Məhkəmə qərarları › İş №2(012)-2610/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2610/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2610/2023 27.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 519 manat pulun, 480 manat mənəvi zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1029 manat pulun müştərək qaydada alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il iyun ayında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan cəmi 749 manat məbləğində mallar almışlar. Həmin malların pulundan isə cəmi 230 manat pul ödəmiş, qalan 519 manat pulu indiyədək ödəməmişlər. Bundan sonra o, dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 519 manat pulun ödənilməsini tələb etsə də, nəticəsi olmamışdır. Cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirirlər və aldıqları malın pulunu verməkdən yayınırlar. Cavabdehlər onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onu aldatmışlar və nəticədə ona ziyan vurmuşlar. Onda olan məlumata görə onların başqa vətəndaşlara da borcları vardır. Cavabdehlərin ona qarşı olan hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab, baş ağrısı, həyəcan hissləri keçirmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında bildirdi ki, həqiqətən də iddiaçıdan mal almış və onun 519 manat borcu qalmışdır. Qalan borcunu yaxın müddətdə ödəyəcəkdir. İddianın digər hissəsini isə qəbul etmir. Borca görə cavabdehliyi yalnız o daşıyır və bu məsələdə Cavabdeh2 iddiaçı qarşısında heç bir cavabdehlik daşımır. Sonda cavabdeh mübahisə həll edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki mübahisə ilə bağlı İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Cavabdeh1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona qarşı 519 manat məbləğində iddia tələbini qəbul edir, digər hissələrdə isə iddianı qəbul etmir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh1 bəzi malları nisyə satmış, bu malların dəyərinin bir hissəsi ödənilsə də, son nəticədə 519 manat borc qalmışdır. Bununla da, tərəflər arasında mübahisə yaranmışdır. Məsələ ilə bağlı İddiaçı Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, ərizə əsasında ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pulun və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 519 manat pulun, 480 manat mənəvi zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1029 manat pulun müştərək qaydada alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Proses iştirakçılarının izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, malların alqı-satqısı barədə iddiaçı ilə Cavabdeh1 arasında nisyə alqı-satqı münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İşdən görünür ki, nisyə alınmış mallara görə Cavabdeh1 iddiaçıya hazırda 519 manat borcu qalmışdır. Bu fakt onun özü tərəfindən məhkəmə iclasında etiraf edildiyindən məhkəmə hesab edir ki, 519 manat pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Digər Cavabdeh2 isə iddiaçı qarşısında hər hansı öhdəliyinin yaranması iş materiallarından görünmür. Dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə tələbə gəldikdə isə məhkəmə hesab edir ki, İddiaçı bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir və iddia bu hissədə təmin edilə bilməz. Belə ki, iş materiallarında iddiaçının 480 manat məbləğində mənəvi zərərə məruz qalmasını təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 30 manat pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 519 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar