Məhkəmə qərarları › İş №2(012)-2505/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2505/2023

23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2505/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 03 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün Abşeron rayon Məhkəməsinin 2(012)- 2078/2015 saylı, 21 may 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 03 sentyabr 2011-ci ildə X3 adlı bir uşaqları doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2078/2015 saylı, 21 may 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən X2 təminatı üçün hər ay sabit pul məbləğində 108 manat miqdarında alimentin alınaraq ona ödənilməsi müəyyən edilmişdir. Hazırkı şəraitdə onun bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməsi mümkün deyildir. Uşaq artıq böyüyür, onun xərcləri əvvəlki miqdarda deyildir. 2023-cü il üçün bir uşağın saxlanması üçün yaşayış minimumu olan məbləğ belə hazırkı aliment məbləğindən xeyli çoxdur. Buna görə də 03 sentyabr 2011-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan aliment miqdarının artırılması ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəbin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-2078/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Baxşəliyeva Ay-Sel Əbülfət qızı ilə Cavabdeh arasında 26 yanvar 2010-cu il tarixdə 33 nömrə ilə Abşeron rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydinin pozulması, 03 sentyabr 2011-ci il təvəllüdlü X2 anası Baxşəliyeva Ay-Sel Əbülfət qızının yanında qalması müəyyən edilmiş, Cavabdeh 03 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Baxşəliyeva Ay-Sel Əbülfət qızına ödənilməsi, Cavabdeh 20 manat dövlət rüsumunun əvəzinin alınaraq dövlət büdcəsinə köçürülməsi, alimentin tutulmasının əvvəlinin 09 aprel 2015-ci il tarixdən hesablanması qət edilmişdir. Abşeron rayon qeydiyyat şöbəsinin 15 fevral 2019-cu il tarixli AZ-İ 315240 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Baxşəliyeva Ay-Sel Əbülfət qızı ilə Cavabdeh arasındakı nikah pozulmuş, bu barədə nikahın ləğv olunması haqqında akt qeydləri kitabında 06 noyabr 2015-ci ildə 207 saylı qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra arvada Məhərrəmova soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 anadan olmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-2078/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Baxşəliyeva Ay-Sel Əbülfət qızı ilə Cavabdeh arasında 26 yanvar 2010-cu il tarixdə 33 nömrə ilə Abşeron rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydinin pozulması, 03 sentyabr 2011-ci il təvəllüdlü X2 anası Baxşəliyeva Ay-Sel Əbülfət qızının yanında qalması müəyyən edilmiş, Cavabdeh 03 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Baxşəliyeva Ay-Sel Əbülfət qızına ödənilməsi, Cavabdeh 20 manat dövlət rüsumunun əvəzinin alınaraq dövlət büdcəsinə köçürülməsi, alimentin tutulmasının əvvəlinin 09 aprel 2015-ci il tarixdən hesablanması qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 03 sentyabr 2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə tutulmuş alimentin miqdarı olan 108 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 108 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 108 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. İddiaçı tələb etdiyi hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehin ödəməyə imkanının olub-olmamasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, o, buna dair hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı təyin edilərkən, 2023-cü il üçün uşaqların yaşayış minimumunun 220 manat məbləğində nəzərdə tutulmasını da əsas götürərək, alimentin məbləğinin artırılaraq 160 manat müəyyən edilməsini lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşağın mənafeyini nəzərə alaraq, 03 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-2078/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, Cavabdeh 03 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-2078/2015 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 03 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar