Məhkəmə qərarları › İş №2(012)-2668/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2668/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2668/2021 04.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 879,79 manat əsas borc, 36,81 manat faiz borcu olmaqla, ümumilikdə 916,6 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 2300 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında 23.05.2018-ci ildə bağlanmış 1003070/11898 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi Cavabdeh1 tamamilə icra edəcəyini öz öhdəsinə götürmüşdür. Belə ki, cavabdehlər qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca yerinə yetirməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşlar. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müqavilə üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə Cavabdeh2 27.01.2021-ci il tarixinə 23.05.2018-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 879,79 manat əsas borc, 36,81 manat faiz borcu olmaqla, ümumilikdə 916,6 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 17 mart 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 30 mart 2021-ci il tarixdə məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 istehlak məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 2300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 arasında 23.05.2018-ci ildə bağlanmış 1003070/11898 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durmuşdur. Mülki işin materiallarında olan borca dair maliyyə arayışından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2018-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 27.01.2021-ci il tarixinə Cavabdeh2 İddiaçı ASC-yə 879,79 manat əsas borc, 36,81 manat faiz borcu olmaqla, cəmi 916,6 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borlcu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 23.05.2018-ci il tarixli ******* saylı kredit müqaviləsi və Cavabdeh1 ilə 23.05.2018-ci il tarixli 1003070/11898 saylı zaminlik müqaviləsi bağlanmasına baxmayaraq, cavabdehlər bu müqavilələrlə üzərlərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirmədiklərindən iddia əsaslı olmaqla təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 879,79 manat əsas borc, 36,81 manat faiz borcu olmaqla, ümumilikdə 916,6 manat borc və dövlət rüsumu üçün ödənilmiş 30,40 manat məbləğində vəsait tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.05.2018-ci il tarixli ******* saylı kredit müqaviləsi və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23.05.2018-ci il tarixli 1003070/11898 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 879,79 (səkkiz yüz yetmiş doqquz manat 79 qəpik) manat əsas borc, 36,81 (otuz altı manat 81 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 916,6 (doqquz yüz on altı manat 60 qəpik) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat məbləğində vəsait tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar