Məhkəmə qərarları › İş №2(012)-272/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-272/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-272/2023 17.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15343 manat pul vəsaitinin alınaraq onlara ödənilməsi, pulun ödənilməsi ilə onların Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindən çıxarılmalarının eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1, İddiaçı2, X8 və X2 onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(012)-675/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı1, İddiaçı2, X8 və X2 onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verilmişlər. Onlar Zəngilan rayonunun işğalı ilə əlaqədar Xırdalan şəhərinə gəlmişlər. Yaşayış yeri olmadığı üçün məskunlaşmaq məqsədilə yaşayış sahəsi axtarmağa məcbur olmuşlar. Mübahisələndirilən mənzil zibillikdə yerləşirdi və yararsız vəziyyətdə idi. Evin pəncərələri və qapıları yox idi. Onlar evin ətrafını təmizləyərək normal vəziyyətə gətirmişlər. Bundan sonra evin təmirini həyata keçirmişlər. Evin divarları suvanmış, döşəmə və tavan təmir edilmişdir. Bundan sonra isə digər təmir işləri həyata keçirilmiş və ev yararlı vəziyyətə gətirilmişdir. Onlar uzun illərdir ki, qeyd edilən evdə fasiləsiz və etirazsız yaşamışlar. İddiaçı heç vaxt mübahisələndirilən evi onlardan tələb etməmişdir. Evin təmiri zamanı iddiaçı heç vaxt onlara bu barədə etiraz etməmiş, həmin vəziyyətlə razılaşmışdır. Nəticə etibarilə onlar mübahisələndirilən mənzildən çıxarıldıqları təqdirdə cavabdehin razılığı ilə mənzilə çəkilən xərclə bağlı onlara ziyan vurulmuşdur. Cavabdeh vaxtında xəbərdarlıq etsəydi, evin təmirinə vəsait xərclənməzdi. Mübahisəli evə çəkdikləri xərcin qiymətləndirilməsi üçün müstəqil ekspertə müraciət etmişlər və müəyyən olunmuşdur ki, mənzilin tikilməsinə 15343 manat məbləğində xərc çəkilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçılar, o cümlədən İddiaçı1 vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan AA 474055 saylı vəsiqənin surətindən görünür ki, Hacıyev X6 rayonundan məcburi köçkündür və müvəqqəti məskunlaşdığı yer Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilidir. İşdə olan xx.xx.2022-ci il tarixli, 398 saylı arayışın surətindən görünür ki, İddiaçı2 T.Musazadə küçəsi, 11 saylı evin 9 saylı mənzilində yaşayır. İşdə olan xx.xx.2022-ci il tarixli, 863 saylı arayışın surətindən görünür ki, İddiaçı2, X8, X3 və X1 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilində yaşayırlar. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı1, İddiaçı2, X8 və X2 Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsində icraata başlanmışdır. İşdə olan İ-AZ 023741 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1999-cu il tarixdə doğulmuşdur, anası Cavabdehdır. İşdə olan AZ-İİİ 669919 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə doğulmuşdur, anası Cavabdehdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindəki təmirtikinti xərcləri 15343 manat təşkil edir. İşdə olan “X9 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindəki təmirtikinti xərcləri 10850 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, məlum hadisələrlə əlaqədar iddiaçılar Zəngilan rayonundan məcburi köçkün düşmüş və 1993-cü ildən iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə məskunlaşmışlar. Onların mənzildən çıxarılmaları barədə Cavabdeh məhkəmədə iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1, İddiaçı2, X8 və X2 Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Hazırda İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15343 manat pul vəsaitinin alınaraq onlara ödənilməsi, pulun ödənilməsi ilə onların Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindən çıxarılmalarının eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Onlar iddia edirlər ki, mübahisəli mənzili təmir etdirmişlər və onların bu mənzildən qətnaməyə əsasən çıxarılmaları nəticəsində Cavabdeh bu təmirə çəkilmiş xərc miqdarında, yəni 15343 manat məbləğində əsassız varlanacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093-cü maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. İşdən görünür ki, iddiaçılar qanunsuz əsaslarla məskunlaşdıqları mübahisəli mənzili müəyyən şəraitlə təmin etmiş və 1993-cü ildən hazırki vaxtadək orada yaşamışlar. Mübahisəli mənzilin mülkiyyətçisinin Cavabdeh olması baxımından məhkəmə hesab edir ki, iddiaçıların həmin mənzili, yaşamaları üçün bu və ya digər şəkildə təmir etdirmələri həmin əmlakın mülkiyyətçisinin əsassız varlanmasına səbəb ola bilməz, çünki yerinə yetirilmiş təmir-bərpa işləri kommersiya xarakteri daşımamış, iddiaçıların özlərinin orada minimal şəraitdə yaşamalarına yönəlmişdir. Bundan başqa, mübahisəli evin iddiaçılar oranı zəbt etdiklərindən əvvəl hansı şəraitdə olması, orada konkret hansı işlərin iddiaçılar tərəfindən görülməsi məlum deyildir. İşdə olan mütəxəssis rəylərinə isə mənzilə çəkilmiş ümumi işlərin dəyəri daxil edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh ona məxsus mənzilin iddiaçılar tərəfindən 1993-cü ildən yaşamaları məqsədilə təmir etmələri səbəbindən əsassız varlanmadığından, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar