Məhkəmə qərarları › İş №2(012)-2705/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2705/2021

29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2705/2021 29.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X12 Kazımovun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı və nümayəndəsi, vəkil X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3180/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq xx xxxx 2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxx 2010-cu il təvəllüdlü X7 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)- 2906/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Daha sonra iddiaçı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi rədd edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3180/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş və 93 manat alimentin miqdarı artırılaraq 140 manat sabit pul məbləğində tutulması qət edilmişdir. İddiaçının övladı məktəblidir, hər il uşağın gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşağın tələbatlarını ödəmir. Məktəb xərcləri, gündəlik məişət xərclərinin və həkim xərclərinin ödənilməsi üçün iddiaçının maddi imkanı kifayət etmir. İddia ərizəsinə əlavə edilmiş həkim arayışından da göründüyü kimi, uşağın gözündə və mədə-bağırsaq sistemində problem vardır. Uşaq mütəmadi həkim müayinəsində olur və müalicə almalıdır. İddiaçı heç bir yerdə işləmir, cavabdehin isə maddi durumu olduqca yaxşıdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Yaşayış Minimumu haqqında Qanuna əsasən 2021-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 175 (yüz yetmiş beş) manat təşkil edir. Odur ki, o, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3180/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq xx xxxx 2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı və nümayəndəsi, vəkil X8 iddia ərizəsinə uyğun məzmunda izahatlar verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə baxışında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, İ qrup əlildir və əlilliyinə görə təqaüd alır. İddiaçıdan boşandıqdan sonra yenidən ailə həyatı qurmuş və yeni evliliyindən 3 uşağı vardır. İddiaçının tələb etdiyi 175 manat aliment məbləğini ödəməyə maddi imkanı çatmır, lakin 150 manat aliment ödəyə bilər. Odur ki, həmin məbləğdə alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxx 2010cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası - Cavabdeh, anası - İddiaçıdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3180/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2246/2019 saylı qətnaməsinin ləğv edilməsi və xx xxxx 2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 93 manat aliment miqdarının artırılaraq 140 manat müəyyən edilməsi qət edilmişdir. “Unikal” klinikanın 2468 C və 246 C saylı, xx xxxx 2021-ci il tarixli arayışlarından görünür ki, X7 həmin klinikada həkim-pediatr və oftalmoloqun qəbulunda olmuş və ona hemorragik eroziv siqmoidit, anusit, eroziv qastrit, İ dərəcəli hipotrofiya, zəif-orta dərəcəli hipermetopiya, müştərək daxili çəpgözlük diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Tibbi sosial Ekspert komissiyasının SER TSE-01№ 134868 saylı arayışından görünür ki, Cavabdeh ümumi səbəbdən İ qrup əlildir. Abşeron rayon ƏSMM-i tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 070122 saylı vəsiqədən görünür ki, Cavabdeh İ qrup əlildir. Seriya AA 275906 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh Laçın rayonundan məcburi köçkündür. İsmayıllı RİHB-ın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx xxxxxx 2011-ci il tarixdə nikah bağlanmışdır. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası - Cavabdeh, anası - X2r. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 2015-ci il tarixdə Xırdalan şəhərində anadan olmuş, atası - Cavabdeh, anası - X2r. 5 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası - Cavabdeh, anası - X2r. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilənlərlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanununvericiliyin sadalanan normalarının mənasına görə alimentin müəyyən edilməsi birinci növbədə uşaqların mənafeləri təmin edilməklə, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına cəlb olunmasından ibarətdir. Alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alınır, lakin bu zaman əsasən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır və bu məqsədlə hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu qanunla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 175 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, xx xxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment artırılaraq, İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin maddi imkanının məhdud olması, yeni nikaha daxil olması və həmin nikahdan üç uşağının olması onu əvvəlki nikahdan doğulmuş uşağın normal səviyyədə saxlanması üçün aliment ödəmək öhdəliyindən azad etmir. Məhkəmə hesab edir ki, alimentin bu məbləğdə tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3180/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən xx xxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulması qət edilmiş 140 manat alimentin miqdarı artırılsın və xx xxxx 2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Alimentin bu məbləğdə tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar