Məhkəmə qərarları › İş №2(012)-2514/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2514/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2514/2024 11.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4038/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh alınmalı olan alimentin məbləğinin dəyişdirilərək, Cavabdeh hər ay xx.xx.2014-cü il təvəllüdlü X2 üçün 235 manat, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün 235 manat məbləğində, cəmi 470 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 13 oktyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-ci il təvəllüdlü Məhəmməd, xx.xx.2014-cü il tarixdə Hüseyn adlı uşaqları doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2013-ci il təvəllüdlü Məhəmməd, xx.xx.2014-cü il tarixdə Hüseynin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayda 136,6 manat, cəmi 273.2 məbləğində aliment alimentin tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 06 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2013-ci il təvəllüdlü Məhəmməd, xx.xx.2014-cü il tarixdə Hüseynin yetkinlik yaşma çatanadək saxlanması üçün hər ayda 160 manat, cəmi 320 manat məbləğində aliment alimentin tutulması qət edilmişdir. Hal-hazırda uşağın Məhəmmədin 10, Hüseynin 9 yaşı vardır. Abşeron Rayon Məhkəməsinin çıxarmış olduğu qətnamədə qeyd olunmuş məbləğ uşağın heç bir tələbatını ödəmir. Uşağın məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildən hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşağın maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, uşaqlar artıq böyüyüb və onların tələbatı artıb. O isə həmin tələbatları ödəməkdə çətinlik çəkir. Əlavə olaraq bildirdi ki, oğlu Hüseyn cırtdanboyluluqdan əziyyət çəkir və skaliozu var. Digər oğlu Məhəmmədin isə qulağında problemlər var və hər iki övladına görə bu vəziyyət üçün çoxlu xərcləri çıxır. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirdi ki, maddi imkanı yoxdur, ona görə də artıq aliment ödəyə bilməyəcək. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ 216176 saylı və AZ-İİİ 426073 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqlar doğulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2246/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan doğulan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 136.6 manat, cəmi 273.2 manat sabit pul məbləğində alimentin 24 fevral 2017-ci il tarixdən hesablanaraq Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4038/2021 saylı, xx.xx.2021-ci il tarxili qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2246/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər ay hər bir uşaq üçün 136.6 manat, cəmi 273.2 manat ödənilməli olan alimentin məbləği artırılması, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4038/2021 saylı, xx.xx.2021-ci il tarxili qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4038/2021 saylı, xx.xx.2021-ci il tarxili qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar