Məhkəmə qərarları › İş №2(012)-2600/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2600/2021

15.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2600/2021 15.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə 15 noyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu “Gənclər Şəhərciyi” yaşayış kompleksi, blok 30-da yerləşən 17 saylı mənzilinə vurmuş ziyana görə 5 000 (beş min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının qonşusudur və Abşeron rayonu “Gənclər Şəhərciyi” yaşayış kompleksi, blok 30-da yerləşən 21 saylı mənzilin sahibidir. Həmin mənzildə cavabdeh özü yaşamır və yarı-yarımçıq təmir edərək, kirayə vermişdir. Belə ki, cavabdehə məxsus mənzildən iddiaçının evinə su axıdılması ilə bağlı məlumat vermiş və tədbir görülməsi üçün ondan xahiş etmişdir. Cavabdeh onun sözlərinə məhəl verməyərək evində heç bir problem olmadığını deyərək, iddiaçının dediklərindən boyun qaçırmışdır. İddiaçı dəfələrlə evinin tavanını dəyişmiş, çilçıraqları yeniləmiş, divar kağızı dəyişmiş yataq otağını təmir etdirmiş və bir sözlə evini dəfələrlə əsaslı təmir etdirmişdir. Evinin bütün işıq sistemi yararsız hala düşmüşdür. Su axıdıldığı üçün dəhliz və yataq otağının işıq sistemi sıradan çıxmışdır. Hər dəfə təmir və usta pulu üçün iddiaçının ümumilikdə 5 000 (beş min) manat məbləğində xərc çəkmişdir. Cavabdehin bu hərəkətlərindən iki ildir ki, əziyyət çəkir. Bununla bağlı bir çox yerlərə, polisə, komendantlığa, MKİS-ə müraciət etsə də, bir nəticəsi olmamışdır. Onun mənzili cavabdeh tərəfindən qanunsuz şəkildə yararsız hala düşdüyüna görə hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə alınmış ekspert rəyi ilə razı olmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Gənclər şəhərciyi komendantı Elman Məmmədov, sahə nəzarətçisi Zahid Quliyev, santexnik Hüseyn Namazov tərəfindən tərtib edilmiş 02.11.2020-ci il tarixli aktdan müəyyən edilir ki, onlar tərəfindən ünvan 1 ünvanına həmin mənzilin sahibi İddiaçı müraciəti əsasında baxış keçirildi və mütəxəssis tərəfindən müəyyən edildi ki, blok 30 mənzil 17 ünvanına, yuxarı mərtəbədə yaşayan Cavabdeh məxsus 21 nömrəli mənzildən su axıdılaraq ziyan vurulmuşdur. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alınmış 26.12.2007-ci il tarixldə verilmiş AMS N 002454 nömrəli Mənzil Sertifikatından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şosesinin şərq hissəsində yerləşən “X2” MMC-yə məxsus dəyəri 32.228.25 manat, ümumi sahəsi 67.85 kv.m, yaşayış sahəsi 34.92 kv.m, qeyri-yaşayış sahəsi 32.93 kv.m olan 2 otaqlı mənzilin sahibi X1r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2021-ci il tarixli, 10/3620 nömrəli ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 17 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 21 saylı mənzilin isə binanın 5-c1 mərtəbəsində yerləşdiyini, 17 saylı mənzilin yaşayış otağı tikilisinin divar və tavanında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə mənzilin yerləşdiyi komendantının, mühəndisinin, sahə rəisinin və santexnikinin imzaları ilə təsdiq olunaraq 02 noyabr 2020-ci il tarixdə tərtib etdiyi AKT-ın məlumatlarını nəzərə alaraq, Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksində yerləşən, 30 saylı blokun, 17 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 21 saylı mənzildən su axıdılığı və nəticədə 17 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur.Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksində yerləşən 30 saylı blokun, 17 saylı su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1749,0 manat məbləğində olduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçıya məxsus Abşeron rayonu, Gənclər Şəhərciyi yaşayış kompleksi, blok 30-da yerləşən 17 saylı mənzilinə Cavabdeh məxsus 21 saylı mənzildən su sızmışdır. Bu barədə 02 noyabr 2020-ci il tarixli akt da tərtib olunmuşdur. İddiaçı tərəfin izahatına görə bu hal 2019-cu ildən başlayaraq dəfələrlə baş vermişdir. Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, Abşeron rayonu, Gənclər Şəhərciyi yaşayış kompleksi, blok 30-da yerləşən 17 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1749 manat məbləğindədir. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından məhkəmə həmin məbləğlə razılaşır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh məxsus mənzildən su sızma nəticəsində iddiaçıya məxsus mənzilə dəymiş maddi ziyanın 1749 manat məbləğində pul vəsaiti çavabdehdən tutularaq İddiaçı verilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 50 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 25 manatı cavabdehə, 25 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus Abşeron rayonu “Gənclər Şəhərciyi” yaşayış kompleksi, blok 30-da yerləşən 17 saylı mənzilinə vurmuş ziyana görə dəymiş maddi ziyanın əvəzi olaraq 1749 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh 25 manat, İddiaçı isə 25 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar