Məhkəmə qərarları › İş №2(012)-2516/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2516/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2516/2021 17.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə 17 iyun 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 «xxxx» ASC-nin xeyrinə əsas borcuna görə 2414,84 manat, faiz borcuna görə 164,30 manat olmaqla, cəmi 2579,14 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, «xxxx» ASC ilə Cavabdeh1 arasında 29.03.2018-ci il tarixli, 491nkSUM/18 saylı kredit və bank hesabı müqaviləsinə əsasən, illik 18 % dərəcəsi olmaqla 48 ay müddətinə 4231 manat məbləğində kredit limiti cavabdehə verilmişdir. Həmin kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış cərimə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Nəticədə 29.03.2018-ci il tarixli, 491nkSUM/18 saylı kredit və bank hesabı müqaviləsi üzrə 26.02.2021-ci il tarixinə kredit borcu 2414,84 manat, faiz borcuna görə 164,30 manat, cərimə borcuna görə 30,61 manat olmaqla, cəmi 2579,14 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 29.03.2018-ci il tarixli, 491nkSUM/18 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, «xxxx» ASC ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh1 illik 18 % dərəcəsi olmaqla 48 ay müddətinə 4231 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan «xxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2018-ci il tarixli, 491nkSUM/18 saylı zaminlik müqaviləsindən görünür ki, 29.03.2018-ci il tarixli, 491nkSUM/18 saylı kredit və bank hesabı müqaviləsinin təmini üsulu kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 17 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 29.03.2018-ci il tarixli, 491nkSUM/18 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 17 iyun 2021-ci il tarixinə 2234,79 manat əsas borc, 153,50 manat faiz borcu olmaqla ümumilikdə 2388,29 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı bank Cavabdeh1 əsas borcuna görə 2414,84 manat, faiz borcuna görə 164,30 manat olmaqla, cəmi 2579,14 manat məbləğində pulun tutulmasını xahiş etsə də, iş materiallarında olan 17 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən göründüyü kimi Cavabdeh1 17 iyun 2021-ci il tarixinə 2234,79 manat əsas borc, 153,50 manat faiz borcu olmaqla ümumilikdə 2388,29 manat borcu vardır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən 2234,79 manat əsas borc, 153,50 manat faiz borcu olmaqla ümumilikdə 2388,29 manat borc tutularaq «xxxx» ASC-yə ödənilməlidir. Belə ki, tərəflər arasında 29.03.2018-ci il tarixli, 491nkSUM/18 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 29.03.2018-ci il tarixli, 491nkSUM/18 saylı kredit müqavilə üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 (borcalan) kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 29.03.2018-ci il tarixli, 491nkSUM/18 saylı müqaviləyə əsasən, 2234,79 manat əsas borc, 153,50 manat faiz borcu olmaqla ümumilikdə 2388,29 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq «xxxx» ASCyə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar