Məhkəmə qərarları › İş №2(012)-2700/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2700/2023

20.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2700/2023 20.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X4, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı Regional Şöbəsinin nümayəndəsi X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasına, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı Regional Şöbəsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı «əmək funksiyasını yerinə yetirməyinə yaradılan qanunsuz maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayon Xırdalan şəhər 22 saylı körpələr evi uşaq baxçasının direktoru Fəranə Məhərrəmova tərəfindən əmək funksiyasını yerinə yetirməyinə yaradılan qanunsuz maneənin aradan qaldırılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, 2013-cü ildən Abşeron rayonu Xırdalan şəhəri 22 saylı körpələr evində “əvəzedici tərbiyəçi” vəzifəsində işləyir. 2021-ci ilin dekabr ayından Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə məktəbəqədər təhsil müəssisələri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeçiliyinə keçdikdən sonra Xırdalan şəhər 22 nömrəli körpələr uşaq bağçasında Abşeron-Xızı regional Təhsil İdarəsinin Tabeliyinə verilməsi, AR-nın Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı regional Təhsil İdarəsinin yeni ştat cədvəlinə əsasən “əvəzedici tərbiyəçi” adlı ştat dəyişilmiş, əvəzedici sözü çıxarılmış və “tərbiyəçi” ştatı yerində qalmışdır. 2022ci ilin yanvar ayında körpələr evinin direktoru Məhərrəmova Fəranə ona şifahi olaraq vəzifəsinin Təhsil Nazirliyi tərəfindən ləğv olunduğunu və onun işdən azad olunduğunu bildirmişdir. O, Əmək Məcəlləsinin hansı maddəsi ilə işdən azad olunduğunu soruşmuş və əmək kitabçasını tələb etmişdir. Lakin direktor yenə şifahi olaraq ona əmək kitabçasını verməyəcəyini bildirmişdir. O, buna etiraz etmiş və daimi olaraq tərbiyəçi vəzifəsinə keçirilməyini xahiş etmişdir. Lakin direktor ona hara istəsə şikayət edə biləcəyini bildirmişdir. X3 iş yerinə buraxmır səbəb olaraq “əvəzləyici tərbiyəçi” ştatının ləğv olunduğu üçün onu işə buraxmadığını demişdir. Halbuki, 2013-ci ilin 01 iyun tarixində əmri həmin ştat üzrə verilmişdir. Hətta həmin ştatın adı dəyişsə də “tərbiyəçi” ştatına keçirilməli idi. Belə ki, o, işə gedir, amma direktor onu işə buraxmır, onu təhdid edir, hədə qorxu gəlir. Direktor normal iş fəaliyyətinə məaneə yaradır və bu da onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxardır. Həmçinin onun himayəsində üç övladı var. Maddi durumları heç də yaxşı deyil. Bu səbəbdən də, əmək funksiyasını yerinə yetirməyinə yaradılan qanunsuz maneənin aradan qaldırılması tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi İddiaçı vəkili-nümayəndəsi X9 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru X5 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı müddətsiz müqavilə ilə Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasında əvəzedici-tərbiyəçi işləyir. 2021-ci ilin dekabr ayından onları Təhsil Nazirliyinin tabeliyinə qaytarmışlar. 2022-ci ilin yanvar ayında onu maliyyə şöbəsinə çağıraraq, əvəzedici-tərbiyəçilərin müddətli müqavilə ilə işləməli olduqlarını bildirmişlər. Regional Təhsil idarəsi özü işçilərlə müqavilə bağlamış, özü də azad etmişdir. Müddətli əmək müqaviləsinə keçmək ilə bağlı əvəzedici özü ərizə yazmalıdır. Ona deyilmişdir ki, İddiaçı işləsin, lakin Oksananın əmək haqqını o verməlidir. O, hər ay tabeli verir, lakin tabel geri qaytarılır. Onlar bu haqda Regional Təhsil idarəsinə müraciət etmişlər. Odur ki, maliyyə sektoru pul ayırarsa, İddiaçı gəlib işləyə bilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron Xızı Regional Şöbəsinin nümayəndəsi X10 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı rəsmi əmək müqaviləsi ilə işə götürülmüşdür. İddiaçı müqaviləsi müddətsiz olduğuna görə sistem qəbul etmir. Onlar Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasının direktorunu cərimə etmiş, inzibati tənbeh etmişlər. Tərəflərindən araşdırılma aparılmış, iddiaçının işlə təmin olunmasına dair tədbirlər görülmüş və dəfələrlə Fəranə Məhərrəmovaya müraciətlər etmişlər. Odur ki, iddiaçı haqlıdır və işə bərpa edilməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı müddətli əmək müqaviləsi ilə işləməli olduğu halda müddətsiz əmək müqaviləsi ilə işə götürülmüşdür. Bağçada hal-hazırda ştat yoxdur. İddiaçı məzuniyyətdə olan işçilərin yerinə əvəzedici-tərbiyəçi olaraq işləyə bilər. Odur ki, o, iddia tələbini qəbul edir və iddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 08 may 2013-cü il tarixli, 34 №-li əmrdən görünür ki, İddiaçı ali təhsili nəzərə alınaraq xx.xx.2013-cü il tarixdən Xırdalan şəhər 22 №-li körpələr evi uşaq bağçasına əvəzedici-tərbiyəçi təyin edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasında əvəzəedici tərbiyəçi (əvəzedici) işləyən İddiaçı əmək müqaviləsinin müddətsiz bağlanması müəyyən edilmişdir. İş materiallarında olan DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı mövcud əmək şəraitinin tətbiqi qanunvericiliyə uyğun müəyyən edilməmiş, məcburi boşdayanma ödənilməmiş, bununla da Əmək Məcəlləsinin 54-cü və 169-cu maddəsinin tələbləri pozulmuş, nəticədə Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru X5 tərəfindən AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, işçilərin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməklə Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru X5 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 700 manat məbləğində cərimə növü tətbiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 08 may 2013-cü il tarixli, 34 №-li əmrdən göründüyü kimi İddiaçı ali təhsili nəzərə alınaraq xx.xx.2013-cü il tarixdən Xırdalan şəhər 22 №-li körpələr evi uşaq bağçasına əvəzedici-tərbiyəçi təyin edilmiş, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişə əsasən, Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasında əvəzəedici tərbiyəçi (əvəzedici) işləyən İddiaçı əmək müqaviləsinin müddətsiz bağlanması müəyyən edilmişdir. Lakin Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru X5 iddiaçıya vəzifəsinin Təhsil Nazirliyi tərəfindən ləğv olunduğunu və işdən azad olunduğunu bildirməsi, iddiaçının işə getməsi, lakin direktorun iddiaçını işə buraxmaması faktı iddiaçının izahatı ilə öz təsdiqini tapmış və həmin halı təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən, İddiaçı mövcud əmək şəraitinin tətbiqi qanunvericiliyə uyğun müəyyən edilməmiş, məcburi boşdayanma ödənilməmiş, bununla da Əmək Məcəlləsinin 54-cü və 169-cu maddəsinin tələbləri pozulmuş, nəticədə Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi- Uşaq Bağçasının direktoru X5 tərəfindən AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, işçilərin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməklə Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru X5 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 700 manat məbləğində cərimə növü tətbiq edilmişdir. İddiaçı əvəzedici-tərbiyəçi vəzifəsində çalışmışdır. Bu vəzifə üzrə əmək funksiyası məzuniyyətə gedən tərbiyəçilərin əvəz edilməsindən ibarət olduğu üçün həmin işçi ilə müddətli müqavilə bağlanmasını zəruri etmiş, lakin İddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Odur ki, cavabdeh iddiaçının normal iş fəaliyyətinə məaneə yaratdığından və bu da iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxardığından məhkəmə hesab edir ki, cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru X5 tərəfindən İddiaçı əmək funksiyasını yerinə yetirməyinə yaradılan maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru X5 tərəfindən İddiaçı əmək funksiyasını yerinə yetirməyinə yaradılan qanunsuz maneə aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar