Məhkəmə qərarları › İş №2(012)-2709/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2709/2022

08.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2709/2022 08.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün o yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3955/2017 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,60 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o və onun valideynləri çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir, övladının heç bir problemi ilə maraqlanmır, uşağa mənəvi dəstək vermir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Göstərilənlərə əsasən iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün o yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı nümayəndəsi olduğu qardaşı Cavabdeh qarşı alimentin həcminin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə nikahlarından 07 avqust 2014-cü ildə anadan olmuş X1 üçün Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə təyin olunmuş 136 manat məbləğində alimentin artırılaraq 193 manat müəyyən edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, məhkəmənin qanuni qüvvədə olan qətnaməsinə əsasən iddiaçıya aliment ödənilir. Qardaşı hazırda heç bir yerdə işləmir. Gələcəkdə qardaşı hardasa işə düzəlib işləsə hazırda iddiaçının tələb etdiyi aliment məbləğini ödəyəcəkdir. Lakin buna baxmayaraq alimenti valideynləri ödəyir. Bəzən də aliment məbləği onun tərəfindən ödənilmişdir. Valideynlərinin də maddi vəziyyəti ağırdır. Lakin nə qədər maddi vəziyyət çətin olsa da, yenə də valideynləri qardaşının yerinə aliment ödəyirlər. Ancaq iddiaçıya aliment ödənilsə də, iddiaçı baba və nənəni Esmanurla görüşüb onunla ünsiyyətdə olmasına imkan yaratmır. Bundan başqa onlarda olan məlumata görə iddiaçı gözəllik salonunda işləyir və gündəlik qazanc əldə edir ki, bu da onun özünün və uşağın maddi cəhədən saxlanılmasına kifayət edir. Ona görə də hesab edir ki, hazırda aliment məbləğinin qaldırılması üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 25 avqust 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 384993 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 07 avqust 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 25 avqust 2014-cü il tarixdə 3922 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(012)-3955/2017 saylı, 25 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 10 sentyabr 2013-cü il tarixdə bağlanmış və Sumqayıt Nikah Evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 sentyabr 2013-cü il tarixdə 472 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 07 avqust 2014-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 07 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 aprel 2017-ci il tarixdən başlayaraq hər ay 136,6 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 06 dekabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 308079 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06 dekabr 2018-ci il tarixdə 358 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Kərimov soyadı verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 07 avqust 2014-cü il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3955/2017 saylı, 25 may 2017-ci il tarixli qətnaməsinə əsasən 07 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacı artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 5 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 07 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin məbləğ Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin alimentin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən artırılması hissəsi ilə əlaqədar qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinin mənasına görə alimentin tutulması məhkəməyə müraciət edilən vaxtdan başlanır. Hazırki tələb isə müəyyən olunmuş aliment məbləğinin artırılması ilə əlaqədardır və iddia təmin olunarsa alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilərək alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3955/2017 saylı, 25 may 2017-ci il tarixli qətnaməsi ilə 07 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh 07 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalı, iddia digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 50 (əlli) manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3955/2017 saylı, 25 may 2017-ci il tarixli qətnaməsi ilə 07 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 07 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar