Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-269/2022 08.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bankın xeyrinə 2015-ci il 13 avqust tarixli kredit müqaviləsi üzrə 1655,13 ABŞ dolları əsas, 2472,58 ABŞ dolları faiz, 8029,41 ABŞ dolları cərimə və müqavilə müddətinin bitdiyi 13.08.2017-ci il tarixdən 04.06.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 427,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 12584,87 ABŞ dolları məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (əvvəlki adı "xxxx" X1 ASC) ilə Cavabdeh arasında bağlanmış 13 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 28% dərəcəsi ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 04 iyun 2021-ci il tarixə iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı bank tərəfindən Cavabdeh xəbərdarlıq məktubları ilə müraciət olunsa da, cavabdeh tərəfindən bu xəbərdarlıqlara məhəl qoyulmadığından bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə prosesində iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, iddia tələbində qeyd olunan miqdarda pul vəsaitini birdəfəyə ödəmək imkanı yoxdur. Məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 avqust 2015-ci il tarixli 22-Y-2-0-312--15 №-li kredit müqaviləsindən görünür ki, "xxxx" X1 - “Bank”, Cavabdeh – “borcalan” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə illik 28% dərəcəsi ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.14-cü bəndinə əsasən, gecikdirilmiş borc yaranan halda - hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 180%-i həcmində dəbbə pulu hesablanır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, kredit üzrə faizlər hər ayın 30-u, (hər rübün son ayının 30-u və ya ödəniş qrafikində göstərilmiş) tarixindən gec olmayaraq Borc alan tərəfindən Kreditora ödənilir. Kredit üzrə kreditora çatmalı olan faizlər borc alan tərəfindən hər ayın 30-u, (hər rübün son ayının 30-u və ya ödəniş qrafikində göstərilmiş) tarixədək ödənilmədikdə həmin faizlər vaxtı ötürülmüş faizlər hesab olunur. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu müqavilənin 1.14-cü bəndində nəzərdə tutulmuş miqdarında Banka dəbbə pulu ödəməlidir. İş materiallarında olan İddiaçı ASC-nin 04 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1655,13 ABŞ dolları əsas borc, 2472,58 ABŞ dolları faiz borcu, 8029,41 ABŞ dolları dəbbə pulu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən maliyyə arayışının verildiyi tarixədək illik 5 faiz hesablanmaqla 427,75 ABŞ dolları əldən çıxmış fayda qismində borcu olmaqla – cəmi 12584,87 ABŞ dolları məbləğində borcu vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanıb. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh 13 avqust 2015-ci il tarixli kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək "xxxx" İKB-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc məbləğinin dəqiq müəyyən edilməsi ilə bağlı məhkəmənin 25 avqust 2021-ci il tarixli, 2(012)-4562/2021 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2022-ci il tarixli, 9/8370 saylı müvafiq rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 13 avqust 2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu - kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas borc üzrə 2959,67 ABŞ dolları, faiz borcu üzrə 1468,91 ABŞ dolları və maliyyə arayışında borcun hesablandığı tarixə əsas borc üzrə 1693,50 ABŞ dolları, faiz borcu üzrə 1897,95 ABŞ dolları təşkil edir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki iş üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği (1693,50 ABŞ dolları) iddia tələbində göstərilən əsas borcun məbləğindən (1655,13 ABŞ dolları) çox olduğundan məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh tutulmalı əsas borc iddia tələbinə uyğun, yəni 1655,13 ABŞ dolları, faiz borcu isə ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə, yəni 1468,91 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 13 avqust 2015-ci il tarixli müqavilə üzrə hesablanmış 8029,41 ABŞ dolları cərimə pulunun məbləği azaldılmalı və 15 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cıı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əldən çıxmış faydanın tutulması hissəsində də əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 427,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda üçün pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat ödənilmişdir. Həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə 150 manat vəsait sərf edilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat pul vəsaitinin 50 manat hissəsi iddiaçıdan, 100 manat hissəsi Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1655,13 ABŞ dolları məbləğində əsas, 1468,91 ABŞ dolları məbləğində faiz borcu, 15 ABŞ dolları məbləğində cərimə, 427,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 3566,79 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı ASC-dən, 100 manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-269/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-269/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver