Məhkəmə qərarları › İş №2(012)-2735/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2735/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2735/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 19 iyun 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat borcun, həmçinin rüsum və xidmət haqqı kimi ödədiyi 205 manat, ümumilikdə 2715 (iki min yeddi yüz on beş) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı notariat ofisində notariat qaydasında təsdiq olunmuş 15 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən qismində borcalan Cavabdeh 5 (beş) ay müddətinə, yəni 15 dekabr 2021-ci il tarixədək 2000 (iki min) manat məbləğdə faizsiz borc pul verilməsi rəsmiləşdirilmiş və həmin məbləği borc kimi Cavabdeh vermişdir. Müqaviləyə əsasən Cavabdeh həmin pulu 15 dekabr 2021-ci il tarixədək qaytarmaq öhdəliyini üzərinə götürmüş, lakin müqavilə üzrə nəzərdə tutulan müddətin başa çatmasına baxmayaraq, həmin borcu hələ də qaytarmamışdır. Bundan sonra, 23 aprel 2022-ci il tarixdə cavabdehin əlavə borc verməyi barədə şifahi xahişi əsasında "xxxx" Kommersiya Bankı ASC-də olan hesabına iddiaçı tərəfindən əlavə olaraq 1000 (min) manat pul köçürülmüş, yəni ona faizsiz olmaq şərti ilə əlavə 1000 manat borc vermişdir. Borcun qaytarılması ilə bağlı Cavabdeh dəfələrlə etdiyi tələblər, telefon danışıqları, səsli və mətnli mesajlardan sonra həmin məbləğin 500 (beş yüz) manatını 29 iyul 2022-ci ildə iddiaçının "xxxx" ASC-də olan hesabına ödəmiş, qalan 2500 (iki min beş yüz) manat pulu bu vaxta kimi ödəməkdən, eyni zamanda onunla şəxsən görüşməkdən və telefon zənglərinə, mesajlarına cavab verməkdən qəsdən yayınmışdır, hazırda da yayınmaqla həmin pulu qaytarmır. İddiaçı Cavabdeh qeydiyyatda olduğu yer üzrə ünvanına poçt vasitəsilə xx.xx.2023-cü il tarixli rəsmi məktubla müraciət edərək iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatı (mediator) vasitəsi ilə məhkəmədən kənar qaydada qarşılıqlı razılıq əsasında mübahisənin həll edilməsi məsələsinə baxılmasını təklif etmişdir. Lakin, təklifinə heç bir reaksiya vermədiyinə görə Mediasiya təşkilatına müraciət etmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatında təyin olunmuş mediasiya prosesinə gəlməsindən ötrü ona rəsmi bildiriş göndərilmiş və mediator vasitəsilə telefon ilə əlaqə saxlanılaraq prosesə dəvət olunmuş, lakin iki dəfə, 16 və 28 mart 2023-cü il tarixlərdə təyin edilmiş proseslərə gəlməmişdir. Borcun məbləğindən əlavə, mediasiya təşkilatına ödədiyi rüsumun məbləği 60 manat, xidmət haqqı kimi 15 saylı Vəkil Bürosuna ödədiyi məbləğin həcmi 110 manat və iddia ərizəsinə görə dövlət rüsumu kimi ödədiyi məbləğ 45 manat təşkil etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Onunla telefon əlaqəsi saxlanılmış, məhkəmə prosesində iştirak etmək istəmədiyini bildirmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixinədək qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində borc pul vermişdir. Mülki işin materiallarında olan ”Leobank” tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 1000 manat məbləğində pul Cavabdeh hesabına köçürülmüşdür. Mülki iş matetiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 120 manat məbləğində pul vəsaiti 15 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 2000 (iki min) manat məbləğində xx.xx.2021-ci il tarixinədək qaytarmaq şərti ilə borc pul vermişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ”Leobank” vasitəsi ilə 1000 manat məbləğində pul Cavabdeh hesabına köçürülmüşdür. Lakin cavabdeh tərəfindən 500 manat məbləğində pul qaytarılmışdır. İddiaçı tərəfindən dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir odur ki, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2500 manat məbləğində borc alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən, cavabdehdən 45 manat dövlət rüsumuna görə pul tutulub iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı tərəfindən xidmət haqqı kimi 120 manat ödənilmişdir ki, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mediasiya xərci üçün ödənilmiş vəsait hissəsi təmin edilə bilməz. Belə ki, hazırkı mübahsə üçün mediasiya prosesi tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 manat borc, 45 manat ödənilmiş dövlət rüsumu və 120 manat xidmət haqqı alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar