Məhkəmə qərarları › İş №2(012)-2661/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2661/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2661/2021 28.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron-A1 Mənzil Tikinti Kooperativinə qarşı mənzilə görə ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron-A1 Mənzil Tikinti Kooperativinə qarşı mənzilə görə ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mənzilə görə ödədiyi 45000 manat pul vəsaitinin cavabdeh Abşeron A1 MTK-dan alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək kassa mədaxil qəbzlərinə əsasən mənzilə görə ödədiyi məbləğin 46000 manat hesab edilməklə həmin pul vəsaitinin cavabdeh Abşeron-A1 MTK-dan alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X12 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı 18.06.2016-cı il tarixdə Abşeron-A1 MTK ilə bağlanmış müqaviləyə əsasən, 3-cü giriş, 7-ci mərtəbə, 56 nömrəli, sahəsi 120 m2 olan 3 otaqlı mənzilə payçı olmuşdur. Bu barədə aidiyyəti üzrə sənədlər (müqavilə, ödəniş qəbzləri və MTK tərəfindən qəbul edilmiş şəxsiyyət vəsiqəsinin dəyişməsi barədə sənəd) mövcuddur və məhkəməyə təqdim edilmişdir. İddiaçının 2017-ci ildə MTK tərəfindən aldadılmağına dair şübhələri var idi, lakin bu barədə əlində heç bir əsas yox idi. Bu səbəbdən, iddiaçı mənzilə görə ödənişləri dayandırmış, mənzildən imtina etmiş və mənzilə görə ödədiyi vəsaitin geri qaytarılmasını MTK-ya bildirmiş, internetdə ev alqı-satqı saytlarında mənzili satmaq məqsədi ilə elan vermişdir. 2018-ci ilin iyun ayında iddiaçı MTK-ya gəlib mənzilə görə ödədiyi vəsaitlərin nə vaxt qaytarılacağı barədə məlumat almağa çalışmışdır. Özünü MTK-nın təsisçisi kimi qələmə verən biri iddiaçının kim olduğunu soruşmuş, iddiaçı isə qeyd olunan mənzilin payçısı olduğunu bildirmişdir. Ertəsi gün həmin şəxs haradansa iddiaçının ev telefonu nömrəsini tapmış və ona zəng edərək MTK-nın sədrinin onu aldatdığını və MTK-da mənzilinin olmadığını bildirmişdir. Ertəsi gün iddiaçı MTK-ya gəlib məsələni araşdırmış və məlum olmuşdur ki, MTK-nın daxilində gedən anlaşılmazlıqlar və qarşıdurmalar mövcuddur. İddiaçı yenidən MTK-nın sədrinə iradını bildirərək əgər mənzil başqa birinə satılıbsa, mənzil üçün ödədiyi vəsaitin geri qaytarılmasını bildirmişdir. İddiaçıya cavab olaraq mənzilinin satılmadığı, satıldığı təqdirdə isə pul vəsaitlərinin geri qaytarılacağı bildirilmişdir. Ara-sıra mənzil barədə maraqlanan olsa da, real alıcı yox idi. 2019-cu ilin avqust ayında alıcı tapılmış, həmin şəxs mənzilə baxmaq istəmiş və bu gedişdə MTK-nın iç üzü bəlli olmuşdur. İddiaçı MTK-ya gəlmiş və mənzili almaq istəyən bir nəfərin olduğunu bildirmişdir. Özünü təsisçi kimi qələmə verən şəxs iddiaçıya yenidən onun MTK-da hər hansı bir mənzilinin olmadığını və MTK sədrinin onu aldatdığını bildirmişdir. Abşeron-A1 MTK-nın dələduz yığıncağı olduğu bəlli olmuş və iddiaçı da DİNnin BMCMİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. BMCMİ tərəfindən şikayətə baxılması üçün Abşeron RPİ-nə göndərilmiş, şikayətə Abşeron Rayon Prokurorluğunda da baxılmış və işdə cinayət tərkibi olmadığı üçün cinayət işinin açılması Abşeron rayon Prokurorluğu tərəfindən rədd edilmiş, bu barədə iddiaçıya heç bir məlumat belə bildirilməmişdir. Müəyyən vaxt keçdikdən sonra iddiaçının Milli Məclisin Rəhbərliyinə yazdığı şikayət məktubu əsasında sonradan alınan cavablara əsasən məlum olmuşdur ki, MTK-nın keçmiş rəhbəri Abşeron RPİ-də etiraf edərək bildirmişdir ki, iddiaçının Abşeron-A1 MTK ilə rəsmi müqaviləsi var və iddiaçı bu müqaviləni pozmuş, bu səbəbdən də aralarında narazılıq yaranmışdır. Əslində isə bu ifadələrlə DİN-nin və prokurorluğun əməkdaşları aldadılmışdır. 2020-ci il ərzində iddiaçının Baş prokurorluğa yazdığı şikayətlərlə bağlı yəqin ki, MTK-ya təzyiqlər olmuş və Abşeron-A1 MTK-nın keçmiş sədri dəfələrlə iddiaçıya zəng edib, yalan vədlər verib və mənzilə görə ödədiyi vəsaitin MTK tərəfindən qaytarılacağını bildirmişdir. Lakin bu vədlər gerçək olmamışdır. X2 xahişi ilə onun adından iddiaçıya zəng edilmiş, MTK-nın keçmiş sədrinin yanlış etdiyini bildirərək mənzilin geri qaytarılması təklif edilmişdir. Lakin iddiaçı etiraz etmiş və bu MTK-dan uzaq olmaq istədiyini bildirmişdir. 2020-ci ilin noyabr ayının sonunda o, Abşeron rayon Prokurorunun Milli Məclisin rəhbərliyinin sorğu məktubuna göndərdiyi cavab məktubunu götürüb Abşeron-A1 MTK-ya X10 ilə görüşməyə getmişdir. Həmin şəxs həmin gün, həmçinin, iddiaçının növbəti gəlişində də MTK-da olmamış, bu səbəbdən də özünü MTK-nın keçmiş sədri kimi təqdim edən şəxs iddiaçıya onun mənzilinin başqa bir şəxsə satıldığını, ödənilən pul vəsaitlərinin geri qaytarılmayacağını, bu səbəbdən də istədiyi yerə şikayət etmək istədiyini bildirmişdir. Dialoquna müdaxilə edən və özünü MTK-nın təsisçiləri kimi təqdim edən şəxslər iddiaçıya keçmiş sədrin hüquq-mühafizə orqanlarında yalan ifadələr verdiyini, eyni ilə onu da aldatdığını və Abşeron-A1 MTK-da mənzilə payçı kimi hüququnun olmadığını bildirmişdir. Həmçinin, MTK-nın keçmiş sədri barəsində cinayət işinin açılacağı da əlavə edilmişdir. Baş Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə Baş idarəsinin hesabatında Abşeron-A1 MTK-nın keçmiş sədrinin vətəndaşlar tərəfindən məhkəmələrə verildiyi xüsusi olaraq vurğulanmışdır. İddiaçı da ziyan çəkmiş vətəndaş olaraq Abşeron-A1 MTK-nın məsuliyyətə cəlb edilməsi barədə iddia və şikayət ərizəsi ilə müraciət edərək Abşeron-A1 MTK-ya cavabdeh olan şəxsləri barədə, aidiyyəti üzrə bu xüsusda, Azərbaycan Respublikası qanunlarına müvafiq qaydada məsuliyyətə cəlb olunmasını tələb edir. Abşeron-A1 MTK-nın sədri və təsisçiləri məsuliyyətə cəlb edilməlidir. Əməldə cinayət tərkibi olarsa cinayət işinin başlanması təmin edilməlidir. Mülki iş üzrə məhkəmə iclası zamanı sənədlərə baxış keçirərkən iddia ərizəsində göstərilən məbləğin 45000 manat deyil, kassa mədaxil qəbzlərinin ümumi hesabının 46000 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən də iddia ərizəsinin dəqiqləşdirilməsi zəruriyyəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında 16.09.2021-ci il tarixdə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Abşeron-A1 MTK-da 2009-cu ildən 2019-cu ilədək direktor vəzifəsində çalışmış və MTK-ya məxsus mənzilərin satışı ilə bağlı vətəndaşlarla bağlanan müqavilələr onun adından bağlanmışdır. 18.06.2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbəsində yerləşən 56 saylı mənzilin satışına dair danışıqları X12 ilə aparmış, lakin bağlanmış müqavilə isə İddiaçı ilə bağlanmışdır. Mənzilin dəyəri 66000 manat dəyərində müəyyən edilmiş, ilkin ödəniş olaraq 30 000 manat ödənilmiş, qalan məbləğ isə 36 ay ərzində hər ay 1000 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Lakin sonradan, ödənişlərdə pozuntular yaranmışdır. Belə ki, mənzilin alıcısı böyük oğlunun həmin mənzili bəyənmədiyini bildirmişdir. Vətəndaşlarla bağlanan müqavilə MTK-da olan qeydiyyat kitabına salınsa da, hazırki mənzilin satışı ilə bağlı payçı ilə bağlanmış müqavilə həmin kitaba salınmamışdır. Mənzilə dair ödənilmiş pulun geri qaytarılmasına razıdır. Cavabdeh Abşeron-A1 Mənzil Tikinti Kooperativinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron-A1 Mənzil Tikinti kooperativi ilə payçı İddiaçı arasında bağlanmış 18.06.2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Kooperativ Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikinti olan yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbəsində yerləşən 56 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürnmüşdür. Müqavilənin 2, 3, 4, 5, 6-cı bəndlərindən görünür ki, göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 120,0 m2-dir. Kooperativ mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verir. Göstərilən mənzilin ümumi dəyəri 66000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlanan günü payçı tərəfindən mənzilin ümumi dəyərinin 30 000 manat hissəsi ödənilir. Payçı öhdəsinə götürür ki, pulun qalan 36 000 manatlıq hissəsi Kooperativə 36 ay müddətinə, hər ayın 18-i 1000 manat olmaqla ödəyəcəkdir. Ödəniş nağd pulla aparılır. Payçı ilk ödəmədən sonra qalan ödənişləri 30 gündən artıq gecikdirsə Kooperativin ixtiyarı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı Kooperativ tərəfindən yalnız mənzil bir şəxsə verildikdən sonra Payçıya qaytarılır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Abşeron-A1 MTK-ya məxsus kassa mədaxil order qəbzlərinin surətindən görünür ki, İddiaçı müqavilə üzrə mənzilin ödənişlərinə görə MTK-ya 18.06.2016-cı il tarixdə 30 000 manat, 18.07.2016-cı il tarixdə 1000 manat, 18.08.2016-cı il tarixdə 1000 manat, 18.09.2016-cı il tarixdə 1000 manat, 18.10.2016-cı il tarixdə 2000 manat, 26.12.2016-cı il tarixdə 2000 manat, 01.01.2017-ci il tarixdə 1000 manat, 03.05.2017-ci il tarixdə 2000 manat, 10.06.2017-ci il tarixdə 4000 manat, 30.07.2017-ci il tarixdə 1000 manat, tarixi qeyd olunmayan qəbzə əsasən 1000 manat ödəniş etmişdir. -Abşeron-A1 MTK-nın İddiaçı təqdim etdiyi arayışdan görünür ki, 18 iyun 2016-cı il tarixdə Abşeron-A1 MTK-a və payçı İddiaçı tərəfindən bağlanmış müqavilənin 10-cu bəndinə əsasən, tərəflərin rekvizitləri müqavilədə qeyd olunmuşdur. Həmin müqavilə, Nərimanov RPİ tərəfindən, 28.12.2010-cu il tarixində verilmiş, AZE seriyalı və 08711295 nömrəli şəxsiyyət vəsiqəsinin yuxarıda göstərilən məlumatları əsasında bağlanmışdır. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq yeni şəxsiyyət vəsiqəsinin surəti Abşeron-A1 MTK-ya payçı İddiaçı tərəfindən təqdim edilmiş və bağlanmış müqaviləyə aid olan sənədlər toplusuna əlavə olunmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İddiaçı ünvanladığı 22.10.2019-cu il tarixli 007-45082N-3219 saylı məktubdan görünür ki, X5 qanunazidd hərəkətləri ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciəti aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Müraciətə baxılmasının nəticəsi barədə Abşeron rayon Polis idarəsi tərəfindən əlavə məlumat veriləcəkdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintiaq və Təhqiqat İdarəsinin İddiaçı ünvanladığı 06.01.2020-ci il tarixli 05-45082/2 saylı məktubdan görünür ki, qanunsuzluqlara məruz qalması ilə bağlı tədbir görülməməsinə dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətə baxılmışdır. Müəyyən olmuşdur ki, Abşeron-A1 MTKnın icraçı direktoru işləmiş X7 pul ödəməyinə baxmayaraq mənzilin ona verilməməsinə dair şikayət ərizəsi əsasında Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsində araşdırma aparılmaqla toplanmış material hazırda Respublika Baş Prokurorluğunda öyrənilir. Şikayətlə rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə müraciət etmək hüququ vardır. Müraciəti cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna göndərilmişdir. -Abşeron Rayon Prokurorluğunun İddiaçı ünvanladığı 23.09.2020-ci il tarixli 790-Ş-20 saylı və 28.09.2020-ci il tarixli 790-S-20 saylı məktublardan görünür ki, Abşeron-A1 MTKnın rəhbəri X5 mənzil satmaq adı ilə onu aldadaraq pulunu ələ keçirməsi barədə etdiyi müraciət əsasında Abşeron rayon Polis idarəsinin istintaq şöbəsində araşdırmanın qeyriobyektiv aparılması Abşeron rayon Prokurorluğuna daxil olmuş müraciətə baxılmışdır. Müraciəti əsasında Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinin sabiq müstəntiqi Babək Hacıyev tərəfindən araşdırılmış material nəzarət qaydasında tələb edilib öyrənilmiş və müəyyən edilmişdir ki, material üzrə hərtərəfli araşdırma aparılmış, şahidlərin izahatı alınmış, müvafiq sənədlər alınaraq materiala əlavə edilmiş sair zəruri hərəkətlər həyata keçirilmişdir. Müraciəti əsasında Abşeron rayon Polis İdarəsinin İŞ-nin sabiq müstəntiqi Babək tərəfindən aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olmadığından 01.12.2019-cu il tarixli qərarla toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda, müraciətdə göstərilən xüsusatlar mülki qaydada məhkəmə vasitəsilə həll edildiyindən bu barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Toplanmış material Abşeron rayon Prokurorluğunda öyrənilmiş və qəbul edilmiş qərarın ləğvi üçün əsaslar müəyyən edilməmiş, qərar qanuni və əsaslıdır və məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə qərardad çıxarmaqla prokurora xəbər verir. Odur ki, qərarla razılaşmadığı halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğuna, yaxud məhkəməyə müraciət etmək hüququ vardır. Bu barədə 23.09.2020-ci il tarixli məktubla cavab verilmişdir. -Abşeron Rayon Prokurorluğunun Azerbaycan Respublikası Milli Məclisi rəhbərliyinin katibliyinə ünvanladığı 28.09.2020-ci il tarixli 790-Ş-20 saylı məktubdan görünür ki, 30 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nin BMCMİ-dən İddiaçı müraciəti Abşeron RPİ-nə daxil olmuşdur. İddiaçı müraciətində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Abşeron A1 MTK-nın sədri X5 18.06.2016-cı il tarixdə onunla MTK arasında bağlanmış müqaviləni saymadığını, dələduzluq edərək külli miqdarda ödədiyi vəsaiti ona qaytarmadığını, eləcə də ödədiyi vəsaitlərə baxmayaraq orada olan ona aid hər hansı mənzilin olmadığını dediklərini göstərmişdir. Material üzrə Abşeron rayon polis İdarəsinin İŞ tərəfindən aparılmış araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi ev 43, mənzil 12-də ailə üzvləri ilə birlikdə yaşayır. 18.06.2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən ünvan 6sədlə həmin MTK-ya ilkin ödəniş olaraq 30000 manat ödəmişlər. Aralarında olan razılaşmaya əsasən qalıq qalan 36000 manatı hər ay 1000 manat ödəməyi öhdəsinə götürmüşdür. 2017-ci ilin yay aylarında mənzili təhvil verməyə söz vermiş, lakin aradan uzun müddət keçməsinə baxmayaraq həmin şəxs binanı istifadəyə verməmiş və işin uzandığını demişdir. Bundan sonra həmin mənzili qaytararaq pulunu geri almaq istəmiş, Ağamoğlan Ağayevə bildirdikdə o, onlar ilə razılaşmayaraq adam tapmasını, evi aldıqdan sonra onun pulunu geri qaytarmalarını demişdir. Bundan sonra mənzili internet saytlarında yerləşdirmişlər və 2019-cu ilin avqust ayında müştəri evə baxmaq istədiyini demişdir. Bundan sonra Ağamoğlan Ağayevlə əlaqə yaratmaq istədikdə o, telefon zənglərinə cavab verməmiş, MTK-nın səlahiyyətli şəxslərindən olan Etibar adlı şəxslə əlaqə saxladıqda o, onların burada mənzil olmadığını bildirmişdir. Mənzilin ona verilməsi barədə sənədlərinin olmasını bildirsə də ona əhəmiyyət verilmədikdə şikayət etmişdir. İzahatı alınmış X12 izahatında İddiaçı göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu izahat vermişdir. İzahatı alınmış X11 izahatında göstərmişdir ki, 2010-cu ildən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Abşeron-A1 MTK-nın sədri vəzifəsində işləyir. 18.06.2016-cı ildə İddiaçı ilə aralarında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 1 ünvanında yerləşən binanın 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən 56 saylı mənzil verilmişdir. Müqavilənin şərtlərinə əsasən ilkin ödəniş olaraq 30 000 manat, sonradan isə 36 ay ərzində hər ayın 18-dək 1000 manat ödənilməsi nəzərdə tutulmuş, lakin İddiaçı və əri İlham Əliyev mütəmadi olaraq müqavilənin şərtlərini pozmuşlar. İddiaçı ilkin ödəniş olaraq 30000 manat pulu ödəsə də, hər ay 1000 manat pul ödəməli olmasına baxmayaraq 2-3 aydan bir ödəniş aparmış, ümumilikdə 45000 manat ödəmişdir. Lakin uzun müddət pul ödəmədikdə onda gah pullarının olmadığını, gah da oğlunun evin yerini bəyənmədiyini demişlər. Onlara gəlib ərizə yazmalarını, evi başqasına satıb onların pulunu vermələrini desələr də onlar bununla razılaşmamışlar. Onlara yenə də təklif edir ki, evin pulunu tam ödəsinlər, onlara başqa yerdən ev versinlər. Aralarında yaranmış narazılığın səbəbi İddiaçı evin pulunu tam ödəməməsidir. Material Abşeron rayon Prokurorluğunda öyrənilmiş, qərar qəbul edilməsi üçün material 30.11.2019-cu il tarixdə Abşeron RPİ-nə qaytarılmışdır. Beləliklə, İddiaçı müraciəti əsasında aparılan araşdırma materiallarla müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan məhkəmələr tərəfindən həll edilməlidir. Bununla da əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə 01 dekabr 2019-cu il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintiaq və Təhqiqat İdarəsinin İddiaçı ünvanladığı 01.03.2021-ci il tarixli 005-13460 saylı məktubdan görünür ki, qanunsuzluqlara məruz qalması ilə bağlı tədbir görülməməsinə dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətə baxılmışdır. Müəyyən olmuşdur ki, Abşeron-A1 MTKnın icraçı direktoru işləmiş X7 pul ödəməyinə baxmayaraq mənzilin verilməməsinə dair şikayəti əsasında Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılmaqla əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək etmək hüququ vardır. Müraciəti qərarın əsaslılığının yoxlanılması üçün cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna göndərilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 03.11.2020-ci il tarixli **********654100 saylı məktubundan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olmuş müraciətə cavab olaraq bildirilir ki, Abşeron-A1 MTK-nın (VÖEN:**********) rəhbəri X6r. Əlavə olaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən və Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanununun 4.1.2-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar kommersiya sirri hesab edilir. -Abşeron Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 12.05.2020-ci il tarixli 792 saylı məktubdan görünür ki, müraciətdə Abşeron-A1 MTK-dan müqavilə əsasında mənzil aldığını, lakin mənzilin MTK tərəfindən digərinə satıldığını qeyd etmiş, müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Qaldırdığı məsələnin həlli rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, Abşeron-A1 MTK tərəfindən inşa edilmiş yaşayış binasından mənzilin alınması ikitərəfli müqavilələr əsasında həyata keçirildiyi üçün sonradan yaranmış hər hansı bir mübahisəli məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. -Abşeron-A1 MTK tərəfindən qəbul edilmiş 19.07.2019-cu il tarixli 41/K saylı əmrdən çıxarışdan görünür ki, X11 19.07.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. -2 saylı Asan xidmət mərkəzində fəaliyyət göstərən Bakı şəhərinin X1 tərəfindən İddiaçı ünvanlanmış 08.05.2021-ci il tarixli 1213 saylı məktubdan görünür ki, ərizəyə və ərizəyə əlavə olunan sənədlərə cavab olaraq bildirir ki, Azərbaycan Respublikasının Notariat haqqında Qanununun 64-cü maddəsinə və Azərbaycan Respublikasında Notariat Hərəkətlərinin Aparılması qaydası haqqında Təlimatın 124-cü bəndinə əsasən notariuslar, müvafiq icra hakimiyyəti orqanları idarələrinin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətləri, həmin sənədlər qanunazidd olmadıqda, hüquqi əhəmiyyət daşıdıqda, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilmədikdə, habelə sənədlər səlahiyyətli vəzifəli şəxsin imzası və müvafiq qurumun möhürü ilə təsdiqlənmiş olduqda təsdiq edilir. Həmçinin, fiziki şəxsin verdiyi ərizənin surətinin düzgünlüyü sənədin əslində həmin şəxsin imzasının həqiqiliyi notarial qaydada təsdiq edilmiş olduqda təsdiq edilir. Abşeron-A1 Mənzil Tikinti kooperativi ilə bağlanmış Kooperativ Binanın Mənzil Tikintisi haqqında müqavilədə fiziki şəxsin imzasının həqiqiliyi notariat qaydasında təsdiq edilmədiyi üçün qeyd edilən müqavilənin surətinin düzgünlüyünün notarial qaydada təsdiq edilməsi mümkün olmamışdır. -Abşeron-A1 MTK-nın 16.09.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı aid mənzil Abşeron-A1 MTK-da № 278 qeydiyyat kitabından keçməmişdir. Həmin adı çəkilən şəxs MTK-nın keçmiş direktoru olmuş X11 ilə öz aralarında razılaşıb mənzil alqı-satqısı həyata keçirmişlər. İddiaçı həmin mənzilə görə ödənişi şəxsən X7 etmişdir. X11 isə həmin ödənişi MTK-nın kassasına daxil etməmişdir. Belə bir şəxsə müqavilə yazıldığından MTK-nın xəbəri olmamışdır. -Abşeron-A1 MTK-nın 21.09.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Abşeron-A1 MTK-da heç bir müqavilə yoxdur. Belə bir şəxs Abşeron-A1 MTK-nın qeydiyyat kitabından keçməmişdir. -Asan1 tərəfindən verilmiş 18.01.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu R.Axundov küçəsi 43 saylı evin 12 saylı mənzilində qeydiyyatdadır. -Asan1 tərəfindən verilmiş 01.02.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu R.Axundov küçəsi 43 saylı evin 12 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. İddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, sözügedən mübahisəli mənzil iddiaçının razılığı və müqavilə əsasında alqı-satqı predmeti olmuş və verilən müvafiq pul müqabilində alqı-satqı qanunamüvafiq qaydada rəsmiləşdirilərək həyata keçirilmişdir. Göründüyü kimi, müqavilə predmeti olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 1 ünvanında inşa edilən yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3-cü giriş 3 otaqlı ümumi sahəsi 120 kv.m olan 56 saylı mənzili 66000 manat qarşılığında almağı öhdəsinə götürmüş alıcı mənzilin dəyərindən ilkin ödəniş olaraq 30 000 manat ödəniş etməklə, 36 ay ərzində hər ay 1000 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərinə əsasən isə iddiaçı mənzilin dəyərindən MTK-ya 18.06.2016-cı il tarixdə 30000 manat, 18.07.2016-cı il tarixdə 1000 manat, 18.08.2016-cı il tarixdə 1000 manat, 18.09.2016-cı il tarixdə 1000 manat, 18.10.2016-cı il tarixdə 2000 manat, 26.12.2016-cı il tarixdə 2000 manat, 01.01.2017-ci il tarixdə 1000 manat, 03.05.2017-ci il tarixdə 2000 manat, 10.06.2017-ci il tarixdə 4000 manat, 30.07.2017-ci il tarixdə 1000 manat, tarixi qeyd olunmayan qəbzə əsasən 1000 manat olmaqla cəmi 46 000 manat ödəniş etmişdir. Kooperativ tərəflər arasında bağlanmış müqaviləyə əsasən payçıya mənzili təhvil verməyi öhdəsinə götürsə də, bağlanmış müqavilənin müddətindən 6 ildən artıq müddət keçdiyindən bu hal, iddiaçının mənzillə təmin olunmaq hüququnun pozulması ilə nəticələnmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin mühüm şərtləri barədə razılığa gəlinmiş, müqavilənin şərtlərində konkret olaraq göstərilməsə də, mənzil iddiaçıya təhvil verilməli olduğu halda həmin vaxtdan altı ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh mənzili iddiaçıya təhvil verməmiş və bununla da, cavabdeh Abşeron-A1 MTK tərəfindən həmin müqavilənin şərtləri pozulmuşdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8 maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən,kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərancam vermək hüququnu əldə edirlər. Şərh olunan hüquq normasını, Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8 maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəf mübahisələndirilən mənzilin dəyərini tam ödəmişdir. Müqavilə şərtlərində qeyd edilməsə də tərəflər arasında olan şifahi razılaşmaya əsasən, mənzil 2 il müddətinə, yəni 2017-ci ilin əvvəlində iddiaçıya təhvil verilməli idi. Belə ki, tikinti inşasında müddətin müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağılabatan müddətdə müəyyən edilməlidir. Ağılabatan müddət dedikdə mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Məhkəmə hesab edir ki, tikinti kooperativi (şirkəti) üçün çoxmənzilli binanın tikib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağlabatan müddəti 3 il müəyyən edilməlidir. İddiaçı ilə cavabdeh tərəfindən bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən yerinə yetirilməsi şərtləri pozulmamış, lakin müqavilənin bağlanmasından 3 illik müddət başa çatmışdır. Məhkəmə araşdırması zamanı Abşeron-A1 MTK-nın dirketoru vəzifəsində çalışmış, hazırki iş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində 18.06.2016-cı il tarixdə payçı İddiaçı ilə bağlanmış müqaviləyə əsasən payçı tərəfindən edilmiş ödənişlərin geri qaytarılmasına razılığın olması təsdiqini tapdığından, məhkəmə şahidin ifadəsi əsasında edilmiş bu etirafı digər sübutlarla yanaşı qiymətləndirib, iddiaçının mənzilə görə edilmiş ödənişlərin geri qaytarılması tələbinə dair müraciətinə cavab verməyən cavabdeh MTK-nın müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, iddiaçının mənzilə görə ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsinin əsalı olduğu qənaətinə gələrək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə cavabdeh Abşeron-A1 MTK arasında bağlanmış 18.06.2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 1 ünvanında inşa edilən yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3-cü giriş 3 otaqlı ümumi sahəsi 120 kv.m olan 56 saylı mənzilə görə ödənilmiş 46000 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ilə cavabdeh Abşeron-A1 Mənzil Tikinti Kooperativi arasında bağlanmış 18.06.2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 1 ünvanında inşa edilən yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3-cü giriş 3 otaqlı ümumi sahəsi 120 kv.m olan 56 saylı mənzilə görə ödənilmiş 46000 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar