Məhkəmə qərarları › İş №2(012)-2698/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2698/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2698/2021 29.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Habil Yunis oğlu Əhmədov İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa görə 170 manat məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa görə 170 manat məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 36.5-ci maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.5-ci maddəsinə görə iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Belə ki, 10.12.2008-ci il tarixli AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Tərtər rayonu, Buruc kəndində qeydiyyatdadır. Elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh Quba rayonu, Asmar Ərazi döngəsi Alıc kəndində qeydiyyatdadır. 12.01.2021-ci il tarixli Abşeron rayon İHB-nın Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Abşeron rayon Mehdiabad qəsəbəsi 12 saylı evdə yaşayır. Göründüyü kimi İddiaçı Tərtər rayonu, Buruc kəndində daimi qeydiyyatda olmaqla, Abşeron rayon Mehdiabad qəsəbəsi 12 saylı evdə qeydiyyatsız yaşayır, cavabdeh isə Quba rayonu, Asmar Ərazi döngəsi Alıc kəndində qeydiyyatdadır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmçinin həmin Qanunun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi barədə sənəd yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Habelə həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Eyni zamanda həmin Qanunun 10-cu maddəsində qeyd edilmişdir ki, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, ış günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır. Məlum olduğu kimi qanunvericilikdə şəxsin yaşayış yeri dedikdə onun daimi və müvəqqəti yaşadığı və şəxsiyyət vəsiqəsində müvafiq dövlət orqanı tərəfindən qeyd aparıldığı yer nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də məhkəmə hesab edir ki, iş aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığı üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa görə 170 manat məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar