Məhkəmə qərarları › İş №2(012)-2657/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2657/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2657/2025 08.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 4300 manat əsas borc, 430 manat faiz borcu, 220 manat cərimə borcu olmaqla, ümumilikdə 4950 manat məbləğində borcun və 69.90 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2657/2025 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 yanvar küçəsi 2A-da yerləşən “Rahat Ekspress” mağazasında ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin mağaza telefon və məişət əşyalarının satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə cavabdeh nisyə olaraq 2000 manat dəyərində SAMSUNG markalı 55 diaqonal modelli televizor, 1440 manat dəyərində SAMSUNG markalı 9 kq modelli paltaryuyan və 986 manat dəyərində SAMSUNG markalı A35 5G modelli mobil telefon almış, bununla bağlı aralarında həmin tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 4426 manat dəyərində nisyə aldığı malların dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüş, lakin müqavilənin şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdehin bu günə 4300 manat əsas, 430 manat faiz və 220 manat cərimə borcu olmaqla, cəmi 4950 manat məbləğində borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, ümumilikdə “Rahat Ekspress” mağazasının 1 filialı mövcuddur. Həmin mağazada nisyə satışlar həyata keçirilir. Cavabdehlə ərizədə qeyd edilmiş əşyalarla bağlı 12 ay müddətinə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2022-ci il tarixli, 1004-2022 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, VÖEN **********1 nömrəli şəhadətnamə əsasında fəaliyyət göstərən “Rahat Express” (fiziki şəxs İddiaçı qismində) Cavabdeh 2000 manat dəyərində Samsung markalı 55 diaqonal modelli televizor, 1440 manat dəyərində Samsung markalı 9 kq modelli paltaryuyan və 986 manat dəyərində Samsung markalı A35 5G modelli mobil telefon verməyi, Cavabdeh isə həmin əşyaların dəyərini 12 ay müddətinə qaytarmağı öz öhdəsinə götürmüşdür. -Arayışdan görünür ki, Cavabdeh “Rahat Express”-ə (İddiaçı) 4300 manat əsas, 430 manat faiz, 220 manat cərimə olmaqla, ümumilikdə 4950 manat borcu yaranmışdır. -xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 1004-2022 saylı müqaviləsi üzrə 4300 manat əsas, 220 manat cərimə olmaqla, ümumilikdə 4520 manat borcu olduğu bildirilmiş, borcun 3 iş günü ərzində ödənilmədiyi təqdirdə bununla bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. -Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Sahibkar kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə Bakı şəhəri Vergilər Departamentinin 1 saylı filialında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alq-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında xx.xx.2022-ci il tarixli, 1004-2022 saylı alqı-satqı müqaviləsi üzrə 4300 manat əsas, 430 manat faiz, 220 manat cərimə olmaqla, ümumilikdə 4950 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faiz və cərimə borcunun tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faiz və cərimə borclarının tutulması hissəsində iddia qismən təmin edilərək, 220 manat miqdarında cərimə pulu 4300 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 90 manat saxlanılmalı, iddiaçı cavabdehdən 430 manat faiz tutulmasını tələb etsə də, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 1004-2022 saylı alqı-satqı müqaviləsində cavabdehdən faiz tutulmasına əsas verən hər hansı şərt müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz əsasında 69.90 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 69.90 manat dövlət rüsumunun 63.90 manatı (iddiaçının tələbini qismən əhatə etdiyi üçün) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun 6 manatı iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4300 manat əsas, 90 manat cərimə olmaqla, cəmi 4390 manat məbləğində pul vəsaiti və 63.90 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun 6 manatı iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4300 manat əsas, 90 manat cərimə olmaqla, cəmi 4390 manat məbləğində borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 63.90 manat hissəsi tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 6 manat hissəsi iddiaçının özünə aid edilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar