Məhkəmə qərarları › İş №2(012)-2778/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2778/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2778/2024 05.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(079)-354/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını artıraraq, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Babək Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(079)-354/2022 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat miqdarında alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət olunmuşdur. Həmçinin həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(079)-30/2023 saylı qətnaməsi ilə Cavabdehla aralarında 09 iyun 2017-ci ildə bağlanmış nikaha xitam verilmiş, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X4 onun yanında saxlanılmışdır. Aliment təyin olunandan sonrakı illərdə o, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. xx.xx.2022-ci il tarixli, 2 (079)-354/2022 saylı qətnamə çıxarıldıqdan sonra ötən müddət ərzində uşaq təbii olaraq böyümüş, onun məktəbə hazırlanması, geyim, dərs ləvazimatları və sair ilə təmin olunması, ərzaq təminatı xərcləri və digər tələbatları artmışdır. Dünyada gedən məlum proseslərlə bağlı məhsul və xidmətlərdə kəskin qiymət artımı olmuşdur. Bunlara müvafiq olaraq Dövlət tərəfindən uşaqların yaşayış minimumu ilbəil artırılmışdır. Lakin Cavabdeh bunları nəzərə almamış və uşağın saxlanması üçün məhkəmənin 2022-ci ildə təyin etdiyi 150 manat miqdarında alimentdən əlavə öz təşəbbüsü ilə hər hansı məbləğdə aliment ödəməmiş və ya yardım etməmişdir. Göstərilənlərə əsasən iddia təmin olumalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Babək Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(079)-354/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 06 iyul 2022-ci il tarixdən hesablanmaqla 28 sentyabr 2018-ci ildə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 150 manat miqdarında alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. İşdə olan Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(079)-30/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, tərəflər arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahından olan 28 sentyabr 2018-ci il təvəllüdlü X1 anası X2 yanında qalması qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Hüseyn adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Hüseyn adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Babək Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(079)-354/2022 saylı qətnaməsinə əsasən 28 sentyabr 2018ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Babək Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(079)-354/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 28 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutulub X5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar