Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2607/2023 20.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinə qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Sumqayıt şəhər 3 saylı Notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli AN-İ № ******* alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında alınmış 5000 manat məbləğində pulun geri qaytarılması, hər iki cavabdehdən müştərək qaydada torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı ödədiyi 600 manat pulun və dəymiş ziyanın əvəzi olaraq 4000 manat pulun, hazırki iddia tələbinin verilməsi ilə bağlı ödədiyi dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Sumqayıt şəhər 3 saylı Notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli, AN-İ № ******* alqı-satqı müqaviləsi əsasında o, Cavabdeh1 Bahadur oğluna məxsus olan və Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsini 5000 manat ödəməklə almış və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla onun adına xx.xx.2020ci ildə çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsinin alınmasında Cavabdeh2 vasitəçi kimi iştirak etmiş və cavabdeh ona həmin torpaq sahəsini satarkən tamamilə başqa bir ərazidə olan sahəni göstərmişdir. O da həmin sahəni həmin vaxt kamera ilə çəkərək telefon vasitəsi ilə valideyninə göstərmiş və həmin sübut onda vardır. O, torpaq sahəsini alıb orada hasarlama işlərinə başlamaq istədikdə ona məlum olmuşdur ki, aldığı torpaq sahəsi kimi ona təqdim olunan bu ərazi başqa bir şəxsə məxsusdur və həmin ərazidə sürüşmə aparıldığı üçün onun torpaq sahəsi tamamilə başqa bir əraziyə düşür. Halbuki o, göstərilən ərazini bəyənərək dəyərini ödəmiş və almışdır. Bundan sonra o, cavabdehlərə müraciət edərək onu aldatdıqlarını, ona bəyəndiyi ərazidən satdıqları torpaq sahəsinin başqa bir şəxsin torpaq sahəsi olduğunu bildirməklə vermiş olduğu pulun ona qaytarılmasını tələb etmişdir. Hər dəfə bir bəhanə gətirməklə bu şəxslər onunla bağlanmış müqaviləni könüllü qaydada ləğv etməmiş və verdiyi pulu da ona qaytarmamışlar. Halbuki o bu torpaq sahəsini alan vaxt həmin ərazidə 1 sot torpağın dəyəri 2500 manat olsa da, hazırda bu ərazidə 1 sot torpağın bazar dəyəri 4500-5000 manatdır. O, torpaq sahəsi almaq üçün tələb olunan pulu qabaqcadan bankdan kredit olaraq götürmüş və həmin pulu faizi ilə qaytarmış, əlavə olaraq ziyana düşmüşdür. Belə hesab edir ki, cavabdehlər bu torpaq sahəsini ona satan vaxt onu aldatmış, etibarından sui-istifadə etmiş, ona bir ərazini göstərməklə başqa bir hissəyə düşən torpaq sahəsini satmışlar. Bu əsasla da alqı-satqı müqaviləsi ləğv edilməli və müqavilə əsasında cavabdeh-torpaq sahibi olmuş Cavabdeh1 5000 manat məbləğində pulu və torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı ödədiyi 600 manat məbləğində pulu ona qaytarılmalıdır. Torpaq sahəsinin bu 2 ildə dəyərinin artaraq bu ərazidə olan torpaq sahəsinin 1 sotunun hazırda dəyərinin 4500 manat olması nəzərə alınaraq dəymiş ziyan 2 sot torpaq sahəsinə görə 4000 manat müəyyən olunaraq bu vəsait də hər iki cavabdehdən müştərək qaydada alınaraq ona qaytarılmalıdır. Bundan əlavə onun notariusda ümumilikdə 360,40 manat xərci çıxmışdır. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, o, sözügedən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsini 1500 manata almışdır və 1500 manata da Cavabdeh2 satmışdır. Məsləhət həmin torpaq sahəsini yerini göstərərək, ölçülərini bildirərək və razılaşaraq 5000 manata Həsrətə satmışdır. Bundan başqa o, Məsləhətə 10500 manata 7,5 sot torpaq sahəsi də satmışdır. Notariusda Həsrət pulu Məsləhətə uzadanda Məsləhət pulu ona verməsini demişdir. Notariusda 20,40 manat və 10,40 manat olan qəbzlər onun adından olsa da, o, ödəməmişdir. O, torpağı Məsləhətə satmış, Məsləhət isə 3 adama satmışdır. Sonradan müəyyən olunmuşdur ki, GPS ilə faktiki və sənəd üzrə torpaqlar üst-üstə düşmür. O özü də torpaq sahəsini vaxtilə başqa adandan almışdır. Məsləhətə verilən 5000 manatdan 300 manat məbləği ona çatmışdır. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasıda Cavabdeh1 izahatına uyğun izahat verdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin alqı-satqısından ona 500 manat pul çatmışdır. Həsrətin istədiyi torpaq sahəsi Həsrətə verilməlidir. 1998-ci ilin xəritəsində sürüşmə olmamışdır. Lakin hal-hazırda sürüşmə vardır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işlərinin sıxlığını nəzərə alaraq, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən məhkəmə işə Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 sentyabr 2020ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əsgərov X1 rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin 0,02 ha hissəsini alıcı İddiaçı satmağı, alıcı İddiaçı isə müqavilə üzrə müəyyən edilmiş 5000 manat məbləğində pulu satıcı Cavabdeh1 verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlak Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə, **********3 qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Sumqayıt şəhər 3 saylı Notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli, AN-İ № ******* alqı-satqı müqaviləsi əsasında İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsini Cavabdeh1 Bahadur oğluna 5000 manat ödəməklə almış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlak Dövlət Reyestrindən verilmiş çıxarışdan göründüyü kimi Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə, **********3 qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Lakin, İddiaçı torpaq sahəsini alıb orada hasarlama işlərinə başlamaq istədikdə ona məlum olmuşdur ki, aldığı torpaq sahəsi kimi ona təqdim olunan bu ərazi başqa bir şəxsə məxsusdur və həmin ərazidə sürüşmə aparıldığı üçün onun torpaq sahəsi tamamilə başqa bir əraziyə düşür. Bundan sonra iddiaçı Cavabdeh1 müraciət edərək, ödədiyi 5000 manat məbləğində pulun qaytarılmasını tələb etmiş, lakin Cavabdeh1 pulu qaytarmamışdır. Satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borclu olduğu halda bunu etməmiş, son nəticədə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, tərəflər arasında bağlanmış Sumqayıt şəhər 3 saylı Notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli, AN-İ № ******* alqı-satqı müqaviləsi ləğv edilməli və Cavabdeh1 5000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Həmçinin iş materiallarında olan 20,40 manat və 10,40 manat məbləğində pulun ödənilməsi ilə bağlı qəbzlərdə Cavabdeh1 adı qeyd edilsə də, iddiaçının və Cavabdeh1 izahatında bildirdiyi kimi, həmin məbləğlər İddiaçı tərəfindən ödənilmişdir. Odur ki, iddiaçının torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı ümumilikdə 364,40 manat çəkdiyi xərclər iş materiallarında olan qəbzlər ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı çəkilən 364,40 manat pul Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Bundan əlavə Sumqayıt şəhər 3 saylı Notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli AN-İ № ******* alqı-satqı müqaviləsi Cavabdeh1 və İddiaçı arasında bağlandığından,həmçinin iddia tələbinin digər cavbdeh Cavabdeh2 qarşı aid hissədə sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə rədd edilməlidir. Həmçinin iddiaçıya 4000 manat ziyan dəyməsi ilə bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 117 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 65 manat məbləği Cavabdeh1 alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh1 arasında bağlanmış Sumqayıt şəhər 3 saylı Notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli, AN-İ № ******* alqı-satqı müqaviləsi ləğv edilsin. Sumqayıt şəhər 3 saylı Notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli, AN-İ № ******* alqı-satqı müqaviləsi əsasında alınmış 5000 manat məbləğində pul, torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı çəkilmiş xərc olaraq 364,40 manat pul və 65 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2607/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2607/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver