Məhkəmə qərarları › İş №2(012)-2505/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2505/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2505/2024 21.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6050 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 80,50 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla qonşuluqda yaşayan Cavabdeh 2023-cü ilin sentyabr ayının 1-də onunla ortaq biznes qurmaq fikri olduğunu bildirərək ondan 6050 manat məbləğində pul istəmiş, bunun müqabilində ona hər ay 800 manat məbləğində pul verəcəyini bildirmişdir. O, cavabdehə əvvəlcə 5300 manat məbləğində pul vermiş, bundan sonra oktyabr və noyabr aylarında cavabdeh ona ortaq biznesdən əldə olunan qazancdan 800 manat ödəniş etmiş, dekabr ayının 1-də verməli olduğu 800 manat pulu isə hissə-hissə vermiş və qalan 250 manat məbləğində hissəsini qaytarmamışdır. O, cavabdehə sonradan 5300 manata əlavə olaraq ödənişlər etmiş, beləliklə, cavabdehə verdiyi borc məbləği 6050 manat olmuşdur. Daha sonra Cavabdeh ilə ortaq qurduqları biznes pozulmuşdur, lakin buna baxmayaraq Cavabdeh ondan aldığı 6050 manat məbləğində pulunu qaytarmamışdır. Cavabdeh borc məbləğini ona 2024-cü ilin yanvar ayında tamamilə qaytarmağı vəd etsə də cavabdeh bu vədinə əməl etməmişdir. Halbuki cavabdeh ondan 6050 manat almış və daha sonra həmin puldan ona heç bir məbləğ qaytarmamışdır. O, borcunu ödəməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, hətta cavabdeh ona borcunu ödəməyəcəyini bildirmişdir. O da məcburiyyət qarşısında qalaraq polis idarəsinə müraciət etməli olmuş, araşdırmanın nəticəsi olaraq Abşeron RPİ tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və həmin qərarın nəticə hissəsində məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Cavabdeh ona, ümumilikdə, 2550 manat məbləğində ödəniş etmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, o, bazarda məktəb ləvazimatlarının satışı biznesi ilə məşğul olur. İddiaçı özü onunla ortaq olmağı təklif etmiş, o da bunun üçün iddiaçıdan 5000 manat ödəməsini istəmişdir. Daha sonra iddiaçı ona 5000 manat deyil, 5300 manat məbləğində pul vermişdir və o, iddiaçıya borca görə hər ay 800 manat ödəyəcəyini vəd etmişdir. Borc aldıqdan sonra o, İddiaçı birinci ay üçün 1100 manat, ikinci ay üçün 800 manat, üçüncü ay üçün isə 650 manat olmaqla, ümumilikdə, 2550 manat ödəniş etmişdir. Daha sonra iddiaçı ondan borcunu ödəməsini təkidlə tələb etmiş, o da əsəbiləşərək iddiaçıya borcunu ödəməyəcəyini bildirmişdir. Bu səbəbdən İddiaçı polis idarəsinə müraciət etmiş, o da polis idarəsində ifadə verərək borcunu qısa müddət ərzində qaytaracağını bildirmişdir. Bundan əlavə o, iddiaçıdan aldığı pul məbləğinə görə ümumilikdə, 4000 manat məbləğində ödəniş etməyə razı olduğunu, həmin məbləği sentyabr ayının axırına kimi qaytaracağını bildirdi və bununla bağlı məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan Sumqayıt ŞPİ-nin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, Cavabdeh izahatında Həmzəli adlı şəxsdən, ümumilikdə, 5300 manat pul aldığını, həmin məbləğin 2450 manatını qaytardığını, hal-hazırda 2850 manat borcunun qaldığını və 2024-cü ilin aprel ayının sonlarına qədər Həmzəli adlı şəxsə olan borcunu tam ödəyəcəyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh ortaq biznes qurmaq məqsədilə 6050 manat məbləğində pul vermiş, Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini, sözügedən pul məbləğinin 2550 manat məbləğində hissəsini iddiaçıya qaytardığını və hazırda iddiaçıya 4000 manat borcu olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki,iddia tələbi üzrə cavabdeh tərəfindən 4000 manat borcun olması etiraf edildiyindən, Cavabdeh 4000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 80,50 manatın iddianın təmn olunmuş hissəsinə mütənasib olan 60 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat məbləğində pul və 60 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar