Məhkəmə qərarları › İş №2(012)-2744/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2744/2024

05.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2744/2024 05.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 2(012)- 5264/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin məbləğini dəyişdirərək cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat ümumilikdə 440 manat sabit pul məbləğində alimentin və 200 manat məbləğində maddi yardımın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o X4 Cavabdeh arasında 16 may 2014-cü il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından 09 iyul 2014-cü il təvəllüdlü X9 və 18 mart 2021-ci il təvəllüdlü Dadaşzadə Hüseyn adlı iki övladları olmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olsa da sonradan içki aludəçisinə çevrilmişdir. Sonradan aralarındakı münasibət dözülməz həddə çatmışdır. Artıq ailənin bərpası mümkün olmadığı üçün nikahlarının pozulması ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmişdi. Abşeron Rayon Məhkəməsinin 2(012)-5264/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması, 09 iyul 2014-cü il təvəllüdlü X9 və 18 mart 2021-ci il təvəllüdlü X10 onun yanında qalmaları, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, 350 manat sabit pul məbləğində aliment cavabdeh tutularaq ona ödənilməsi qət olunmuşdur. Uşaqlar günü-gündən böyüyür, hər ikisi məktəblidirlər. Onların ehtiyaclar və tələbatlarını ödəməkdə çətinlik çəkir. Özü heç bir yerdə işləmir. Cavabdeh atalıq məsuliyyətini dərk etmir. Övladları 09 iyul 2014-cü il təvəllüdlü X9 anadangəlmə hidrosefaliya xəstəsidir. Daima həkim nəzarətində və müayinəsindədir. Hər ay dərmanlara da əlavə xərclər çəkilir. Elə xəstəliklər var ki, onların sübuta ehtiyacı yoxdur. Uşağın xəstəliyinin nəzərə alınmasını, göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehlə birgə nikahlarından iki övladı vardır. Alimentin məbləği çox aşağıdır. Uşaqların xərclərini ödəyə bilmir, uşaqlarından biri də xəstədir. Cavabdehin uşaqlarla görüşməsinə narazılığı yoxdur, lakin cavabdeh gecə gec vaxtlarda uşaqlarla görüşmək istəmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, alimentin artırılması ilə razıdır, alimenti hissə-hissə ödəyə bilər. Lakin iddiaçı onun uşaqlarla görüşməsinə razılıq vermir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ № 367036 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1182 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh , anası İddiaçıdır. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV № 549620 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 216 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-5264/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 16 may 2014-cü il tarixdə bağlanmış, Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 302 nömrəli nikahın pozulması, nikah pozulduqdan sonra 09 iyul 2014-cü il təvəllüdlü X9 və 18 mart 2021-ci il təvəllüdlü X10 anaları İddiaçı yanında qalmaları, xx.xx.2021-ci il tarixdən başlayaraq 09 iyul 2014-cü il təvəllüdlü X5 və 18 mart 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbi əlavə olaraq 18 mart 2021-ci il təvəllüdlü X6 3 yaşına çatana kimi hər ay 100 manat maddi yardımın cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində rədd edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı X16 verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-7/2- D-12638/202 saylı arayışın surətindən görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. -xx.xx.2024-cü il tarixində cavabdeh X12 tərəfindən məhkəməyə göndərilmiş etirazdan görünür ki, X2 rayon Məhkəməsinə (Aliment miqdarının artırılması tələbinə dair) iddia ərizəsi ilə müraciət edərək birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-5264/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişərək ondan Cavabdeh iddiaçının xeyrinə uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat ümumilikdə 440 manat alimentin tutulması və 200 manat məbləğində maddi yardımın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasım məhkəmədən xahiş etmişdir. O iddianı qəbul etmir. Belə ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-5264/2021 saylı qətnaməsindən də, görsəndiyi kimi uşaqların saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat ümumilikdə 350 manat sabit pul məbləğində və xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. O, hal-hazırda heç bir yerdə işləmir. İşləmədiyi ilə bağlı 6 saylı X16 verilmiş arayışıda etiraz ərizəmə əlavə edirəm. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-5264/2021 saylı qətnaməsilə müəyyən edilmiş alimentin ödənilməsində işləmədiyinə görə 8400 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Buna görədə barəsində həbs qətimkan tədbiri seçilmiş və onun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət işi açılmışdır. Beləki, hazır ki, iş üzrə iddiaçıya olan 8400 manat aliment borcum sonuncu məhkəmə iclasma qədər tam şəkildə ödənildiyindən xx.xx.2024-cü il tarixdə Abşeron rayon Məhkəməsinin l(012)-541/2024 saylı qərarı ilə həmin məcəllənin 306.1-ci maddəsinin “Qeyd” hissəsi tətbiq etməklə cinayət məsuliyyətindən azad edilərək və iş üzrə icraata xitam verilmişdir, Sözügedən 8400 manat aliment borcu məhkəmə ərəfəsində onun həbs edilməməyi üçün yaxın qohum-əqraba tərəfindən toplanılmışdır. Hal-hazırda qohumlarından aldığı həmin borc məbləğini tez bir zamanda onlara qaytarmalıdır. Onun maddi durumu ağır vaxtında alimentin artırılması gələcəkdə daha pis vəziyyətə düşməsinə səbəb ola bilər. İddiaçı onunla bilərəkdən prinsip aparır və onu həbs etdirmək istəyir. Buna görə də hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İddiaçı bir şeyi başa düşmür ki, uşaqların saxlanılması tək atanın yox eyni zamanda ananın da borcudur. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı X16 verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-7/2- D-23000/2024 saylı arayışdan görünür ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar olunmamamışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, X15 küçəsi, ev 29, 188 saylı evdə, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-5264/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-5264/2021 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün ölkə üzrə 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün ölkə üzrə 2024-cü ildə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, uşaqlar üçün ölkə üzrə 2024-cü ildə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilsə də, iddiaçının iddia tələbini, MPM-in 218.3-cü maddəsini rəhbər tutaraq, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini nəzərə alaraq müəyyən edir ki, iddia ərizəsi bu hissədə təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-5264/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiq hesab edilir. Məhkəmə eyni zamanda, iddiaçının iddia tələbinin 09 iyul 2014-cü il təvəllüdlü X9 anadangəlmə hidrosefaliya xəstəsi olduğunu, 200 manat məbləğində maddi yardımın cavabdehdən tutulmasına dair hissəsində aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin: 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.[53] 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 27 yanvar 2015-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Azaərbaycan Respublikasının Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Konstitusiyanın hüquqi mövqeyindən göründüyü kimi maddi yardım göstərilməsi yetkinlik yaşına çatmış əmək qabliyyəti olmayan şəxlərə göstərilməsi etiva edilir. Hazırki iddia təbində göstərilmiş uşağın xəstəliyi ilə əlaqədar uşağa maddi yardım əvəzi olaraq aliment tələbi yetkinlik yaşına çatmayan uşağa görə istənilmişdir. Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununun; 1-1.1 maddəsinə əsasən tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. 15-2.1.maddəsinə əsasən İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanlar Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Qanun normasından göründüyü kimi statusundan asılı olmayaraq Azərbaycan Respublikasının bütün vətandaşları icbari tibbi sığorta ilə sığotalandığından hər bir vətəndaş sığorta hesabına müalicə almaq hüququ əldə etmişdir. Ona görə də iddiaçının iddia ərizəsinin 200 manat məbləğində maddi yardımın cavabdehdən tutulmasına dair hissəsində tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 № Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni, (220-175=45 manat, 45 manat x 2 (uşaq)=90 manat, 90 manat x 12 ay = 1080 manat) ödənilməli olan 30.8 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-5264/2021 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30.8 (otuz manat səksən qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar