Məhkəmə qərarları › İş №2(012)-279/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-279/2022

17.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-279/2022 17.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 17 mart 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mənzilinə vurulmuş zərərə görə 2500 manat pulun tutulması və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73, mənzil 23-dən iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73, mənzil 10-a su axıdılmışdır. Belə ki, su mətbəx, qonaq otağı və dəhlizə axıdılmış, ona maddi ziyan dəymişdir. Bu barədə cavabdehə məlumat versə də, cavabdeh ona heç bir köməklik göstərməmişdir. Növbəti dəfə həmin mənzildən yenə su sızması baş vermiş, ona məxsus mənzilə ciddi ziyan dəymişdir. Cavabdeh usta göndərəcəyini, köməklik göstərəcəyini bildirsə də, hər dəfə müxtəlif bəhanələrlə yayınmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. O, məhkəməyə teleqram göndərərək hərbi qulluqçu olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 73 saylı evin 10 saylı mənzili mülkiyyət hüququ əsasında 13.02.2019cu il tarixdə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan aktdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 73 saylı evin sakinləri Cavabdeh məxsus mənzildən su axıdılması nəticəsində İddiaçı məxsus mənzilə maddi ziyan dəyməsini təsdiq etmişlər. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2022-ci il tarixli, 10/6952 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 10 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 23 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 10 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 73 saylı evin, 10 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 23 saylı mənzildən su axıdıldığı və nəticədə 10 saylı mənzilin yaşayış otağı və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Aparılan hesablamalar nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 73 saylı evin, 10 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2682 manat məbləğində müəyyən olunmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər eyni binada yaşamaqla qonşudurlar. Cavabdeh eyni binanın 23 saylı mənzilində, İddiaçı isə 10 saylı mənzilində yaşayır. Hazırda iddiaçı iddia edir ki, cavabdeh yuxarı mərtəbədə yaşamaqla onun mənzilinə su axıtmış, bunun nəticəsində ona maddi ziyan vurulmuşdur. İş materiallarında olan mötəbər sübutlarla təsdiq edilir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində (su cihazlarını nəzarətsiz qoyması və mənzilə suyun axıdılması) onun mənzilindən aşağıda yerləşən mənzilin mülkiyyətçisi İddiaçı maddi ziyan dəymişdir. Aparılmış ekspertiza tədqiqatı ilə bu ziyanın məbləğinin 2682 manat olması müəyyən edilmişdir. Məhkəmə ekspertin bu rəyini mötəbər sübut kimi qəbul edir, bununla belə MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən iddianın qaldırılmış həcmdə təmin edilməsi qənaətinə gəlir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizası xərcini təşkil edən 50 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh 50 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar