Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2562/2021 27.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X12 Kazımovun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1502/2012 saylı, 22 avqust 2012-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 14 may 2007-ci il təvəllüdlü X4 və 04 iyun 2008-ci il təvəllüdlü X2 üçün cavabdehdən hər uşağa görə 175 manat olmaqla, 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 04 aprel 2008-ci ildə qeydə alınmış rəsmi nikah 19 mart 2012-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-462/2012 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən, tərəflərin birgə nikahlarından anadan olan 14 may 2007-ci il təvəllüdlü X10 və 04 iyun 2008-ci il təvəllüdlü X11 iddiaçının himayəsinə verilmişdir. Həmçinin, Abşeron Rayon Məhkəməsinin 2(012)-1502/2012 saylı, 22 avqust 2012-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş 14 may 2007-ci il təvəllüdlü X10 və 04 iyun 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləği hər ay hər uşağa görə 87 manat olmaqla, ümumilikdə 174 manat sabit pul məbləğində tutulması qət edilmişdir. Tərəflərin birgə nikahlarından anadan olan övladları məktəblidir, iddiaçı 2012-ci ildən bəri alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Uşaqların hər il gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumu məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların tələbatlarını ödəmir. Məktəb xərcləri, həmçinin gündəlik məişət xərclərinin ödənilməsi üçün iddiaçının maddi imkanı kifayət etmir, cavabdehin isə maddi durumu olduqca yaxşıdır. Bu səbəbdən, iddiaçı alimentin miqdarının artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Yaşayış Minimumu haqqında Qanuna əsasən 2021-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil edir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1502/2012 saylı, 22 avqust 2012-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 14 may 2007-ci il təvəllüdlü X4 və 04 iyun 2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi, vəkil X8 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, yeni ailə həyatı qurmuş, lakin yeni evliliyindən uşağı yoxdur. Hazırda heç bir yerdə işləmədiyi üçün tələb olunan 350 manat aliment pulunu ödəyə bilmir, maddi imkanı 250 manat aliment pulunu ödəməyə imkan verir. İşləri və maddi vəziyyəti düzələcəyi halda daha çox aliment pulu ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 14 may 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası - Cavabdeh, anası - X5r. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 04 iyun 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası - Cavabdeh, anası - X5r. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 22 may 2013-cü il tarixdə verilmiş AZ-İ № 160774 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X9 arasında olan nikah 2012-ci ilin iyun ayının 7-ci günündə pozulmuş, qadına Əmiraslanova soyadı verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1502/2012 saylı, 22 avqust 2012-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 14 may 2007-ci il tarixdə anadan olmuş X10 və 04 iyun 2008-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 87 manat olmaqla, ümumilikdə 174 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti MKTİİTS-i 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh əmək kitabçasına əsasən 07.03.2018-ci il tarixdən heç bir yerdə işləmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilənlərlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanununvericiliyin sadalanan normalarının mənasına görə alimentin müəyyən edilməsi birinci növbədə uşaqların mənafeləri təmin edilməklə, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına cəlb olunmasından ibarətdir. Alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alınır, lakin bu zaman əsasən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır və bu məqsədlə hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu qanunla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər bir uşaq üçün 175 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, 14 may 2007-ci il təvəllüdlü X4 və 04 iyun 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment artırılaraq, İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, alimentin bu məbləğdə tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1502/2012 saylı, 22 avqust 2012-ci il tarixli qətnaməsi ilə cavabdehdən 14 may 2007-ci il təvəllüdlü X4 və 04 iyun 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay tutulması qət edilmiş 174 manat alimentin miqdarı artırılsın və 14 may 2007-ci il təvəllüdlü X4 və 04 iyun 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Alimentin bu məbləğdə tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-2562/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2562/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver