Məhkəmə qərarları › İş №2(012)-2545/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2545/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2545/2023 12.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3063/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 19 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə nikahları 10 sentyabr 2020-ci il tarixdə pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-996/2019 saylı qətnaməsi ilə Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsinin 19 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün və həmin uşağın üç yaşına çatanadək hər ay 100 manat məbləğində pulun 21 yanvar 2019-cu il tarixdən başlayaraq tutularaq X3 verilməsi qət edilmişdir. Bundan sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-3063/2022 saylı 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-996/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirlərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Həmin qətnamə ilə tutulan alimentin məbləği uşaqların minimum tələbatının ödənilməsinə yetmir. Həmin aliment məbləği həmin zaman uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Həmin məbləğ də uşağın düzgün inkişafı üçün yetərli deyildir. Hal-hazırda iddiaçı azyaşlı övladı ilə onların, yəni valideynlərinin himayəsində yaşayır. Uşaq baxçaya və müəyyən dil, musiqi dərnəklərinə gedir. Bunların hər birisi də əlavə olaraq xərc tələb edir. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çox çətindir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, AR Ailə Məcəlləsinə əsasən, tərəfin maddi vəziyyətində dəyişiklik olarsa, aliment artırıla bilər. Lakin iddiaçı özü müəllimədir və işləyir. Odur ki, o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 097938 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 19 avqust 2018-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X4r. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-996/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin olunmuş, Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsinin 19 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün və həmin uşağın üç yaşına çatanadək hər ay 100 manat məbləğində pulun 21 yanvar 2019cu il tarixdən başlayaraq tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3063/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-996/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2023-cü il üçün uşaqların yaşayış minumumunu nəzərə almaqla, 19 avqust 2018-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Bundan başqa iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3063/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 19 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar