Məhkəmə qərarları › İş №2(012)-2638/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2638/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2638/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan X4 Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan X4 Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, əsas borca görə 414,30 ABŞ dolları, faiz borcuna görə 992,64 ABŞ dolları, cəriməyə görə 2677,35 ABŞ dolları, kredit müqaviləsi müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 64,32 ABŞ dolları faiz borcu olmaqla cəmi 4148,61 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq ləğv prosesində olan Dəmirbank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, X4 Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış ********* №-li 13.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 5112 ABŞ dolları məbləğində kredit verilmişdir. 13.07.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 4295,08 ABŞ dolları təşkil edir və müddəti 13.12.2017-ci il tarixədək uzadılmışdır. Cavabdeh kredit verilərkən Zamin ilə arasında 13 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********167 saylı 22.11.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 19.11.2020-ci il tarixə kredit üzrə cəmi borcu 4148,61 ABŞ dolları təşkil edir. Bundan 414,30 ABŞ dolları əsas, 992,64 ABŞ dolları faiz, 2677,35 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 64,32 ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan Dəmirbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona qarşı 13.02.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə kredit borcunun qaytarılması barədə tələblə iddiaçı qismində 13.01.2021-ci il tarixdə ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Məlumat üçün bildirir ki, Dəmirbank ASC-nin Xətai filialı ilə bağlanmış ********* saylı 13.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 24 faiz dərəcəsi ilə 5112 ABŞ dollarının milli manatla ekvivalentində (o zamankı valyuta kursu 0,79) pul vəsaiti 24 ay müddətinə, yəni 13.02.2017-ci il tarixə ödənilməklə kredit olaraq verilmişdir. Bank tərəfindən ona məlum olmayan səbəblərdən və buna razılığı olmadan 13.07.2015-ci il tarixli sazişlə kredit müddəti 13.12.2017-ci il tarixədək uzadılmışdır. Bu barədə 2017-ci ilin əvvəllərində kredit qalığını tam ödəyib bağlamaq istəyərkən məlumatı olmuş, bank əməkdaşlarına bununla bağlı dəfələrlə rəsmi və şifahi etirazını bildirmiş, kredit müddətinin uzadılma səbəbini soruşmuş, lakin müsbət cavab ala bilməmişdir. Belə ki, müddətin uzadılması səbəbindən kreditin cüzi qalıq məbləği də artmışdır. Halbuki, kredit məbləğinin böyük qismini ödəmiş və müddətin sonuna kiçik bir məbləğ qalmışdır. Daha sonra Dəmirbank ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna da rəsmi müraciət etmiş, bankın qanunsuz hərəkətləri və süni şəkildə kredit borclarının şişirdilməsini bildirmiş, qanunamüvafıq tədbir görülməsini xahiş etmişdir. Hətta Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanından sonra da Əmanətlərin Sığortalanması Fonduna rəsmi müraciət etmiş və bu Fərmanın tələblərindən irəli gələn hərəkətlərin yerinə yetirilməsini, bankın qanunsuz hərəkətləri nəticəsində süni olaraq artırılmış kredit məbləğinin kompensasiya edilməsini və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Fond əməkdaşları tərəfindən məsələnin öz müsbət həllini tapacağı barədə ona bildirilsə də, 2 il ərzində rəsmi cavab verilməmişdir. 2021-ci ilin mart ayında məlumatlandırılmışdır ki, ona qarşı kredit borcunun qaytarılması barədə iddia tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət olunmuşdur. Hesab edir ki, bu mülki iş üzrə iddia müddəti ötürülmüş və buna görə də hazırkı iş üzrə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş edir. Belə ki, işdə olan sənədlərdən görünür ki, hazırkı kredit müqaviləsi üzrə iddia müddəti 13.12.2020ci il tarixdə bitir. İddiaçı isə yalnız 13.01.2021-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 373.2.-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Ona görə də iddia ərizəsinə iddia müddətinin tətbiq olunmaqla iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ləğv prosesində olan X4 Cəmiyyətinin nümayəndəsi Səadət Əliyeva ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə proseslərinin çoxluğuna görə məhkəmə iclasında iştiraklarının mümkün olmayacağını nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirib müvafiq qərar qəbul etməyi xahiş etmişdir. Cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdeh Zamin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/17 №-li qətnaməsinin surətindən görünür ki, Dəmirbank ASC müflis elan edilmiş və iflas proseduru başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Dəmirbank ASC-nin ləğvedicisi təyin edilmişdir. -X3 Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 13.02.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 5112 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. -13.02.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, 24 ay müddətinə, illik faiz dərəcəsi 24 faiz olmaqla gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə hesablanan illik/aylıq faiz 48/4.00 faiz, aylıq ödəniş 270.34 ABŞ dolları, kreditin ümumi xərcləri 1529.51 ABŞ dolları+ sığorta haqqı, banka ödəniləcək ümumi faiz məbləği 1376.15 ABŞ dolları, banka ödəniləcək ümumi məbləğ 6488.15 ABŞ dolları olmaqla kredit üzrə faizləri kreditin borcalana verildiyi gündən həmin kreditin qalıq məbləğinin kreditorabanka tam ödənildiyi günə qədər hesablanır və tutulur. -13.02.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh 13.02.2015-ci il tarixdən 13.02.2017-ci il tarixədək olan dövrdə borcalan hər ay 270.33 ABŞ dolları olmaqla 24 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -13.02.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə 13.07.2015-ci il tarixli 07/15- ƏS saylı əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana (Birgə borcalana) verdiyi kreditin qalıq məbləği 4295,08 ABŞ dolları, müqavilənin 2.3 bəndinə əsasən isə kreditin müddəti 13.12.2017-ci il tarixədək təyin olunmuşdur. -13.02.2015-ci il tarixli 280011663/ZM saylı zaminlik müqaviləsinin surətindən görünür ki, əsas borclu Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası Zaminliyi ilə təmin edilmişdir. -13.02.2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsinə 13.07.2015-ci il tarixli 07/15-ƏS saylı əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana (Birgə borcalana) verdiyi kreditin qalıq məbləği 4295,08 ABŞ dolları, müqavilənin 2.2 bəndinə əsasən isə kreditin müddəti 13.12.2017-ci il tarixədək təyin olunmuşdur. -13.02.2015-ci il tarixli 280011663/ZM saylı zaminlik müqaviləsinə 1 saylı əlavədən görünür ki, 24 ay müddətinə, illik faiz dərəcəsi 24 faiz olmaqla gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə hesablanan illik/aylıq faiz 48/4.00 faiz, aylıq ödəniş 270.34 ABŞ dolları, banka ödəniləcək ümumi faiz məbləği 1376 ABŞ dolları, banka ödəniləcək ümumi məbləğ 6480 ABŞ dolları olmaqla kredit üzrə faizləri kreditin borcalana verildiyi gündən həmin kreditin qalıq məbləğinin kreditora-banka tam ödənildiyi günə qədər hesablanır və tutulur. -Cavabdeh ünvanlanmış 20.11.2020-ci il tarixli **********167 saylı bildirişin surətindən görünür ki, Dəmirbank ASC tərəfindən borcluya müraciət edilərək 3 gün müddətində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -13.02.2015-ci il tarixli 1/38/79964929 saylı məxaric orderinin surətindən görünür ki, borclu Cavabdeh 5112 ABŞ dolları borcu imza edərək təhvil almışdır. -Ləğv prosesində olan X4 Cəmiyyətinin 04.12.2020-ci il tarixli **********782 saylı maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 19.11.2020-ci il tarixə banka olan 414,30 ABŞ dolları əsas, 992,64 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz, 2677,35 ABŞ dolları müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 faiz olmaqla həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360 olmaqla hesablanmış günlük faiz məbləği 0.06 sent və gecikdirilmiş gün sayısı 1072 gün, 64.32 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 4148.61 ABŞ dolları təşkil edir. -28.03.2016-cı il-29.10.2019-cu il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh sonuncu dəfə 04.11.2016-cı il tarixdə 131.34 ABŞ dolları ödəniş etmişdir. -280011661-3811-USD-21 saylı hesab üzrə əməliyyatlardan görünür ki, debet üzrə əməliyyatların cəmi 7558.89 ABŞ dolları, kredit üzrə əməliyyatların cəmi 7558.89 ABŞ dolları təşkil edir. -280011661-3811-USD-21 saylı hesab üzrə əməliyyatlardan görünür ki, debet üzrə əməliyyatların cəmi 394.78 ABŞ dolları, kredit üzrə əməliyyatların cəmi 394.78 ABŞ dolları təşkil edir. -DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən 26.11.2020-ci il tarixdə verilmiş arayışdan və Xətai RPİ tərəfindən 14.09.2003-cü il tarixdə AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qədirli X1 rayonu Mehdiabad qəsəbəsində qeydiyyatdadır. -Bakı Binəqədi RPİ tərəfindən 02.07.2011-ci il tarixdə AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zamin Bakı şəhəri Binəqədi rayonu Davudoğlu küçəsi 62 saylı evdə qeydiyyatdadır. -Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, ləğv prosesində olan Dəmirbank ASC Vöen **********, Hüquqi ünvanı AZ1008 Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi 31 ünvanı, qanuni təmsilçisi X2 olmaqla 23.11.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 12.01.2018-ci il tarixdə isə son dəfə çıxarış verilmişdir. Məhkəmə mübahisənin mahiyyəti üzrə düzgün həlli üçün aşağıdakıları qeyd edir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, X4 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ********* №-li 13.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 5112 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh krediti götürməsinə baxmayaraq müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə müqavilə üzrə əsas borca görə 414,30 ABŞ dolları, faiz borcuna görə 992,64 ABŞ dolları, cəriməyə görə 2677,35 ABŞ dolları, kredit müqaviləsi müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 64,32 ABŞ dolları faiz borcu olmaqla cəmi 4148,61 ABŞ dolları borcu yaranmışdır. X4 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə öz növbəsində ərizə ilə məhkəməyə müraciər edərək kredit müqaviləsi üzrə iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən kredit müqaviləsinin 24 aylıq müddətinin bitməsinə baxmayaraq, borc alan Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yenə də Mülki Məcəlləsinin; 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbində əsas borc tələbi ilə yanaşı gecikdirilmiş vaxt üçün illik 5%-la hesablanan 64,32 manat faiz borcunun cavabdehdən tutulması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarından kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtından qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərinin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsaəsn onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə gecikdirilmiş vaxt üçün illik 5%-la hesablanan 64,32 manat faiz borcunun tələb etməsi əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi müqavilə şərtlərinə uyğundur və əsaslıdır. Eyni zamanda cavabdehin iddia müddətinin tədbiqi ilə əlaqədar iddia tələbinin rədd edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh ilə Dəmirbank ASC arasında 24 ay müddətinə ********* №-li 13.02.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Yəni kredit müqaviləsinin qüvvədə olma müddəti 13.02.2017-ci il tarixdə bitmişdir. Göründüyü kimi, müddəti 13.02.2017-ci il tarixdə bitmiş, kredit müqaviləsi üzrə borclu tərəfindən müqavilə müddətində sonuncu ödəniş isə hesabdan çıxarışa əsasən 04.11.2016-cı il tarixdə olmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında kredit müqaviləsi üzrə iddia müddətinin axımı ilə bağlı aydınlıq gətirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəlləsinin; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. 372.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, 13.02.2015-ci il tarixdə 24 ay müddətinə bağlanmış kredit müqaviləsinin müddəti 13.02.2017-ci il tarixdə bitmiş və həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 13.02.2017-ci il tarixdə başlanmışdır. Kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi tarixdən 4 ildən artıq vaxt keçmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 16.03.2021-ci il tarixdə müraciət etdiyindən və müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən Azərbaycan Respublikası MM-nin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir, 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsi ilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Göründüyü kimi iddiaçı ləğv prosesində olan Dəmirbank ASC-nin qanunla müəyyən edilmiş qaydada iddia müddətini ötürməklə məhkəməyə iddia ərizəsini təqdim etmiş, cavabdeh tərəf isə öz növbəsində haqlı olaraq iddia müddətinin ötürülməsi ilə bağlı qanunun tələblərinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən normalarını, məhkəmə iclasında tədqiq edilən sübutlarlara müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar