Məhkəmə qərarları › İş №2(012)-2806/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2806/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2806/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qazanc məqsədilə ondan götürdükləri, lakin ona geri qaytarılmamış 78.000 manat məbləğin və 324 manat ödənilmiş dövlət rüsumunun, cəmi 78.324 manat məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 18A, mənzil 37 ünvanında anası X2 ilə birlikdə yaşayır. İş üzrə Cavabdeh1 ilə təxminən 2013-cü il tarixdə Mingəçevir şəhərində yaşadığı vaxt orada tanış olmuşdur. Həmin vaxtdan onunla yaxın bir insan kimi münasibətləri olmuş və Cavabdeh1 onun etibarını qazanmışdır. Qazanc əldə etmək məqsədilə ümumilikdə 78.000 manat verdiyi məbləği ona geri qaytarmadığı üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı qeyd edir ki, polisə şikayət ərizəsi ilə müraciət edərkən anasının səhhəti cavabdehlərin bu qanunsuz əməllərinə görə pisləşdiyi üçün böyük mənəvi stress keçirdiyindən məbləği səhvən 78.000 manat deyil, 80.000 manat qeyd etmişdir. Daha sonra Cavabdeh1 da onunla bağlı polisə əsassız və uydurma ittihamlarla müraciət etmişdir. Bundan sonra material araşdırılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nə göndərilmişdir. Nəticədə Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də həyata keçirilən müvafiq araşdırma əsasında tərəflərin izahatları alınmış və iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də həmçinin ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Bu səbəbdən də hazırda məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Ədalət mühakiməsini həyata keçirən məhkəmədən cavabdehlər tərəfindən ona qarşı qanunsuz hərəkətlər edildiyi üçün bu iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsini və ona vurulmuş maddi ziyanın geri ödənilməsini xahiş edir. Çünki cavabdehlərin əllərində hər hansı bir sübut və dəlil olmadığı halda onlar onun pullarını mənimsəmiş və qazanc əldə etmək məqsədilə ondan götürdükləri 78.000 manat məbləği ona geri qaytarmamışlar. Belə ki, təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində Cavabdeh1 onun faktiki yaşadığı ünvan 2 ünvanına gələrək birlikdə pul qazanmaq üçün ondan faizə pul istəmişdir. Çünki Cavabdeh1 onların Mingəçevir şəhərində olan evlərinin satıldığını və onda pulun olduğunu bilmişdir. Məhz buna görə 13.000 manat pulun ona müvəqqəti olaraq 1 aylıq müddətə verilməsini istəmişdir. Həmin vaxtı bununla bağlı Cavabdeh1 burada qazancının nə qədər olacağı və onun qazancını nə qədər olacağı barədə sual vermişdir. Cavabdeh1 isə bu sualına 13.000 manatın müqabilində 10 faiz, yəni 1.300 manat ona pul verəcəyini bildirmişdir. Cavabdehi yaxından tanıdığı və ona sonsuz şəkildə etibar etdiyi üçün təxminən 2- 3 gündən sonra notariusda deyil, əlbəəl olaraq Cavabdeh1 öz yaşadığı ünvanda 13.000 manat pul vermişdir. Daha sonra Cavabdeh1 ona narahat olmamasını, qazanc əldə etmək üçün pulu öz tanışlarına faizlə verəcəyini və bunu müqavilə ilə rəsmiləşdirəcəyini, gələcəkdə nə isə olsa əllərində sübutlarının olacağını bildirmişdir. Bundan sonra Cavabdeh1 təxminən 2023-cü ilin fevral ayının əvvəllərində 13.000 manat pulun müqabilində 10 faiz olmaqla 1.300 manat pul vermişdir. Bundan başqa təxminən xx.xx.2023-cü il tarixindən həmin ilin oktyabr ayının sonunadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 65.000 manat pulu qazanc əldə etmək məqsədilə 10 faiz olmaqla yaşadığı ünvanda, yəni Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 18A, mənzil 37 ünvanında Cavabdeh1 onun nikahdan kənar həyat yoldaşı olan Cavabdeh2 ilə birlikdə gələrək ondan götürmüşlər və hazırkı vaxtadək Cavabdeh1 ona yalnız 13.000 manat pul vermişdir. Həmçinin qeyd edir ki, Cavabdeh2 özünü ona Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Cavabdehlər tərəfindən ona qarşı belə bir addımın atılacağını heç vaxt gözləməmişdir. Tərəfindən cavabdehlərə verilən pulların cəmi məbləği hazırda 78.000 təşkil edir. Təəssüflər olsun ki, cavabdehlər ondan götürdüyü həmin məbləği bu günə qədər geri qaytarmamışlar. Polisə müraciət etməmişdən əvvəl Cavabdeh1 nikahdan kənar yoldaşı olan Cavabdeh2 ilə görüşmüş və onlardan pullarının geri qaytarılmasını tələb etmişdir. Qeyd olunan şəxslərin onu aldatmaq niyyətlərində olduqlarına artıq əmin olduğu üçün onlarla görüşərkən danışıqlarını qeydə almışdır ki, gələcəkdə bu şəxslərə qarşı iddia irəli sürdükdə öz prosessual hüquqlarını realizə edə bilsin və iddianı sübuta yetirmək ona çətin olmasın. Çünki bu şəxslərə güvənərək pulu onlara yazılı rəsmiləşdirmə olmadan vermişdir. xx.xx.2024-cü il tarixdə “Saraclı” restoranında pulunun geri qaytarılmaması ilə bağlı Cavabdeh2la görüş vaxtı onunla söhbətləri haqqında aralarında olan səs danışıqlarına dair cd diski, həm də Cavabdeh1 ilə vatsap mobil tətbiqi vasitəsilə olan yazışmalardan çıxarışları müstəntiqə də təqdim etmişdir. Həmin sübutları hazırkı iddia ərizəsinə də əlavə etmişdir. Bu sübutlara diqqət yetirildikdə bir daha bu sübut olunur ki, cavabdehlər həmin məbləği ona geri qaytarmamışlar. Bütün bunların müqabilində Cavabdeh1 Bakı şəhəri Yasamal RPİ-nə verdiyi izahatında qeyd etmişdir ki, guya tanışı Reqina Dobnninadan onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 18A, mənzil 37 ünvanında 05 fevral 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək olan müddət ərzində hissəhissə olmaqla faizə ümumilikdə 58.960 manat pul almış, faiz olaraq 52.040 manat pulu ödəməklə ümumilikdə ona 111.000 manat pul ödəmişdir. Bu yalandır və cavabdehlər həmin məbləği ona geri ödəməmişlər. Belə ki, Cavabdeh1 ona xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə vatsap mobil tətbiqi vasitəsilə səs mesajları göndərərək onu hədələmiş, həmçinin guya onun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saat 12:00 üçün Ağayev soyadlı şəxs tərəfindən Gəncliyə çağırıldığını və işdi ona zəng olunarsa, onun Əfsanəyə pul vermədiyini deməsini ona tapşırmışdır. Bununla Cavabdeh1 özünün lehinə sübut əldə etmək niyyətində olmuşdur ki, onun belə bir məzmunda səsini əldə etmiş olsun və gələcəkdə ona qarşı verdiyi pullarla bağlı iddia qaldırdıqda bu səsini ortaya qoyaraq iddialarının əsassız olduğunu sübuta yetirsin. Cavabdeh1 Bakı şəhəri Yasamal RPİ-nə verdiyi izahatında istinad etdiyi halları sübut edə bilmir. Əgər edə bilirsə buyursun bununla bağlı müvafiq mötəbər sübutları məhkəməyə təqdim etsin, o da iddia tələbini geri götürsün. Həmçinin əgər Cavabdeh1 ona cəmi 111.000 manat pul ödəmişdirsə nəyə görə aralarında olan vatsap yazışmalarında və digər Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixdə Saraclı restoranında görüş vaxtı qeydə aldığı səs yazılarında onlar borclu olduqlarını etiraf edirlər. Bütün bu qeyd olunanlar bir daha onu sübut edir ki, cavabdehlər onun əmlakı hesabına əsassız varlanmışlar və həmin məbləğ onlardan geri alınaraq xeyrimə tutulmalıdır. Həmçinin cavabdehlər onun pullarını guya geri qaytarmaqla bağlı hətta ona müxtəlif uydurma vədlər də vermişlər. Belə ki, Cavabdeh2 dostunun bankda işlədiyini, bankdan pul götürüb pulunu ona geri qayatacağını demişdir. Halbuki bu tam yalandır. Cavabdeh1 isə ona guya Aylin adlı işçisinə pul verdiyini, lakin Aylin tərəfindən pul ona geri qaytarılmadığı üçün Aylinin də evlərini satışa çıxardığını bildirmiş, bununla bağlı İlham adlı vasitəçi ilə onu əlaqələndirmişdir. O, həmin vasitəçi ilə görüşsə də, qeyd olunanlar heç biri həyata keçməmiş və cavabdehlər onun aldatmağa davam etmişlər. Eləcə də qeyd edir ki, Cavabdeh1 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də verdiyi izahatda 58.960 manat pul aldığını etiraf etsə də, həmin məbləğin ona geri qaytarılması ilə bağlı hər hansı sübut təqdim edə bilməmiş və özünün bu yalanını yalnız şifahi sözlərlə sübut etməyə çalışmışdır. Göstərilənlərə əsasən qazanc məqsədilə götürülmüş, lakin geri qaytarılmamış 78.000 manat məbləğin və 324 manat ödənilmiş dövlət rüsumunun, cəmi 78.324 manat məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi borc məbləğini geri istəyir. Cavabdehləri ər-arvad kimi tanımışdır. Onlara borc məbləğini 3.000, 5.000 manat və digər məbləğlərdə hissəli şəkildə olmaqla müalicə, banka olan borcun ödənilməsi və digər məqsədlərlə vermişdir. Verdiyi pulu geri istədikdə isə Cavabdeh1 onu evindən qovmuşdur. Cavabdehləri Cavabdeh1 xalası Dilbərin işlədiyi gözəllik salonundan tanımışdır. Belə ki, Cavabdeh1 həmin vaxtı salonda dırnaq ustası işləmişdir. Artıq 13 ildir ki, Cavabdeh1 tanıyır. Tanış olduqdan sonra Cavabdeh1 ilə daha yaxın münasibətləri yaranmışdır. Seçkilərdən sonra Cavabdeh1 ona mənzil kommunal təsərrüfatı birliyinin müdiri olduğunu, böyük məbləğdə pul daxil olacağını və həmin vaxtı aldığı borc məbləğini geri qaytaracağını ona bildirmişdir. Lakin vədinə əməl etməmişdir. Cavabdeh1 ondan pul aldıqdan sonra az bir qismini geri qaytarmışdır. Həmçinin Cavabdeh1 digər Cavabdeh2 ona Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Pulun qaytarılması ilə bağlı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Çünki pulu verdiyi yaşadığı ev Yasamal rayon ərazisində yerləşir. Həmin vaxtı qarşı tərəfdə ondan şikayət ərizəsi ilə Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Şikayət ərizələri ilə bağlı araşdırma aparılmış və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının Mingəçevir şəhəri üzrə Nümayəndəliyinə və Abşeron Rayon İcra Hakimyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehlərə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi polis polkovnik-leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 aprel 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 və İddiaçı şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı verdiyi izahatında Cavabdeh1 13.000 manat və 67.000 manat olmaqla, ümumilikdə 80.000 manat 10 faizə pul verdiyini bildirmiş, həmin verilmiş məbləğdən 1.300 manat və 13.000 manat olmaqla faiz şəklində ona qaytarıldığını etiraf etmişdir. Cavabdeh1 isə izahatında İddiaçı ümumilikdə 58.960 manat 15 faizlə pul götürdüyünü etiraf etmiş, həmin pulun faizi 52.040 manat olmaqla, ümumilikdə 111.000 manat olmaqla tam şəkildə İddiaçı qaytardığını bildirmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 324 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Yenə həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddia tələbində və məhkəmə baxışı zamanı İddiaçı hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 78.000 məbləğində borcunun olmasını bildirsə də, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh1 ümumilikdə 58.960 manat məbləğində pul vermiş, həmin puldan 1.300 manat və 13.000 manat olmaqla, ümumilikdə 14.300 manat İddiaçı qaytarılmış, hazırda Cavabdeh1 iddiaçıya 44.660 manat borcu qalmışdır. Məhkəmənin təklif etməsinə baxmayaraq, məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehlərin ona hazırda 78.000 manat borclarının olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində pul məbləğinin cavabdehlərdən Cavabdeh2 da müştərək qaydada tutulmasını xahiş etsə də, Cavabdeh2 ondan şəxsən pul alması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda İddiaçı izahatından görünür ki, 13.000 manat və 67.000 manat məbləğində pullar iddiaçı tərəfindən şəxsən Cavabdeh1 verilmişdir. Həmçinin məhkəməyə qeyd edir ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də izahatında Cavabdeh1 aldığı 58.960 manat pulu 52.040 manat faizi ilə birlikdə cəmi 111.000 manat qaytardığını bildirsə də, bununla bağlı hər hansı bir sübutu istintaq şöbəsinə təqdim edə bilməmiş, nə də məhkəmə baxışı iclasında iştirak edərək bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 44.660 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İddia tələbi qismən təmin edildiyinə görə, iddiaçı tərəfindən ödənilmiş 324 manat dövlət rüsumunun 200 manat hissəsi Cavabdeh1 tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 44.660 (qırx dörd min altı yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 200 (iki yüz) manat alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar