Məhkəmə qərarları › İş №2(012)-2546/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2546/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2546/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın alınması məqsədi ilə verilmiş 1500 manat behin iki mislinin, yəni 3000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08 avqust 2024-cü il tarixdə daşınmaz əmlak agentliyində Cavabdeh ilə onun ünvan 1 ünvanında yerləşən 3 otaqlı 33 saylı həyət evini almaq məqsədilə beh müqaviləsi bağlamışdır. Həmin vaxt Cavabdeh 500 manat beh vermiş, bu məbləğ müqavilədə qeyd olunmuşdur. 11 avqust 2024-cü il tarixdə Nazim ona zəng edərək xəstələri olduğu üçün əlavə 1000 manat da göndərməyini xahiş etmiş, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən “Narınc” marketdəki terminaldan 1000 manat pulu Cavabdeh kartına göndərmişdir. Sonra həmin məbləğ də alqı-satqıya dair beh müqaviləsində qedy olundu. Müqaviləyə görə 12 avqust 2014-cü il tarixdə alqı-satqı həyata keçirilməli idi. Lakin Cavabdeh məlum olmayan səbəblərə görə alqı-satqının vaxtını uzatdı. Təxminən bir aydan sonra alqı-satqı etməyə razılıq verdi. Razılaşıldı ki, alqı-satqı Bakı şəhərində, 43 saylı notariusda həyata keçirilsin. Natariusda sənədlər yoxlanıldıqda məlum oldu ki, Cavabdeh evin kommunal xərclərinə görə 700 manat borcu vardır. Dörd nəfər həmin evdə qeydiyyatdadır, nə zaman qeydiyyatdan çıxacaqları isə məlum deyil. O, Nazimə bildirmişdir ki, kommunal xərcə görə olan borcu və qeydiyyatda olan şəxslərə görə pul saxlayacaqdır. Cavabdeh bununla razılaşmayaraq notariusda səs-küy salmış, evi satmaqdan imtina etmişdir. Cavabdeh notariusdan getdiyinə görə o, 80 manat cərimə ödəmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh qeyd olunan evi ona satmamış, beh kimi verilmiş pulu ona qaytarmamışdır. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilsə də, nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. O, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X3 göstərdi ki, daşınmaz əmlakın alqısatqısı ilə məşğul olur və vasitəçi kimi müqavilə tərəflərindən haqq alır. Hazırki iş üzrə tərəflər onun ofisində 08 avqust 2024-cü il tarixdə beh müqaviləsi bağlamışlar. Həmin gün iddiaçı cavabdehə 500 manat, 5 gün sonra isə 1000 manat beh vermişdir. Lakin sonradan onlar arasında evin alqı-satqısı baş tutmamışdır. Bunun təqsiri Cavabdehdır, çünki evdə başqa şəxs qeydiyyatda idi, evin kommunal borcu var idi. Məhkəmə iclasında şahid X4 digər şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını və şahidlərin ifadələrini araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2024-cü il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı 67000 manata ünvan 1 ünvanında yerləşən 3 otaqlı 33 saylı həyət evini almaq məqsədilə Cavabdeh 500 manat beh vermişdir. Əmlakın alqısatqısı xx.xx.2024-cü il tarixdə həyata keçirilməlidir. xx.xx.2024-cü il tarixdə əlavə 1000 manat da beh verilmiş, behin cəmi məbləği 1500 manat təşkil etmişdir. İşdə olan Abşeron rayon Polis İdarəsinin TŞ-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh barədə şikayət ərizəsi əsasında toplanmış materialın aidiyyəti üzrə Abşeron RPİ-nin İstintaq şöbəsinə göndərilməsi və bu haqda maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 460.3-cü maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 491.1-ci maddəsinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, alqı-satqı agenti X1 iştirakı ilə xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında beh müqaviləsi bağlanmış, beh verən İddiaçı ünvan 1 ünvanında yerləşən 3 otaqlı 33 saylı həyət evini aldığına görə Cavabdeh cəmi 1500 manat beh vermiş, müqavilədə göstərilən daşınmaz əmlakın ümumi qiyməti 67000 manata razılaşdırılmış, beh verən İddiaçı qalan pulu xx.xx.2024-cü il tarixə qədər Cavabdeh ödəməyi, beh alan isə həmin tarixdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz üzərinə götürmüşlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü ildə İddiaçı ilə bağladığı beh müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər yaşayış sahəsinə aid alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öhdəsinə götürmüş, lakin sonradan bu evi iddiaçıya satmaqdan imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, behin məbləğini müqavilə üzrə tərəflər cəmi 1500 (500+1000) manat müəyyən etmişlər. İşdən görünür ki, hazırki tarixədək Cavabdeh iddiaçıya götürdüyü 1500 manat behin ikiqat hissəsini, yəni 3000 manatı qaytarmamışdır. Buna görə də məhkəmə hazırki iddianı bu məbləğdə əsaslı hesab edir və iddianın təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə, eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 manat və dövlət rüsumu üçün ödənilmiş 50 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar