Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2694/2022 09.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 14000 manat pulun, borcun verilməsinin gecikdirilməsinə görə 3% həcmində 1890 manat dəbbə pulunun və ödədiyi rüsumun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o bir neçə il bundan əvvəl Xırdalan şəhərində yerləşən Cavabdehndən bir otaqlı mənzil almış, mənzilin alqı-satqısı barədə həmin MTK ilə müqavilə bağlamış, bir neçə dəfəyə MTK-ya 25000 manat pul ödəmişdir. Sonra ona məlum olmuşdur ki, MTK ona satılan mənzili, eyni zamanda başqa şəxsə satmışdır. MTK-ya ödədiyi pulun qaytarılmasını dəfələrlə tələb etmiş, hər dəfə də MTK-nın nümayəndəri bunu ona vəd etsələr də, pulu qaytarılmamışdır. Ona görə də məcbur olub şirkətin dələduzluq əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Onun müraciəti əsasında həmin idarədə şirkətin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb istintaq aparılmışdır. İstintaq zamanı ona dəymiş ziyanın bir hissəsi qaytarılmış, 14000 manat isə qaytarılmamış olaraq qalmışdır. Həmin cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılarkən hər dəfə görüşəndə təqsirləndirlən şəxs X1 özü, eləcə də MTK-nın digər nümayəndələri pulunu yaxın vaxtda tam ödəyəcəklərini vəd verib, ondan məhkəməyə şikayətin və tələbinin olmaması barədə ərizə yazmağı xahiş etmişlər. O isə buna inanaraq belə bir ərizə yazıb məhkəməyə vermişdir. Eyni zamanda, Cavabdeh ona 14000 manat borclu olması barədə notarial formada 27 oktyabr 2021-ci il tarixdə borcun etirafı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə görə Cavabdeh MTK 2021-ci ilin noyabr ayından etibarən hər ayın 15-i ödəmək şərti ilə aylıq 3500 manat olmaqla 4 ay ərzində, ümumilikdə 14000 manat pulun qaytarılmasını öhdəsinə götürmüşdür. Həmin müqaviləyə görə Cavabdeh MTK hər ayın 15-i ödəməli olduğu pulu gecikdirərsə, ödənilməli olan məbləğin üzərinə 3% həcmində dəbbə pulu əlavə edilir. Lakin xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh MTK öhdəliyinə əməl etməmiş və üzərinə götürdüyü borcdan bir manat belə qaytarmamışdır. Bugünə həmin borca görə dəbbə pul 1890 manat (2021-ci ilin noyabr ayına görə 105 manat, 2021-ci ilin dekabr ayına görə 210 manat, 2022-ci ilin yanvar ayına görə 315 manat, 2022-ci ilin fevral, mart, aprel aylarına görə hər ay üçün 420 manat) təşkil edir. Hazırda MTK-nın rəhbər işçiləri onun telefon zənglərinə cavab verməməklə və onunla görüşməkdən yayınmaqla faktiki olaraq borcu qaytarmaqdan imtina edirlər. Bu səbəbdən də ağır maddi vəziyyətə düşmüşdür. Göstərilələrə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış 27 oktyabr 2021-ci il tarixli borcun etirafı müqaviləsindən görünür ki, Cavabdeh MTK xx.xx.2020-ci il tarixində, Azərbaycan Respublikasının Baş Prokrorunun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən təsdiq edilmiş ittiham aktındakı borc məbləğindən 14000 manat hissəsini qəbul etmiş və № 1(012)- 34/2021 cinayət iş üzrə mülki İddiaçı 2021-ci ilin noyabr ayından etibarən hər ayın 15-i ödəmək şərtilə aylıq 3500 manat olmaqla 4 ay ərzində ümumilikdə 14000 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış 27 oktyabr 2021-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən, Cavabdeh MTK xx.xx.2020-ci il tarixində, Azərbaycan Respublikasının Baş Prokrorunun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən təsdiq edilmiş ittiham aktındakı borc məbləğindən 14000 manat hissəsini qəbul etmiş və № 1(012)-34/2021 cinayət iş üzrə mülki İddiaçı 2021-ci ilin noyabr ayından etibarən hər ayın 15-i ödəmək şərtilə aylıq 3500 manat olmaqla 4 ay ərzində ümumilikdə 14000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh təşkilat sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetiməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. .Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan əlavə Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış 27 oktyabr 2021-ci il tarixli borcun etirafı müqavilədən görünür ki, tərəflərin qarşılıqlı razılığına əsasən, Cavabdeh MTK hər ayın 15-i ödəməli olduğu pulu gecikdirərsə, ödənilməli olan məbləğin üzərinə 3 % həcmində dəbbə pulu əlavə edilir. Məhkəmə tərəflər arasında bağlanmış 27 oktyabr 2021-ci il tarixli müqavilənin qeyd olunan şərtinə əsaslanaraq hesab edir ki, iddia tələbinin dəbbə pulu hissəsinin də qanuni əsası vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin,məhkəmə iddiaçı tərəfindən 2021-ci ilin noyabr ayına görə 105 manat, 2021-ci ilin dekabr ayına görə 210 manat, 2022-ci ilin yanvar ayına görə 315 manat, 2022-ci ilin fevral, mart, aprel aylarına görə hər ay üçün 420 manat olmaqla,ümumilikdə tələb olunan 1890 manat dəbbə pulunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsaslanaraq azaldılması nəticəsinə gəlir və hesab edir ki, 1000(min) manat dəbbə pulunun saxlanması hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 138 manat dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehndən 14000 manat əsas borc, 1000 manat dəbbə pulu və 138 manat dövlət rüsumu olmaqla, ümumilikdə 15138 (on beş min yüz otuz səkkiz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2694/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2694/2022
09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver