Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2682/2025 07.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu cəmi 550 manat, hüquqi yardım üçün ödənilmiş 50 manat və iddia ərizəsinin verilməsi üçün rüsum kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qızı Zeynəbin sinif yoldaşı Arzunun anasıdır. Cavabdeh Xırdalan şəhərində yerləşən 1 saylı uşaq bağçasında müəllimə işləyirdi. Qızı Zeynəb ona bildirmişdir ki, Arzunun anası onunla danışmaq istəyir. Arzunun anası Elnurəni ümumiyyətlə tanımamış və görməmişdir. İllərdir uşaqları eyni sinifdə oxusalar da, Cavabdeh heç bir valideyn iclasında və məktəbin digər tədbirlərində iştirak etməyib. Qızı Zeynəbin xətrinə telefonla Elnurə ilə danışan zaman bildirmişdir ki, onun maddi vəziyyəti pisdir, heç kim ona kömək etmir. Ona bildirmişdir ki, təcili olaraq 700 manat pul lazımdır. Həmin pulu qardaşından borc alaraq xx.xx.2022-ci il tarixdə Cavabdehin işlədiyi bağçanın qarşısında vermiş, o isə öz xətti ilə şəxsiyyət vəsiqəsinin üzərində ondan həmin pulu borca aldığını və ən geci 2022-ci ilin mart ayının sonunda qaytaracağını qeyd etmişdir. Cavabdeh ona həmin puldan cəmi 150 manat qaytarmışdır. Buna baxmayaraq, həmin vaxtdan bir neçə il keçsə də, bu günə qədər qalan pulu ala bilməmişdir. Bu barədə Abşeron rayon Polis İdarəsinə müraciət etsə də, Polis İdarəsi tərəfindən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli sadə yazılı qəbzin surətindən görünür ki, Cavabdeh iki ay müddətinə qaytarmaq şərtilə İddiaçı 700 manat borc pul almışdır. İşdə olan Abşeron rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı etdiyi şikayət ərizəsinə uyğun olaraq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdəki xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Nəsirova X1 şəhər Vəkil Bürosunun hesabına 80 manat vəsait ödəmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında borc verilməsilə bağlı münasibətlər olmuş, 2022-ci ili yanvar ayında cavabdeh iddiaçıdan 2 ay müddətə qaytarmaq şərtilə 700 manat borc almışdır. Cavabdeh borcunu qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu tam icra etməmiş, borcdan 150 manat qaytarmış, lakin qalan 550 manat borcunu qaytarmamışdir. İddianın bu məbləğdə əsaslı olması iş materialları ilə tamamilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd olunmalıdır ki, tərəflər arasındakı münasibətlər borc münasibətləri olmuş, onlar öz aralarında bu barədə müqavilə bağlamışlar. Borcun 700 manat məbləğində verilməsini və ondan 150 manat qaytarılmasını iddiaçı məhkəmə iclasında sübuta yetirə bilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qalan 550 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, işdən görünür ki, iddiaçı hazırki mübahisənin məhkəmə qaydasında həll edilməsi məqsədilə (iddia ərizəsinin tərtibi və s.) Xırdalan şəhər Vəkil Bürosunun hesabına 80 manat vəsait ödəmişdir. İddia ərizəsində İddiaçı cavabdehdən hüquqi yardıma ödənilmiş pulun 50 manat hissəsini tələb edir. Məhkəmə iddianı bu hissədə də əsaslı hesab edir və onun təmin edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 600 manat məbləğində pul vəsaiti, habelə 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh cəmi 630 (550+50+30) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2682/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2682/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver