Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2634/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “Finca Azerbaijan” X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Finca Azerbaijan X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 03.03.2020-ci il tarixli, **********0021 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1922 manat, faiz borcuna görə 538 manat, cərimə borcuna görə 66.44 manat olmaqla cəmi 2526.44 manat borcun və 30 manat dövlət rüsumunun Finca Azerbaijan MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Finca Azerbaijan MM QBKT ilə Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli, **********0021 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 30% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 140 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi barədə razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində Fincard adı qeyd edilmiş, kredit kartında təqdim edilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, kredit alan əsas borcu, həmin borca hesablamış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin 03.03.2020-ci il tarixli, **********0021 saylı kredit müqaviləsi, Covid-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.042020-ci il tarixli 135s nömrəli sərəncamına müvafiq olaraq 11.06.2020-ci il tarixli **********0050 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2009 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 09.02.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 1922 manat, faiz borcuna görə 538 manat, cərimə borcuna görə 66.44 manat olmaqla cəmi 1526.44 manat borcu vardır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı Finca Azerbaijan MM QBKT ilə 03.03.2020-ci il tarixdə bağladığı **********0021 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün illik 30% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat kredit verilmişdir. Əvvəllər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirsə də sonradan Covid-19 pandemiyası ilə əlaqədar olaraq ödəniş qabiliyyəti çətinləşmiş, bu səbəbdən də ödənişlərində gecikmələri yaranmışdır. Hazırda iddiaçı təşkilatın iddia tələblərini qismən qəbul edir və banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı Finca Azerbaijan X1-Bank Kredit Təşkilatının nümayəndəsi Ramil Heydərovun məhkəməyə ünvanlandığı teleqramdan görünür ki, iddiaçının nümayəndəsi 16.06.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirakı olmadan baxılıb iş üzrə yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Finca Azerbaijan MM QBKT ilə Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli, **********0021 saylı kredit müqaviləsindən görünür ki, müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən Cavabdeh 18 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 2000 manat kredit verilmişdir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən borcalan krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmağı öz öhdəsinə götürmüşdür. - Kredit verən Finca Azerbaijan MM QBKT ilə kredit alan Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli kredit kartının mədaxil aktından görünür ki, 03.03.2020-ci il tarixli, **********0021 saylı kredit müqaviləsi üzrə kredit alan nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində Fincard adı qeyd edilmiş **********989951 saylı kredit kartında təqdim edilmişdir. - Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, borclu 03.04.2020ci il tarixdən 03.09.2021-ci il tarixədək hər ay 140 manat olmaqla bərabər hissələrdə ödəniş etməlidir. - Finca Azerbaijan MM QBKT tərəfindən verilmiş 03.03.2020-ci il tarixli, Fincard Kreditvermə qəbzindən görünür ki, Cavabdeh Finca Azerbaijan MMQBKT-dan 2000 manat pul götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. - Kredit verən Finca Azerbaijan MM QBKT ilə kredit alan Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli, **********0021 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 11.06.2020-ci il tarixli **********0050 saylı sazişdən görünür ki, bu restrukturizasiya sazişi ilə tərəflər arasında bağlanmış əsas müqaviləyə dəyişikliklər edilərək bu sazişin bağlandığı tarixə olan əsas borc məbləği 2009 manat, sazişin bağlandığı tarixdən etibarən sazişin birinci maddəsində göstərilən qalıq məbləğinə 30 faiz dərəcəsi ilə faizlər hesablanmalı, bu sazişin birinci maddəsində göstərilən məbləğ 21 ay müddətinə tamamilə ödənilməlidir. - Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kreditalan Cavabdeh 03.07.2020-ci il tarixdən 03.03.2022-ci il tarixədək olan müddət ərzində hər ay 124 manat, sonuncu ay isə 120 manat ödəniş etməlidir. - 09.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Finca Azerbaijan MM QBKT-yə əsas borc üzrə 1922 manat, faiz borcuna görə 538 manat, cərimə borcuna görə 66.44 manat olmaqla cəmi 2526.44 manat borcu vardır, əsas borc üzrə 87 manat, faiz borcundan 53 manat, cərimə borcundan 14.79 manat silinmişdir. - Azərbaycan Respublikası Vətəndaşının 18.10.2013-cü il tarixli Seriya AZE № ******** - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh - ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh Finca Azerbaijan MM QBKTdən tələb olunan məbləği kreditə götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, borclu Cavabdeh Finca Azerbaijan MM QBKT qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kredit müqaviləsinin şərtlərindən və maliyyə arayışından görünür ki, iddiaçı Finca Azerbaijan MM QBKT ilə Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli, **********0021 saylı kredit müqaviləsi üzrə əsas borcu 1922 manat, faiz borcu 538 manat, cərimə borcu 66.44 manat olmaqla cəmi borcu 2526.44 manat təşkil edir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, Cavabdeh ödəmələri vaxtında icra etməməsi onun üzərinə gecikdirilmiş əsas borc 1922 manat məbləğinə 66.44 manat cərimə borcu hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 03.03.2020-ci il tarixli, **********0021 saylı kredit müqaviləsi üzrə 1922 manat əsas borc üzrə hesablanmış 66.44 manat cərimənin azaldılaraq 5 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və bununla da kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Finca Azerbaijan MM QBKT ilə Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli, **********0021 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 1922 manat, faiz borcuna görə 538 manat, cərimə borcuna görə 5.00 manat olmaqla, cəmi 2465 manat borc məbləği cavabdehdən tutulmalıdır. İş materiallarında olan 02.03.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirib, qanunun yuxarıda qeyd edilən normalarını rəhbər tutub belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Finca Azerbaijan MM QBKT ilə Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli, **********0021 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 1922 manat, faiz borcuna görə 538 manat, cərimə borcuna görə 5.00 manat olmaqla cəmi 2465 manat borc məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçı Finca Azerbaijan MM QBKT-nın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh əsas borca görə 1922 (min doqquz yüz iyirmi iki) manat, faiz borcuna görə 538 (beş yüz otuz səkkiz) manat, cərimə borcuna görə 5 (beş) manat olmaqla cəmi 2465 (iki min dörd yüz altmış beş) manat borc məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi iddiaçı “Finca Azerbaijan” X1-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şiıkayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2634/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2634/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver