Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-263/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı və onun vəkili-nümayəndəsi X3, Cavabdeh «xxxx» MMC-nin nümayəndələri X4 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər «xxxx» MMC-yə və “xxxx” ASC-yə qarşı «alğı-satqı müqaviləsinin ləğv edilməsi və pul» tələbinə dair mülki işə 21 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla «xxxx» MMC arasında bağlanmış 30 mart 2015-ci il tarixli, ABBYM-0273 saylı “Mənzilin alğı-satqı müqaviləsi” nə xitam verilməsi, cavabdehdən ödəmiş olduğu 13000 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 13030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə izahatında bildirdi ki, onunla “xxxx” MMC arasında 30 mart 2015-ci il tarixində ABBYM-0273 saylı “Mənzilin alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin alğı-satqı müqaviləsinə görə Cəmiyyət Abşeron rayonu, H.Əliyev prospekti 167, 28 saylı küçədə inşa edilmiş, 7 saylı binanın, 6-cı mərtəbəsində yerləşən 45 saylı 1 otaqlı mənzili ona ipoteka əsasında satmışdır (mənzilin ümumi sahəsi 62 kv.m). Müqavilənin 3.1-ci bəndinə görə mənzilin hər 1 kv.m-ə görə 650 manat olmaqla o, Cəmiyyətə 180 ay müddətinə 40300 manat ödəniş etməlidir. O, müqavilə bağlanarkən mənzilin 10% məbləğində, yəni 4030 manat ödəniş etmişdir. Sonrakı vaxtlarda cavabdehin hesabına cəmi 13000 manat ödəniş etmişdir. Lakin maddi imkansızlığı, iş yerini itirməyi səbəbindən müqavilə üzrə öhdəlikləri icra edə bilməmişdir. Buna görə də 27 oktyabr 2016-cı ildə müqaviləni pozduğunu və ödəniş etdiyi 13000 manatın ona qaytarılmaqla, müqaviləyə xitam verilməsini xahiş etmişdir. Lakin cavabdeh onun ödəmiş olduğu pulları geri qaytarmaqdan imtina etmişdir. Məsələ ilə əlaqədar olaraq AR-sı Prokurorluğuna, Abşeron rayon Prokurorluğuna etdiyi müraciətlərə cavab olaraq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş edir. İddiaçı vəkili-nümayəndəsi X6 məhkəmədə iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. İddiaçı ilə üç tərəfli müqavilə bağlanmışdır. Belə ki, xxxx MMC ilə İddiaçı arasında mənzilin alğı-satqısı və Beynəlxalq Bank ASC arasında isə kredit müqaviləsi bağlanmışdır. İddiaçı mənzili üçün ilkin ödəniş olaraq 4030 manat məbləğində vəsaiti birbaşa olaraq xxxx ASC-yə ödəmiş və üç tərəfli müqaviləyə əsasən, bank qalan məbləği yəni, 36270 manatı məbləği hüquqlarını müdafiə etdiyi təşkilata ödəmişdir. İddiaçı kredit müqaviləsi üzrə Beynəlxalq Bank ASC-yə ümumilikdə 7020 manat ödəniş etmişdir. Məlumat üçün bildir ki, bank ilə iddiaçı arasında bağlanan kredit müqaviləsi qüvvədə olduğu üçün hazırki günədək bank tərəfindən faiz hesablanmağa davam edir. xxxx MMC ilə İddiaçı arasında bağlanan alğı-satqı müqaviləsi ləğv edilməmişdir, müqavilə ləğv edildiyi təqdirdə biz cavabdeh təşkilat olaraq iddiaçı tərəfindən mənzil üçün ilkin ödəniş olaraq ödənilən 4030 manatı və banka ödənilən 7020 manat vəsaitdən əsas borca çıxılan hissəsini İddiaçı qaytarmağa razıdırlar. Lakin 7020 manat puldan faizə və bank xərclərinə çıxılan hissəni isə qaytarmaq səlahiyyətində deyillər. Mənzilin real dəyəri 40000 manat təşkil edir və hələ də tikintisi tam başa çatmamışdır. Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X2 məhkəmədə X4 izahatına uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 30 mart 2015-ci il tarixli, ABB YM-0273 saylı mənzilin alğı-satqı müqaviləsindən görünür ki, «xxxx» MMC ilə alıcı İddiaçı arasında alğı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən «xxxx» MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF- Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 6, ümumi sahəsi (balkon və eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 62 kv.m-dən ibarət, 1 otaqlı, 45 №-li mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini, yəni 40300 manatı müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə müqavilə qiymətinin 4030 manatı Alıcının şəxsi vəsaiti hesabına, qalan 36270 manat isə “xxxx” ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənəcəkdir. İş materiallarında olan 02 aprel 2015-ci il tarixli, 1-02-04-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsindən (daxili ipoteka krediti üçün) görünür ki, Borc verən yəni, “xxxx” ASC borcalana yəni, İddiaçı mənzilin alnması üçün 36270 manat məbləğində kreditin verilməsini, Borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən qaydada krediti və kredi üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” ASC-nin Müştəri Xidməti Departamentinin 21.10.2020-ci il tarixli MXK/0525 №-li arayışından görünür ki, borclu İddiaçı “xxxx” ASC-yə 30 mart 2015-ci il tarixli 1-02- 04-2015-YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə (sonuncu ödəniş 30.09.2016-cı il tarixində 390 manat olmaqla) hazırki dövrədək cəmi 7020,30 manat, bundan 1691,87 manat əsas borc, 5328,43 manat isə faiz borcu ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “xxxx” ASC ilə 36270 manat məbləğində 02 aprel 2015-ci il tarixli, 1-02-04- 2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsi (daxili ipoteka krediti üçün) bağlaması və iddiaçıının cavabdehlə 30 mart 2015-ci il tarixli, ABB YM-0273 saylı mənzilin alğı-satqı müqaviləsi bağlaması, mahiyyətinə görə sonuncu müqavilənin mənzilin tikintisi məqsədilə bağlandığından, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 40300 manat olması, iddiaçının mənzilin dəyərindən ümumilikdə 4030 manatı öz hesabına, qalan 36270 manatın isə “xxxx” ASC tərəfindən «xxxx» MMC-in bank hesabına ödənilməsi işin mübahisə edilməyən hallarıdır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, ötən 5 il ərzində mənzil iddiaçıya təhvil verilməmiş, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş 21.10.2020-ci il tarixli MXK/0525 №-li arayışından da göründüyü kimi borclu İddiaçı “xxxx” ASC-yə 30 mart 2015-ci il tarixli 1-02-04-2015-YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi üzrə (sonuncu ödəniş 30.09.2016-cı il tarixində 390 manat olmaqla) hazırki dövrədək cəmi 7020,30 manat, bundan 1691,87 manat əsas borc, 5328,43 manat isə faiz borcu ödənilmişdir. Məhkəmə hesab edir ki, «xxxx» MMC mənzilin dəyərindən 7020,30 manat məbləğində pulu almasına,həmçinin həmin puldan yararlanmasına baxmayaraq sonuncu tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçının ümid etdiklərindən məhrum olmasına səbəb olmuş, halbuki hər bir tərəf vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməlidir.Belə olan təqdirdə məhkəmə hesab edir ki, baxmayaraq ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 30 mart 2015-ci il tarixli 1-02-04-2015-YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) Təminatlı Kredit müqaviləsi tərəflər arasında bağlanmış müstəqil müqavilədir, həmin müqavilənin təyinatı üzrə sonda iddiaçının mənzil eldə etməsi olmuş,lakin yuxarıda qeyd olunan faktiki hallardan göründüyü kimi cavabdeh«xxxx» MMC-in təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heçnə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “xxxx” ASC-yə ödədiyi 7020,30(yeddi min iyirmi,30) manat və «xxxx» MMC-yə ilkin ödəniş kimi ödədiyi 4030(dörd min otuz) manat pulun ümumilikdə 11050.30(on bir min əlli manat otuz qəpik) manat cavabdeh «xxxx» MMC-dən tələb etməsi tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əssən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsinə əssən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 30 mart 2015-ci il tarixli, ABB YM-0273 saylı mənzilin alğı-satqı müqaviləsi ləğv edilməlidir. Mülki Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Bundan başqa İddiaçı ilə cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 30 mart 2015-ci il tarixli, ABB YM-0273 saylı alğı-satqı müqaviləsinin 3.4-cü bəndində göstərilmişdir ki, müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) halında, alıcı müqavilənin 3.1-ci maddəsində razılışdırılmış məbləğin 2(iki)%-i həcmində minimum 1000 (bir min) manat olmaqla cəmiyyətə ödəyir. Bu baxımdan, iddiaçının ödədiyi 11050.30(on bir min əlli manat otuz qəpik) manat puldan müqaviləyə əsasən 2(iki)% həcmində 1000 manat dəbbə pulu çıxılmaqla, qalan 10050.30(on min əlli manat otuz qəpik) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini məhkəmə işin hallarına uyğun olmaqla əsaslı və qanuni hesab edir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə «xxxx» MMC arasında bağlanmış 30 mart 2015-ci il tarixli, ABBYM-0273 saylı “Mənzilin alğı-satqı müqaviləsi” nə xitam verilsin, «xxxx» MMC-dən 10050.30(on min əlli manat otuz qəpik) manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-263/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-263/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver