Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2733/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 03.08.2015-ci il tarixli 2(012)-2709/2015 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından olan 29.05.2006-cı il təvəllüdlü X8 və 01.10.2012-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq, hər ay hər bir uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 03.08.2015-ci il tarixli 2(012)-2709/2015 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, birgə nikahlarından 29.05.2007-ci il tarixdə anadan olmuş X9 və 01.10.2012-ci il tarixdə anadan olmuş X6 anası X7 yanında qalmasının müəyyən edilməsi, cavabdeh X4 29.05.2007-ci il təvəllüdlü X9 və 01.10.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 108 manat, cəmi 216 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, alimentin tutulmasının əvvəlinin 08.05.2015-ci il tarixdən hesablanması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləği hazırki dövrdə yetkinlik yaşına çatmayan uşaqların ehtiyaclarının ödənilməsinə kifayət etmədiyindən alimentin miqdarının artırılması zəruriyyəti yaranmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında bildirdi ki, o, Delta Qrup C.O MMC-də aylıq əmək haqqı 650 manat olmaqla elektrik mantyoru vəzifəsində çalışır. Hazırda növbəti dəfə nikaha daxil olduğundan, himayəsində azyaşlı uşağı olduğundan, eyni zamanda səhhətində problemlərin olması ona aliment ödəmək imkanı vermir. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Abşeron RPİ tərəfindən verilmiş 23.10.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Abşeron rayon Xırdalan şəhəri Ə.Vəliyev küçəsi məhəllə 26, 53D saylı evdə qeydiyyatdadır. Abşeron rayon Məhkəməsinin 03.08.2015-ci il tarixli 2(012)-2709/2015 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, tərəflərin birgə nikahından 29 may 2007-ci il tarixdə anadan olmuş X9 və 01 oktyabr 2012-ci il tarixdə anadan olmuş X6 anası X7 yanında qalması müəyyən edilmiş, Cavabdeh 29 may 2007-ci il təvəllüdlü X9 və 01 oktyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 108 manat, cəmi 216 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X10 ödənilməsi, alimentin tutulmasının əvvəlinin 08 may 2015-ci il tarixdən hesablanması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmiş, həmin qətnamə icraya yönəldilmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.06.2016-cı il tarixli AZ-İİİ № 756429 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X16 29.05.2006-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2599 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası Abdullayeva Aygün Əsəd qızıdır. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.06.2016-cı il tarixli AZ-İİİ № 756430 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X13 01.10.2012-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2515 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası Abdullayeva Aygün Əsəd qızıdır. Sumqayıt Asan Xidmət Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.09.2017-ci il tarixli AZ-İİ № 222650 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə X3 28.09.2017-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2807 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Rafiqli soyadı verilmişdir. Sumqayıt Asan Xidmət Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.11.2020-ci il tarixli AZ-İV № 531019 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 24.10.2020-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 6862 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X2r. Delta Group MMC-nin 09.04.2021-ci il tarixli 041/21 saylı arayışından görünür ki, Cavabdeh həqiqətən 20 iyul 2015-ci il tarixindən Delta Qrup C.O. MMC-də elektrik montyoru vəzifəsində çalışır və əmək haqqı 650 AZN (vergilər daxil) təşkil edir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdeh ilə birgə nikahlarından anadan olmuş 29.05.2006-cı il təvəllüdlü X16 və 01.10.2012-ci il təvəllüdlü X13 adlı övladları iddiaçının himayəsində yaşayır. Abşeron Rayon Məhkəməsinin 2(012)- 2709/2015 saylı, 03.08.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən azyaşlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 108 manat, cəmi 216 manat məbləğində alimentin iddiaçını xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər üz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından olmuş 29.05.2006-cı il təvəllüdlü X16 və 01.10.2012-ci il təvəllüdlü X13 adlı iki uşaqları dünyaya gəlmişdir. Abşeron rayon Məhkəməsinin 03.08.2015-ci il tarixli, 2(012)-2709/2015 saylı qətnaməsinə əsasən Cavabdeh 08 may 2015-ci il tarixdən başlayaraq 29.05.2006-cı il təvəllüdlü X8 və 01.10.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 108 manat, cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 03.08.2015-ci il tarixli, 2(012)-2709/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən olmuş 29.05.2006-cı il təvəllüdlü X8 və 01.10.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 03.08.2015-ci il tarixli, 2(012)-2709/2015 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı 108 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 108 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 108 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin ikinci dəfə nikaha daxil olması və himayəsində azyaşlı uşağın olması onun iddiaçı ilə birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün müəyyən olunmuş aliment məbləğini ödəmək vəzifəsindən azad etmir. Belə ki, Qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideyinin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini nəzərə alaraq, 29.05.2006-cı il təvəllüdlü X8 və 01.10.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin 03.08.2015-ci il tarixli, 2(012)-2709/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon Məhkəməsinin 03.08.2015-ci il tarixli, 2(012)-2709/2015 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 29.05.2006-cı il təvəllüdlü X8 və 01.10.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2733/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2733/2021
03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver