Məhkəmə qərarları › İş №2(012)-2602/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2602/2023

13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2602/2023 13.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 99/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 17 noyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və ərizənin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 90 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla cavabdeh arasında rəsmi nikah bağlanmış və birgə nikahlarından 17 noyabr 2009-cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(041)-365/2016 saylı, 15 aprel 2016-cı il tarixli qiyabi qətnaməsi ilə 17 noyabr 2009-cu il təvəllüdlü X4 atasının Cavabdeh olması faktı müəyyən edilmiş və Cavabdeh İddiaçı xeyrinə 17 noyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq 90 manat alimentin tutulması qət edilmişdir. Bundan sonra Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 99/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən alimentin miqdarı artırılaraq 140 manat müəyyən edilmişdir.Ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimum 220 manat təşkil edir. Bundan əlavə cavabdeh övladı ilə maraqlanmır və 10 il ərzində övladı ilə görüşməmişdir. Övladı orta məktəbdə təhsil alır və xərcləri getdikcə artır. Hazırda 140 manat aliment övladının maddi ehtiyaclarının və tələbatlarının ödənilməsi üçün kifayət etmir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 2(041)-365/2016 saylı, 15 aprel 2016-cı il tarixli qiyabi qətnaməsindən görünür ki, 17 noyabr 2009-cu il tarixdə X2 doğulmuş Səyyad adlı uşağın atasının Cavabdeh olması faktının müəyyən edilməsi, qeydiyyat şöbəsi tərəfindən uşağa verilən “Doğum haqqında şəhadətnamə” də adı, soyadı və ata adı X5, atası qrafasında “Cavabdeh”, milliyyətinin azərbaycanlı, anası qrafasında “X6” milliyyətinin azərbaycanlı qeyd edilməsi, 22 fevral 2016-cı ildən başlayaraq, X3 yetkinlik yaşında çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 90 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 2(042)-99/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 17 noyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanıması üçün Gədəbəy Rayon Məhkəməsinin 2(041)-365/2016 saylı, 15 aprel 2016-cı il tarixli qiyabi qətnaməsi ilə təyin edilmiş 90 manat alimentin miqdarının artırılaraq, hər ay 140 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2023-cü il üçün uşaqların yaşayış minumumu nəzərə alaraq hesab edir ki, 17 noyabr 2009-cu il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu və hüquqi xidmət üçün ödənilmiş 40 manat vəkil xərci də cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Bundan başqa iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-99/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 17 noyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment və hüquqi xidmət üçün ödənilmiş 40 manat vəkil xərci Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar