Məhkəmə qərarları › İş №2(012)-2510/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2510/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2510/2022 21.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 32900 manat və ödənilmiş dövlət rüsumu üçün 170 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, «Lukoyl»-un Lənkəran şəhərindəki yanacaqdoldurma məntəqəsinin müdiridir. 24 aprel 2020-ci il tarixdə Xırdalan şəhər sakini Cavabdeh Lənkəran şəhərinə gəlib onunla görüşərək dəyəri 210.000 manat olmaqla 350.000 litr həcmində dizel yanacağını ona satmağı təklif etmişdir. Onlar 24 aprel 2020-ci il tarixdə 1 litri 0,60 manatdan olmaqla 210.000 manat dəyərində 350.000 litr dizel yanacağının cavabdehə satılması barədə qarşılıqlı razılığa gəlmişlər. İlkin olaraq o, Məzahir Nıftəliyevə 21 iyun 2020-ci il tarixdə 34840 litr dizel yanacağı vermişdir. Həmin dizel yanacağını ona məxsus ** LH *** dövlət qeydiyyat nişanlı “MAN” markalı yanacaq daşıyan maşınla cavabdehin göstərdiyi ünvana, yəni Şirvan şəhərinə göndərib təhvil vermişdir. Cavabdeh həmin dizel yanacağının dəyərini, yəni 20.904 manat pulu qısa müddətdə verəcəyini bildirsə də, heç bir məbləğ ödəməmiş, əksinə növbəti dəfə 2020-ci ilin iyul ayında yenidən 12.000 manat dəyərində 20 ton yanacaq istəyərək həmin yanacaqların pullarını bir yerdə ödəyəcəyini bildirmişdir. Ona inanaraq aralarında etibar yarandığına görə 20 ton yanacağı da Cavabdeh vermiş və o, həmin yanacağı özünün göndərdiyi maşınla aparmışdır. Cavabdeh iki dəfəyə 34.840 litr və 20 ton yanacağı ondan alıb aparmasını etiraf etsə də, dəfələrlə onunla telefonla əlaqə saxlayaraq aldığı dizel yanacağının pulunu ödəməsini tələb etməsinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Cavabdeh onu aldatdığını və pulu ödəməkdən yayındığını görüb onunla telefonla danışarkən izah etmişdir ki, telefonunda xüsusi proqram var və onun özünün razılığı ilə telefon danışığını qeydə alır. Həmin danışıqda Cavabdeh səsinin yazılmasına heç bir etiraz etmədiyini, ona olan borcunu tamamilə etiraf edərək tezliklə konkret olaraq müddət göstərməklə borcu ödəyəcəyini bildirmişdir. Bununla belə, o yenə də sözünə əməl etməmiş və borcu ödəməmişdir. Göründüyü kimi, Cavabdeh özünün razılığı ilə telefonla onun səsi yazılmış və o, hər dəfə borclu olduğunu tam olaraq etiraf etsə də, faktiki olaraq həmin pulu ödəməkdən yayınmışdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə etdi ki, cavabdeh iddiaçıya olan borcundan 900 manat ödəniş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, Cavabdeh İddiaçı iddia tələbini qəbul etdiyini, tələb edilən borcdan 900 manat ödədiyini və yerdə qalan borcun ondan tutulmasına razı olduğunu bildirmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəmə qəbzindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə 900 manat pul ödəmişdir. İşdə olan 11 may 2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh İddiaçı iddia tələbini qəbul etdiyini, tələb edilən borcdan 900 manat ödədiyini bildirmiş və onun hazırda 32000 manat borcu qaldığını etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında dizel yanacağının alqı-satqısına dair şifahi razılaşma olmuş, iddiaçı cavabdehə 32900 manatlıq yanacaq vermiş, lakin Cavabdeh bundan yalnız 900 manat pul ödəmişdir. İşin faktiki hallarından, işdə olan bir sıra mötəbər sübutlardan, o cümlədən cavabdehin özünün etirafından görünür ki, cavabdehin iddiaçıya yanacaq alınması ilə əlaqədar cəmi 32000 manat borcu qalmışdır. Bu məbləğ iddiaçı tərəfindən də təkzib edilmir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 32000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 170 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 32000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 170 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar