sonra Cavabdeh iki uşağı ilə Abşeron rayonunun Masazır kəndindəki evdə yaşamış və sonra həmin evi kirayəyə verərək Maştağa qəsəbəsində yaşayan valideynlərinin yanına getmiş, orada yaşamağa başlamışdır. Bu yaxınlarda isə eşitmişdir ki, valideynləri tərəfindən ona Masazır kəndində alınmış, qanunla yalnız onun əmlakı sayılan evi Cavabdeh 27000 manata satmışdır. Evin satılmasını cavabdeh ondan və ailə üzvlərindən gizlin saxlamışdır. Ona alınmış, Cavabdeh heç bir aidiyyəti olmayan evi satıb həmin pulu mənimsəməklə cavabdeh ona 27000 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh evin pulundan ona heç bir məbləğ verməmişdir. Cavabdeh iddia tələbi əsasında Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2384/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş hər iki uşaq ananın himayəsinə verilmiş və ondan sabit pul məbləği şəklində hər uşağa görə hər ay 100 manat, cəmi 200 manat məbləğində alimentin tutulması qət edilmişdir. 2011-ci ildə beyin qanaması keçirib iflic olandan sonra - 2012-ci ildə ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir və hazırda hər ay 233,20 manat məbləğində pensiya alır. Cavabdeh valideynlərinin ona aldığı evi 27000 manata sataraq pulun hamısını götürmüş və onun ehtiyacı olduğu halda həmin pulun yarısını verməmişdir. Buna görə də iddia təmin edilməlidir. Cavabdeh İddiaçı qarşı daşınar əmlakların satışından əldə edilmiş vəsaitdən pulun tutulması tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş 50000 manat dəyərində avtomobillərin 2/3 hissəsinin, yəni 33000 manat pulun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər birgə nikahda olduqları zaman ** FB *** dövlət nömrə nişanlı, “FORD” markalı yük, ** RK *** dövlət nömrə nişanlı, “MERCEDES” markalı MİNİK, ** LN *** dövlət nömrə nişanlı, “VAZ-2107” markalı minik və ** RY *** dövlət nömrə nişanlı, “TOYOTA RAV” markalı minik avtomobilləri əldə etmişlər. Bu avtomobillərin orta bazar qiyməti 50000 manat təşkil edir. Onların nikahı məhkəmə qaydasında xx.xx.2020-ci ildə pozulmuşdur. Birgə nikahdan doğulmuş İlkin və Fatimə adlı uşaqlar onun himayəsinə verilmişlər və onların saxlanılmaları üçün İddiaçı hər ay cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Onun hazırda 4000 manat aliment borcu vardır. Belə olan halda birgə nikah dövründə əldə olunmuş avtomobillərin dəyərini təşkil edən 50000 manat pulun 2/3 hissəsi, yəni 33000 manat pul İddiaçı onun xeyrinə tutulmalıdır. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, habelə onun vəkili və nümayəndəsi Nümayəndə2 ilkin iddianı müdafiə etdiklərini, qarşılıqlı iddianı qəbul etmədiklərini bildirdilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddianı müdafiə etdiyini, ilkin iddianı qəbul etmədiyini bildirərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2-ci dərəcə əlilliyə görə hər ay 233,20 manat pensiya alır. İş materiallarında olan 027051 saylı, xx.xx.2016-cı il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı 2-ci dərəcə əlilliyi olan şəxsdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2384/2020 saylı qətnaməsindən görünür ki, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş İlkin və Fatimə adlı uşaqların Cavabdeh himayəsinə verilməsi və onların saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər ay cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Nikahın pozulması haqqında AZ-İ 387494 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikahın pozulması aktı xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Bakı şəhəri 43 saylı Notariat Ofisinin 30 aprel 2022-ci il tarixli, 976 saylı məktubundan görünür ki, İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixdə 7E-21594 saylı reyestrlə mənzilin satılmasına dair ərizə Ofisdə notarius E.B.Qurbanov tərəfindən təsdiqlənmişdir. Bu ərizə bir nüsxədən ibarət tərtib edilmiş və İddiaçı təqdim edilmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X4 və X2 göstərmişlər ki, onlar İddiaçı köhnə qonşularıdır. Bu ailəni 1999-cu ildən tanıyırlar. Masazırdakı evi İnqilaba valideynləri almışlar. Onlar 2006-cı ildən həmin evə köçmüşlər. 2010-cu ildə İnqilab iflic keçirmiş və tərəflərin münasibətləri pisləşərək nikah pozulmuşdur. Əmlak sənədsiz idi. Onu Sevinc satmış, lakin İnqilaba pul verməmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X5 göstərmişdir ki, o, İddiaçı əmisi oğludur. Mübahisəli ev İnqilabın öz vəsaiti və atasının köməyi ilə alınmışdır. Ev birgə nikah zamanı alınmışdır və sənədi yox idi. Əmlakı Cavabdeh satmış, pulundan İnqilaba heç bir məbləğ ödəməmişdir. Şahid xx.xx.2021-ci il tarixli teleqramından görünür ki, o, Cavabdeh Masazır kəndində yerləşən sənədsiz və təmirsiz evi 27000 manata almışdır. O zaman satıcı bildirmişdir ki, evi ərinin müalicə olunması üçün satır. Evin satılmasına İddiaçı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. 27000 manat pul Cavabdeh verilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflərin nikahı xx.xx.2004-cü il tarixdə qeydə alınmış, birgə nikahdan 2 uşağı anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2384/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, azyaşlı uşaqların analarının yanında qalmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər ay cəmi 200 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsinə görə ərarvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə görə ərarvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, yaxud əmanətin kimi adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak hesab edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İşin faktiki hallarından görünür ki, tərəflər birgə nikahda olarkən onların sahibliyində Masazır kəndində fərdi yaşayış evi olmuşdur. Bu əmlakın sənədi olmamışdır. Tərəflərin izahatlarından məlum olur ki, ev satılmışdır. Bu zaman İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2012-ci il tarixli razılıq ərizəsi vermişdir. İşdən görünür ki, əmlak satıldıqdan sonra tərəflər 2020-ci ilədək (8 il) birlikdə yaşamış və birgə təsərrüfat aparmışlar. Belə olan halda isə əmlakın satışından əldə edilmiş vəsaitin ailənin ümumi ehtiyacları üçün deyil, təkcə Cavabdeh tərəfindən xərclənməsi barədə ilkin iddia üzrə iddiaçının dəlili öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, mübahisəli əmlakın satılması öz təsdiqini tapsa da, satışdan əldə edilən məbləğin yalnız Cavabdeh tərəfindən xərclənməsi barədə iş materiallarında mötəbər sübut yoxdur. Məhkəmə iclasında ifadə vermiş şahidlərə gəlincə, bu ifadələr ailə daxili maliyyə məsələlərinin hansı qaydada həll edilməsini müəyyən edə bilməz. Bu şahidlərin ifadələri İddiaçı onlara verdiyi və eşitdikləri məlumatlardan ibarətdir. Vəsaitin ailə daxilində tərəflərin birgə xərcləməsi ehtimalını əmlakın satılmasına İddiaçı tərəfindən notarial qaydada razılıq ərizəsi verilməsi gücləndirir. Bu hallara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia ərizəsindəki dəlillər iş materialları ilə öz təsdiqini tapmadığından ilkin iddia təmin edilməməlidir. Qarşılıqlı iddiaya gəlincə, məhkəmə bu tələblə də razılaşmır, çünki Cavabdeh birgə nikah zamanı 4 ədəd 50000 manatlıq avtomobil əldə edilməsini göstərsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə ilkin və qarşılıqlı iddia tələblərində göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, hər iki iddia əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə görə, MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın satışından əldə edilmiş vəsaitdən pulun tutulması barədə ilkin, Cavabdeh İddiaçı qarşı daşınar əmlakların satışından əldə edilmiş vəsaitdən pulun tutulması barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar