Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2694/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X6, Cavabdeh1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən müştərək qaydada aldadılaraq ondan alınmış 11000 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC tərəfindən tikilmiş Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 21 saylı küçədə inşa edilmiş 5 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,7 kv.m olan 1 otaqlı 2 saylı mənzili Cavabdeh1 etibarnamə əsasında satın almışdır. Cavabdeh1 ona etibarnamə verən zaman o da öz növbəsində cavabdehə 11000 manat pulu nağd şəkildə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2, Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 və onların dayısının, maklerin yanında vermişdir. Cavabdeh1 ona etibarnaməni 21.01.2020ci il tarixdə vermişdir. O, həmin tarixdən həmin evdə yaşamağa başlamışdır. 12.03.2021ci il tarixdə "xxxx" ASC tərəfindən həmin evə Cavabdeh1 adına bildiriş göndərilmiş, həmin bildirişlə bank tərəfindən Cavabdeh1la bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 15500 manat kredit borcunun ödənilməsi, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. O, evi Cavabdeh1 alan zaman Cavabdeh1 hər hansı bir ödəniş gecikməsi və borcu olmadığını bildirmişdir. Bundan əlavə o, "xxxx" MMC-yə müraciət etdikdə MMC Cavabdeh1 mənzilə dair borcu olmadığını bildirmişdir. O, həmin evi daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan adını xatırlamadığı şəxsin vasitəsilə almışdır. O, Cavabdeh1 bildiriş barədə məlumat verdikdə və pulu alaraq nə üçün onu aldatdığını soruşduqda Cavabdeh1 ona 11000 manat pul vəsaitinin ona çatmadığını bildirərək həmin vəsaiti maklerdən tələb etməyi, makler isə evin Cavabdeh1 məxsus olduğunu, bu səbəbdən həmin pul vəsaitini məhz Cavabdeh1 tələb etməyi ona tövsiyə etmişdir. Bank isə öz növbəsində Cavabdeh1 kredit borcunun ödənilməsi ilə bağlı növbəti dəfə bildiriş göndərərək evdən çıxmağını tələb etmiş, mənzili satışa çıxaracağını bildirmişdir. Ona görə də göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X7 iddia tələbini qismən qəbul edərək izahatında İddiaçı iddia etdiyi 11000 manat pul vəsaitinin 7000 manatını təhvil aldığını, qalan 4000 manat pul vəsaiti barədə məlumatı olmadığını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Təhvil verən "xxxx" MMC ilə təhvil alan Cavabdeh1 arasında bağlanmış 04.04.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, təhvil alan öz şəxsi büdcəsindən istifadə edərək müəyyən sayda işçi qrupu ilə alqı-satqı müqaviləsinə (çıxarışa) əsasən, özünə məxsus olan mənzili və ya fərdi yaşayış evini təmir etməyi öhdəsinə götürmüş, bu müqavilə üzrə 21 saylı küçə 5 saylı bina 2 saylı mənzilin təmir-tikinti işlərinin görülməsinin təhvil verənin razılığı əsasında aparılması bu müqavilənin predmetini təşkil edir. - Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 02.03.2015-ci il tarixli 6-02-03-2015-YS-AAAF-AE saylı daxili ipoteka krediti üçün təminatlı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 180 ay müddətinə illik 10 faiz ödəmək şərtilə 46960 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. - Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 02 mart 2015-ci il tarixli ABB YM-0010 saylı "xxxx" MMC və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 1, ümumi sahəsi 49,7 kv.m ibarət 1 otaqlı 2 saylı mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. - Kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən, borcalan tərəfindən kreditin qaytarılması təqdim olunmuş ödəniş cədvəlinə (Əlavə N:1) uyğun olaraq bərabər hissələrlə aylıq ödəmələrin həyata keçirilməsi yolu ilə aparılır. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 02-dək aylıq 504,70 manat məbləğində bərabər hissələrlə ödənilir. - "xxxx" ASC tərəfindən borcalan Cavabdeh1 ünvanlanmış 12.03.2021-ci il tarixli PK- 107 saylı bildirişdən görünür ki, bank tərəfindən borcalana 02.03.2015-ci il tarixli kredit müqaviləsi borcun 3 iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - "xxxx" ASC tərəfindən borcalan Cavabdeh1 ünvanlanmış 21.04.2021-ci il tarixli 22- 5099/2021 saylı bildirişdən görünür ki, bank tərəfindən borcalana 02.03.2015-ci il tarixli kredit müqaviləsi borcun 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq olunmuş 21.01.2020-ci il tarixli AR-İ 996534 saylı etibarnamənin surətindən görünür ki, etibar edən Cavabdeh1 etibar edilən İddiaçı "xxxx" MMC tərəfindən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin, 21 saylı küçəsində inşa edilən 5 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 49.7 kv.m olan 1 otaqlı 2 saylı mənzilə dair sənədləri toplamağı, bütün idarə və təşkilatlarda, həmçinin FHN-də, ƏMDK yanında DƏDRX-də, İH-də, notariat ofisində nümayəndə olmağı və digər səlahiyyətləri 30 il müddətinə, yəni 21.01.2050-ci il tarixədək etibar etmişdir. - Cavabdeh1 "xxxx" MMC-yə ünvanladığı 21.01.2020-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 adına olan "xxxx" MMC tərəfindən tikilmiş Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilmiş bina 5, mərtəbə 1, ümumi sahəsi 49.7 kv.m olan 1 otaqlı 2 nömrəli mənzildən və paydan imtina etmiş, MMC-nin üzvlüyündən azad edilməsini xahiş etmiş, həmin mənzilin istənilən şəxsin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına etiraz etmədiyini, gələcəkdə bu mənzilə və MMC-yə qarşı heç bir iddiasının olmayacağını bildirmişdir. - Cavabdeh2 "xxxx" MMC-yə ünvanladığı 21.01.2020-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 adına olan "xxxx" MMC tərəfindən tikilmiş Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilmiş bina 5, mərtəbə 1, ümumi sahəsi 49.7 kv.m olan 1 otaqlı 2 nömrəli mənzildən imtina etməsinə razılıq vermiş, həmin mənzilin istənilən şəxsin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına etiraz etmədiyini, gələcəkdə bu mənzilə və MMC-yə qarşı heç bir iddiasının olmayacağını bildirmişdir. - Füzuli rayonu Böyük Bəhmənli kənd İcra Nümayəndəliyi tərəfindən 17.06.2012-ci il tarixdə verilmiş AZ-İ 738632 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 arasında 17.06.2012-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeydiyyat aparılmış, nikaha daxil olduqdan sonra qadına Məmmədova soyadı verilmişdir. - "xxxx" MMC-nin 10.06.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 mart 2015-ci il tarixli ABB YM-0010 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167, “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilmiş bina 5, mərtəbə 1, sahəsi 49.7 kv.m-dən ibarət 1 otaqlı, ümumi dəyəri 52185 manat məbləğində 2 nömrəli mənzili ilkin 5225 manat ödəniş və qalıq 49960 manat məbləğini "xxxx" ASC-nin vasitəsilə kreditləşmə qaydasında alınmışdır. Hazırda sözügedən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilmiş bina 5, mərtəbə 1, sahəsi 49.7 kv.m-dən ibarət 1 otaqlı, 2 nömrəli mənzil 02.03.2015-ci il tarixli ABB YM-0010 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən alıcı qismində Cavabdeh1 adına qeydə alınmışdır. Cəmiyyətin arxiv məlumatlarında həmin mənzilin Cavabdeh1 tərəfindən İddiaçı və ya üçüncü şəxsə satılması barədə məlumat aşkar edilməmişdir. - "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış 02.03.2015-ci il tarixli ABB YM-0010 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cəmiyyət Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 1, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 49,7 kv.m. ibarət, 1 otaqlı 2 N-li təmirli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh1 "xxxx" ASC ilə bağladığı 02.03.2015-ci il tarixli 6-02-03-2015-YS-AAAF-AE saylı daxili ipoteka krediti üçün təminatlı kredit müqaviləsinə əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 21 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 1, ümumi sahəsi 49,7 kv.m ibarət 1 otaqlı 2 saylı mənzilinin alınmasına dair 180 ay müddətinə illik 10 faiz ödəmək şərtilə 46960 manat kredit götürmüş, "xxxx" MMC-yə ünvanladığı 21.01.2020-ci il tarixli ərizəyə əsasən isə həmin mənzildən və paydan imtina etmiş, MMC-nin üzvlüyündən azad edilməsini xahiş etmiş, həmin mənzili istənilən şəxsin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına etiraz etmədiyini, gələcəkdə bu mənzilə və MMC-yə qarşı heç bir iddiasının olmayacağını bildirmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən Cavabdeh1 nümayəndəsinin İddiaçı iddia etdiyi 11000 manat pul vəsaitinin 7000 manat hissəsini almasını etiraf etməsi öz təsdiqini tapdığından və bu etirafın başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirmədiyi müəyyən olunduğundan, məhkəmə iddia tələbini Cavabdeh1 iddiaçının xeyrinə 7000 manat pul vəsaitinin tutulması hissəsində əsaslı hesab edib təmin edilməsi qərarına gəlir. Eləcə də məhkəmə araşdırması zamanı iddiaçının qalan 4000 manat pulun cavabdehlərə verilməsini və cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin, ümumiyyətlə, iddia tələbi üzrə cavabdehliyini sübuta yetirmədiyindən məhkəmə iddia tələbinin qalan hissədə təmin edilməməsi qərarına gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərclərinə aid olan 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 7000 (yeddi min) manat pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2694/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2694/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver