Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2764/2023 23.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 dekabr 2005-ci il təvəllüdlü X2 və 03 yanvar 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün onun xeyrinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-568/2022 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün tutulan 175 manat alimentin artırılaraq 220 manat, cəmi alimentin məbləğinin 440 manat müəyyən olunması və mediasiya haqqı kimi ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin 2(012)- 568/2022 saylı, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olmuş 03 dekabr 2005-ci il təvəllüdlü X2 və 03.01,2007-ci il təvəllüdlü X1 onun yanında qalması, xx.xx.2005-ci il təvəllüdlü X2 və 03.01,2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə tutulan alimentin məbləği uşaqların minimum tələbatının ödənilməsinə yetmir. Alimentin məbləği 1 il bundan əvvəl uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaqlar böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını, ehtiyacını demək olar ki, özü çəkir. Cavabdeh bir ana kimi uşaqlarla, ümumiyyətlə, maraqlanmır. Uşaqların həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək valideyn olaraq onun üçün çox çətindir. Maddi vəziyyəti ağırdır. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək onun rədd edilməsini xahiş etdi. O bildirdi ki, hazırda işləyir və ayda 450 manat əmək haqqı alır. Hər ay 350 manat alimentdən, 50 manat isə borcundan ödəniş edir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Bərdə rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-T 125527 saylı və AZ-İ 925613 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 adlı uşaqlar doğulmuşdur İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 568/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 09 oktyabr 2006-cı il tarixdə Bərdə rayon VVADQ şöbəsində bağlanmış 680 saylı akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 ataları İddiaçı yanında qalmaları, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 568/2022 saylı qətnaməsi ilə aliment müəyyən edildikdən sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmamış, beləliklə, yuxarıda qeyd olunan normanın tələbinə görə ondan tutulmalı olan sabit məbləğdə alimentin miqdarının artırılmasına heç bir hüquqi zəmin qalmamışdır. Beləliklə, tərəflərin maddi və ailə vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hazırki halda Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-568/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Başqa sözlə, iddiaçı hazırki mərhələdə alimentin miqdarının artırılmalı olmasını kifayət qədər əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı aliment miqdarının artırılması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2764/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2764/2023
23.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver