Məhkəmə qərarları › İş №2(012)-2778/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2778/2021

01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2778/2021 01.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı AG Telekom MMC-nin nümayəndəsi X8, Cavabdeh iştirakı ilə, İddiaçı AG Telekom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı AG Telekom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən AG Telekom MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 86.10 manat vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20.40 manat dövlət rüsumu olmaqla cəmi 256.50 manat pulun iddiaçı AG Telekom MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı AG Telekom MMC-nin nümayəndəsi X14 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, KATV 1 əmtəə nişanı ilə fəaliyyət göstərən AG X5 Cəmiyyəti Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Televiziya və radio yayımı haqqında Qanununa uyğun olaraq, 22 avqust 2005-ci il tarixdə və 22 avqust 2011ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar AG Telekom MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə AG Telekom MMC tərəfindən Ədalət-A hüquq firması ilə 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 aprel 2014-cü il, 29 mart 2015-ci il və 04 yanvar 2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Abşeron rayonu Xırdalan şəhəri məhəllə 27, 6 saylı evin 60 saylı mənzilində qeydiyyatdadır. 33 saylı MKİS tərəfindən verilən arayışa əsasən Bakı şəhəri Hüseynbala Əliyev küçəsi 6 saylı evin 40 saylı mənzilində yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 01.02.2007-ci il tarixdə həmin ünvanda yaşayan Məmməd Şövqü ilə AG Telekom MMC arasında bağlanmış KATV1 xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən mənzil Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.05.2012-ci il tarixinədək etmiş və 16.08.2012-ci il tarixdə 22.80 manat borc ilə şəbəkədən ayrılmışdır. 10.12.2015-ci il tarixdə Ədalət-A hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 4499 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 4499 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 09.03.2015-ci il tarixdə baxış keçirilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində AG Telekom MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi 09.03.2015-ci il tarixdən qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu 10.12.2015-ci il tarixə qədər olan müddət 276 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün müvafiq olaraq 30 qəpik və 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərərin məbləği 86.10 manat təşkil edir. Həmçinin AG Telekom MMC Ədalət-A hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 14.01.2010-cu il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu H.Əliyev küçəsi 3-cü mkr 6 saylı evin 40 saylı mənzili onun mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 561 saylı reyestr kitabının 51625 saylı vərəqində qeydiyyata alınmışdır. Həmin mənzil onun xüsusi mülkiyyətində olmasına baxmayaraq nikaha daxil olduqdan sonra o, 2011-ci ildən etibarən həmin mənzildə deyil, Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava küçəsi 88 V saylı evdə faktiki olaraq yaşayır. Mülkiyyətində olan mənzili o, kirayə vermişdir, kirayəçi 2012-ci ildə Şövqi Məmmədov olmuşdur. Qeyd olunan mənzilə kabel televiziya xəttini isə kirayəçi çəkdirmişdir, mövcud intentet xəttinin çəkilməsindən onun xəbəri olmamışdır. Belə ki, o, KATV1 ilə müqavilə bağlamamışdır, bu səbəbdən də onun bağlamadığı müqavilə üzrə ondan borcun tələb olunması əsassızdır. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqin olunmuş: -İş materiallarında olan 26.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 20.40 manat dövlət rüsumu ödəmişdir. -Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 02.09.2020-ci il tarixli arayışdan və 06.03.2018-ci il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağayeva X11 rayonu Xırdalan şəhəri məhəllə 27, 6 saylı evin 60 saylı mənzilində qeydiyyatdadır. -Bakı şəhəri Nəsimi rayon İH MKTB-nin 33 saylı MKİS tərəfindən verilmiş 09.01.2016-cı il tarixli 84 saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu 3-cü mkr Hüseynbala Əliyev küçəsi 6 saylı evin 40 saylı mənzilində qeydiyyatda deyil, həmin mənzilin sahibidir və hazırda həmin mənzildə qeydiyyatda heç kim yoxdur. -AG Telekom MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 10.12.2015-ci il tarixli 4499 saylı aktın surətindən görünür ki, AG Telekom MMC-yə müqavilə əsasında hüquqi xidmət göstərən Ədalət-A MMC-nin əməkdaşı X9, KATV1-in əməkdaşı X2 və R.İ.T.N-nin texniki işçisi X4 iştirakı ilə 10.12.2015-ci il tarixdə ünvan 1 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı zamanı həmin binanın 40 saylı mənzilinin KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuşdur. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən qapını açan olmamış və akt və bildiriş həmin mənzilin qapısına qoyulmuşdur. -Akta əlavə edilmiş qeyddən görünür ki, binaya baxış keçirilən zaman 40 saylı mənzilin KATV1 söndürülmüş abunəçisi olduğu halda KATV1 şəbəkəsinə qanunsuz qoşulduğu, şəbəkədən çıxan kabel vasitəsilə aşağı mərtəbəyə düşdüyü, borudan çıxan kabelin blokun pəncərəsindən kabelin ön hissəsindən çıxdığı, oradan divarın üstü ilə gedərək mənzilin pəncərəsindən mənzilə daxil olduğu müəyyən olunmuşdur. -AG Telekom MMC KATV1-in 19.07.2019-cu il tarixli arayışından məlum olur ki, ünvan 2 ünvanında yaşayan Şövqü Məmmədov arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 01.02.2007-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulduğu, 01.05.2012-ci il tarixinədək isə son ödəməsini etdiyi və 16.08.2012-ci il tarixində 22.80 manat borc ilə şəbəkədən ayrıldığı müəyyən olunmuşdur. -AG Telekom MMC KATV1-in 19.07.2019-cu il tarixli arayışından məlum olur ki, ünvan 3 ünvanı 4499 saylı akt tərtib olunana qədər sonuncu dəfə 09.03.2015-ci il tarixində həmin binaya baxışı keçirilmişdir. -22.08.2011-ci il tarixli 066 saylı Teleradio Yayımı üçün Lisenziyanın surətindən görünür ki, AGTelekom MMC-yə ümumölkə daxilində 24 saat müddətində azərbaycan, rus və ingilis dillərində analoq, rəqəmsal televiziya yayımı növü olmaqla kabel, efir-kabel yayım üsuluna icazə verilmiş, yayımın başlama tarixi 22.08.2011-ci il olmaqla 6 il müddətinə qüvvədədir. -PaşaBank ASC-nin 05.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, AGTelekom MMC Ədalət-A MMC-yə hüquqi xidmətə görə 150 manat ödəniş etmişdir. -Bakı şəhəri 6 saylı Notariat Kontorunda təsdiq olunmuş AN-İ ******* saylı yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, kreditor-ipoteka Atabank ASC, alıcı-ipoteka qoyan Cavabdeh, satıcı X6 arasında bağlanmış 28.12.2009-cu il tarixli 88 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Bakı şəhəri Nəsimi rayonu H.Əliyev küçəsi 3-cü mkr 6 saylı evin 40 saylı mənzili alıcıya 59000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.01.2010-cu il tarixli MA seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev küçəsi 3-cü mkr 6 saylı evin 40 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 561 saylı reyestr kitabının 51625 saylı vərəqində qeydiyyata alınmışdır. -Bakı şəhəri Nəsimi rayonu H.Əliyev küçəsi 3-cü mkr 6 saylı evin 43 saylı mənzilində yaşayan X12, 6 saylı evin 32 saylı mənzilində yaşayan X10 və 6 saylı evin 32 saylı mənzilində yaşayan X1 tərəfindən tərtib olunmuş 03.05.2021-ci il tarixli aktdan görünür ki, onlar Cavabdeh Bakı şəhəri Nəsimi rayonu H.Əliyev küçəsi bina 6 ünvanında heç vaxt faktiki olaraq yaşamadığını və istifadə etmədiyini imzaları ilə təsdiq etmişlər. -Əlisahib Şərifzadə, Aidə Şıxızadə, Gülarə Məmmədova və X3 imzaları ilə təsdiq olunmuş 03.05.2021-ci il tarixli aktdan görünür ki, həqiqətən də Cavabdeh Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava küçəsi 88 V saylı evdə 2011-ci ildən faktiki olaraq yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinin mahiyyətindən görünür ki, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa vurulan ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl mülki hüquq pozuntusu adlanır və belə pozuntu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinin tələbinə əsasən mülki hüquq pozuntusu nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.2. maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh qismində qoyduğu və internet kabel xəttinin çəkildiyi Bakı şəhəri Nəsimi rayonu Hüseybala Əliyev küçəsi 6 saylı evin 40 saylı mənzilinin mülkiyyətçisinin Cavabdeh olmasına baxmayaraq, məhkəməyə təqdim olunmuş sübutlara əsasən cavabdehin qeyd olunan mənzilin mülkiyyətçisi kimi hüququnun 28.12.2009-cu il tarixdə alqı-satqı və ipoteka müqaviləsi əsasında 14.01.2010-cu il tarixdə dövlət qeydiyyatından keçdiyi, internet kabel xəttinin isə həmin mənzilə 19.07.2019-cu il tarixli arayışa əsasən 01.02.2007-ci il tarixdə qoşulduğu müəyyən edilmişdir ki, həmin tarixdə də cavabdeh Bakı şəhəri Nəsimi rayonu Hüseybala Əliyev küçəsi 6 saylı evin 40 saylı mənzilinin mülkiyyətçisi olmamış, qeyd olunan mənzildə isə Şövqi Məmmədov adlı şəxs yaşamışdır ki, KATV1 ilə müqavilə də məhz həmin şəxslə bağlanmışdır. Bu səbəbdən də məhkəmə iddiaçının kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə borcun və məhkəmə xərclərinin Cavabdeh tutulmasına dair iddiaçı AG Telekom MMC-nin iddia tələblərinin əsassız olduğu qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq); 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərə əsasən müəyyən olundu ki, tərəflər arasında kabel televiziyası xidmətlərinin göstərilməsi barədə hər hansı müqavilə bağlanmamışdır. Deməli tərəflər arasında müqavilə hüquq münasibətləri yaranmamışdır. 14.1. maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə qanunvericiliyin normalarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi üçün onlar arasında müqavilə olmalıdır. Tərəflər arasında müqavilə olmadığından Cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəlik daşımır, ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 20 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı AG Telekom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı iddiaçı AG Telekom MMC-yə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar