Məhkəmə qərarları › İş №2(012)-2773/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2773/2021

16.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2773/2021 16.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı X4 və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ona məxsus 0,04 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü il tarixdə Digah qəsəbəsində İlham adlı şəxsdən 0,04 torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi uzun müddət iddiaçının istifadəsində qaldıqdan sonra 2018-ci ildə torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Ev inşa olunub damı vurulduqdan sonra Cavabdeh adlı şəxs ustalara yaxınlaşaraq torpaq sahəsinin ona məxsus olmasını bildirmiş və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına süni maneələr yaratmağa başlamışdır. Hazırda həyətyanı torpaq sahəsinin qapı-darvazasının və evin açarları iddiaçıda olsa da, evə daxil olmaq imkanı əsassız olaraq cavabdeh tərəfindən məhdudlaşdırılmışdır. İddiaçı evin tikilməsi üçün külli miqdarda vəsait sərf etsə də, hazırda həmin evə daxil olaraq istədiyi kimi sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Buna görə də, iddiaçının hüquqları bərpa olunmalı və cavabdeh tərəfindən torpaq sahəsinə daxil olub tikinti işlərinin başa çatdırılmasına maneələr törədilməsi ilə bağlı qanunsuz müdaxilə aradan qaldırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia tələbini müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verdi Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı X4 iddia etdiyi torpaq sahəsi onun evinin arxa hissəsində yerləşən boş torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini 2014-cü il tarixdə etibarnamə əsasında İlham adlı şəxs ona 0,08 ha torpaq sahəsi satmışdır. Həmin torpaq sahəsinin 0,03 ha hissəsini başqa bir şəxsə satmış, 0,03 ha hissəsində isə ev tikmişdir. Qalan 0,02 ha torpaq sahəsi isə hazırda iddiaçının iddia etdiyi torpaq sahəsidir. Həmin torpaq sahəsində hazırda iddiaçının iddia etdiyi tikilini 2018-ci ildə o, tikmiş və bu tikilini 0,02 ha torpaq sahəsi ilə birlikdə Elnurə adlı şəxsə satmışdır. Daha sonra Elnurə həmin tikilidə yaşaya bilməyəcəyini ona bildirmişdir. Daha doğrusu sözügedən torpaq sahəsində ev tikmək üçün Elnurədən ilk əvvəl 7.000 manat məbləğində pul almışdır. Lakin ev tikintisi üçün aldığı 3 maşın mişar daşının pulunu Elnurədən almamışdır. Tikiləcək evin layihəsini o, seçmişdir. Ev layihədəki kimi tikilməli idi və layihəyə də uyğun tikilmişdir. Onu da əlavə olaraq qeyd edir ki, ona məxsus 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini Əkrəm adlı şəxs zəbt edərək müxtəlif şəxslərə satmışdır. 2018-ci ildə hazırki sözügedən ona məxsus torpaq sahəsində ev üçün bünövrə töküldüyünün şahidi olmuşdur. Daha doğrusu o, evin tikintisi üçün qeyd edilən mübahisəli torpaq sahəsinə əvvəlcə 3 maşın mişar daşı tökmüşdür. Əkrəm isə onun torpaq sahəsində tökdüyü mişar daşı ilə bünövrə qazıb ev tikməyə başlamışdır. Bununla bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Həmçinin, bununla əlaqədar Əkrəmin oğlu Aqşin adlı şəxsdən onun iş yerinə şikayət yazmış, oğluna buna görə töhmət verilmişdir. Onun tikdiyi evin ölçüləri 7mx9m olmaqla 3 otaqlı evdir. Sağda hamam, ayaq yolu, mətbəx, sol tərəfdə qonaq və 2 ədəd yataq otağı yerləşir. Ustalar onun evini tikəndə buna baxmışdır. Həmçinin mübahisə ilə əlaqədar aydınlıq gətirmək üçün Azəri şəhərdə yerləşən evinə çağırmışdır. Danışıq zamanı Azər məsələnin ona aid olmadığını bildirmişdir. Eyni zamanda,Tikiliyə görə ona 7000 manat pul təklif etmişdir.Onu da qeyd edir ki, torpaq sahəsi və orda tikilmiş ev ilə bağlı onun mübahisəsi əslində Əkrəmlədir, Azəri isə sonra tanımışdır. Azər Əkrəmin ustasıdır,Əkrəm Azəri bu məsələdə qabağa verib. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, mübahisəli torpaq sahəsinin və tikilinin qonşuluğunda yaşayır. Qeyd edilən torpaq sahəsində tikinti işlərinin aparılmasından onun xəbəri olmuşdur. Belə ki, torpaq sahəsində tikilini hazırki iş üzrə İddiaçı tikmişdir. O, da həmin tikilinin tikilməsində Azəriyə kömək etmişdir. Tikili 2018-ci il tarixdə tikilmişdir. Həmin tarixə qədər mübahisəli torpaq sahəsi və aparılan tikinti işləri ilə bağlı mübahisə olmamışdır. Arada hazırki mülki iş üzrə Cavabdeh mübahisəli ünvana gəldiyini və gələndə torpaq sahəsinin ona məxsus olduğunu dediyini görmüşdür. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, mübahisəli torpaq sahəsində tikinti işlərində usta işləmişdir tikilidə ancaq suvaq işlərini görmüşdür. Həmin torpaq sahəsində o, yalnız Cavabdeh İddiaçıla danışıb getdiyini görmüşdür. Torpaq sahəsində şəkilin çəkilməsindən xəbəri yoxdur. O, çəkilən şəkillərdə düşməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, iş üzrə İddiaçı və Cavabdeh tanıyır. Bir dəfə Roza Nəcəfova ona evin qapısını qırıb içəri girdiklərini demişdir. Daha sonra, tərəflər mübahisə ilə bağlı razılığa gələ bilməmişlər. Mübahisə vaxtı Əkrəm və Azəri orda olmuşdur. Mübahisəli ünvanda tikilinin nə vaxt tikildiyini dəqiq deyə bilməz. O, tikinti aparılan vaxt sadəcə ora yemək və çay aparmışdır. 1 həyətin içində 2 tikili olmuşdur. İddiaçının iddia etdiyi tikili cavabdehin evinin qabağında yerləşən yeni tikilidir. İddiaçı cavabdehi hazırkı mülki iş üzrə məhkəməyə verməmişdən əvvəl Əkrəm adlı şəxslə birlikdə gələrək mübahisəli torpaq sahəsi və tikili ilə bağlı cavabdehə 7.000 manat pul təklif etmişlər. Evi almaq üçün 17.000 manata razılaşmışlar. Daha sonra, makler evə gəlib baxmışdır. Azəri və Əkrəm sözügedən mübahisəli torpaq sahəsini və tikilini ələ keçirmək üçün mübahisəli evin və cavabdehin evinin qapısını 6 dəfə qırıb evə girmişlər. Ümumilikdə onun cavabdehə məxsus 0,08 ha torpaq sahəsinin olması, həmin torpaq sahəsinin 0,03 ha hissəsinin cavabdeh tərəfindən satılması, 0,03 ha hissəsində cavabdeh tərəfindən ev tikilməsi, qalan 0,02 ha torpaq sahəsində isə cavabdeh tərəfindən hazırki mübahisəli tikilinin tikilməsindən məlumatı vardır. Mübahisəli torpaq sahəsi ilk əvvəl İqbal adlı şəxsə məxsus olmuşdur. Daha sonra isə cavabdehə satılmışdır. Cavabdeh isə mübahisəli torpaq sahəsi və evi Elnurə adlı şəxsə satmışdır. Onu da dəqiq bilir ki, mübahisəli torpaq sahəsində ev Elnurənin pulu ilə tikilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Cavabdeh çoxdan tanıyır. İddiaçı və onun adamları onun şəxsi evinə də girmişlər. İddiaçı tərəf boş evlərin zəbt edilməsi ilə məşğuldur. Rozanın həmin ərazidə evinin yanında ümumilikdə 0,08 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 0,02 ha hissəsində onun evi mövcuddur. Həmin evi cavabdeh ilə birlikdə tikmişlər. Daha doğrusu cavabdeh ilə birlikdə pul qoyub ev tikmişlər. Digər evləri isə cavabdeh öz vəsaiti hesabına tikmişdir. Hazırki mülki iş üzrə İddiaçı mübahisəli torpaq sahəsində ev tikməmişdir. İddiaçı özü onun yanında sözügedən mübahisəli torpaq sahəsi və evin Əkrəm adlı şəxs tərəfindən ona satıldığını etiraf etmişdir. Həqiqətdə isə mübahisəli torpaq sahəsi və üzərində yerləşən ev Rozaya məxsusdur. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, hazırda mülki iş üzrə iddiaçı X4 iddia etdiyi torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş evi o, Cavabdeh pul verib etibarnamə əsasında almışdır. Cavabdeh isə həmin torpaq sahəsini İlham adlı şəxsdən almışdır. İqbal adlı şəxs isə həmin torpaq sahəsinə dair İlhamə və Elnurə adlı şəxsə etibarnamə vermişdir. İddia edilən torpaq sahəsindəki ev onun vəsaiti hesabına tikilmişdir. Daha doğrusu pulu o, vermiş, evi Cavabdeh onun pulu ilə tikmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan eskiz layihəsindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində İddiaçı məxsus Fərdi yaşayış evinin eskiz layihəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmişdir. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən X8 ünvanlanmış 15.04.2008-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Digah kəndi üzrə istifadələri üçün ayrılmış həyətbaşı miras torpaqları olan kənd sakinlərinin 22 iyun 1915-ci illərə dair siyahılarından məlum olmuşdur ki, Həbib Məcid oğlunun Digah kəndində 250 sajına bərabər olan həyətyanı torpaq sahəsi olmuşdur. Mülki işin materiallarına əlavə olunan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 may 2014cü il tarixli 675 nömrəli arayışın surətindən görünür ki, X17 Abşeron rayonu, Digah qəsəbəsi, Əliağa Vahid küçəsi tikdirdiyi bir mərtəbəli fərdi yaşayış evi şəxsən özünə məxsusdur. Mülki işin materiallarına əlavə olunan reyestrdə 7E-0 nömrə ilə qeyd edilmiş 12 may 2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, X18 adından onun verdiyi etibarnamə əsasında (Etibarnamə barədə məlumat № 4060, 08/05/2014, Abşeron rayonu 2 saylı notariat kontoru) hərəkət edən nümayəndəsi X2 İlhamə Teymur qızına həmin etibarnamə ilə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə 49 il 11 ay 26 gün müddətinə verilib və 08 may 2064cü ilədək qüvvədədir. Mülki işin materiallarına əlavə olunan reyestrdə 7E-17999 nömrə ilə qeyd edilmiş 25 noyabr 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, X18 adından onun verdiyi etibarnamə əsasında (Etibarnamə barədə məlumat 7E № 4100, 12/05/2014, Abşeron rayonu 2 saylı notariat kontoru) hərəkət edən nümayəndəsi X1 Elnurə Yaşar qızına həmin etibarnamə ilə Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsindən 0,02 ha sahəsinə dair harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlarda imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə 48 il 5 ay 13 gün müddətinə verilib və 08 may 2064-cü ilədək qüvvədədir. Mülki işin materiallarına əlavə olunan qiymətləndirmə rəyinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən X9 məxsus 1 mərtəbəli fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmış və fərdi yaşayış evinin 01 sentyabr 2020-ci il tarixinə olan bazar dəyərinin 35.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerində baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli tikili 1 qonaq otağı, 2 yataq otağı, 1 mətbəx , 1 sanitar qovşaq və 1 dəhlizdən ibarətdir. Yerində baxışda iştirak edən iddiaçı Azəri Həşimov mübahisəli tikilinin ölçülərinin və içərisindəki layihələndirmənin onun tərəfindən məhkəməyə təqdim edilmiş eskiz layihəsi ilə üst-üstə düşdüyünü bildirdi. Yerində baxışda iştirak edən Cavabdeh isə tikilinin ümumi ölçüsünün onun tərəfindən məhkəməyə təqdim edilmiş eskiz layihəsinə uyğun gəldiyini, lakin içəridəki arakəsmələrin iddiaçı tərəfindən qoyulduğunu, o, evi tikəndə arakəsmələrin olmadığını bildirdi. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, İddiaçı mübahisəli torpaq sahəsinin və üzərində inşa edilmiş tikilinin ona məxsus olmasını iddia etsə də, məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı tərəf mübahisəli torpaq sahəsinin ona məxsus olması və üzərindəki tikilinin onun tərəfindən tikilməsi barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə baxışı zamanı iddiaçı tərəfin təqdim etdiyi şahidlərin ifadəsi isə iş üzrə digər sübutlarla öz təsdiqi tapmamışdır. Əksinə iş materiallarında olan sənədlərdən və işin faktiki hallarından görünür ki, mübahisəli torpaq sahəsi Cavabdeh həmin ərazidə yerləşən evinin yanında yerləşən boş torpaq sahəsi olmuş, faktiki sahiblik Roza Nəıcıfova tərəfindən olunmuşdur. Cavabdeh isə öz növbəsində həmin torpaq sahəsində tikili tikmiş, lakin həmin tikili Əkrəm adlı şəxs tərəfindən zəbt edildiyindən cavabdeh tərəfindən bu barədə müxtəlif orqanlara şikayət ərizələri ilə müraciət olunmuşdur. Göründüyü kimi mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki tikili Cavabdeh tərəfindən tikilməsi cavabdehin şahidlərinin ifadələrindən başqa, işin materialları ilə də təsdiq olunur. Odur ki,hazırki mübahisə tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına cavabdeh tərəfindən iddiaçıya yaradılmış qanunsuz maneələrin aradan qaldırılması barədə iddiaçının dəlilləri əsassız hesab edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı X4 Cavabdeh qarşı qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəh¬bər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı X4 Cavabdeh qarşı qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 20 (iyimi) manat dövlət rüsumu iddiaçı X4 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar