Məhkəmə qərarları › İş №2(012)-282/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-282/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-282/2022 13.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X9 iştirakı ilə, İddiaçı X9 cavabdeh "xxxx" MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X17 cavabdeh "xxxx" MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK ilə bağlanmış 10 dekabr 2019-cu il tarixli 445 saylı mənzil tikintisi haqqında müqavilə üzrə öhdəliklərinin icra edilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-ya həvalə edilməsi və həmin müqavilə üzrə dəyəri ödənilmiş mənzilin iddiaçıya təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X17 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun vəfat etmiş həyat yoldaşı X13 ilə "xxxx" MMC arasında bağlanmış 12 dekabr 2006-cı il tarixli 124 saylı müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi və H.Z.Tağıyev küçələrinin kəsişməsində yerləşən 12 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75.1 kv.m olan 2-ci blok 20 saylı 2 otaqlı mənzili, 02 fevral 2007-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən isə həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75.1 kv.m olan 2-ci blok 24 saylı 2 otaqlı mənzili X8 təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin "xxxx" MMC qeyd olunan hər iki müqavilə üzrə öhdəliklərini icra etməyərək mənzilləri təqdim etməmişdir. Bundan sonra, "xxxx" MMC-nin varisi "xxxx" MTK ilə bağlanmış 27 iyul 2016-cı il tarixli 125 saylı müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MTK Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində ümumi sahəsi 75.1 kv.m olan 24 saylı 2 otaqlı mənzili, 27 iyul 2016-cı il tarixli 124 saylı müqavilənin 1.1-ci bəndinə əsasən isə həmin ünvanda yerləşən 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində ümumi sahəsi 75.1 kv.m olan 32 saylı 2 otaqlı mənzili iddiaçının oğlu X10 təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin "xxxx" MTK qeyd olunan hər iki müqavilə üzrə öhdəliklərini icra etməyərək mənzilləri təqdim etməmişdir. Bundan sonra "xxxx" MTK ilə bağlanmış 10 dekabr 2019-cu il tarixli 445 saylı mənzil tikintisi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MTK Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 6-cı mərtəbəsində ümumi sahəsi 75.1 kv.m olan 2 otaqlı 20 saylı mənzili X8 təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan mənzilin dəyəri 32320 manat pul cavabdeh "xxxx" MTK-ya ödənilmişdir. Bu, 10.12.2019-cu il tarixli maliyyə arayışı ilə təsdiq olunur. Lakin "xxxx" MTK ilə qeyd olunan müqavilə üzrə də öhdəliklərini icra etməyərək mənzili təqdim etməmişdir. Göründüyü kimi, artıq 15 ildən artıqdır ki, qarşı tərəf öz öhdəliklərini icra etməkdən yayınır. Onun həyat yoldaşı olmuş X13 28.09.2020-ci il tarixdə vəfat etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətindədir. Odur ki, onun həyat yoldaşı vəfat etsə də, mənzil onların birgə pul vəsaiti hesabına alınmış və müqavilə üzrə qarşı tərəf öhdəliklərini icra edərək mənzili təqdim etsə idi, o, həmin əmlakın ümumi mülkiyyətçisi olacaqdı. Odur ki, mülkiyyət hüquqlarına toxunduğu üçün o, qarşı tərəfdən müqavilə üzrə öhdəliklərinin icrasını tələb etmək hüququna malikdir. Göründüyü kimi, cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün onun mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MTK-ya və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -İcraçı Hayan-E MMC ilə payçı X15 arasında bağlanmış 12.07.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixlli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.01 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 20 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. -İcraçı Hayan-E MMC ilə payçı X13 arasında bağlanmış 12.12.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixlli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.01 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 24 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. -İcraçı Progress-2016 MTK ilə payçı X15 arasında bağlanmış 27.07.2016-cı il tarixli 124 saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixlli 301 saylı sərəncamı ilə ünvan 4 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.01 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 32 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. -İcraçı Progress-2016 MTK ilə payçı X13 arasında bağlanmış 27.07.2016-cı il tarixli 125 saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixlli 301 saylı sərəncamı ilə ünvan 4 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 75.01 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 24 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. -İcraçı Progress-2016 MTK ilə payçı X13 arasında bağlanmış 10.12.2019-cu il tarixli 445 saylı mənzil tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixlli 301 saylı sərəncamı ilə ünvan 4 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 75.01 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 20 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 430 manat təşkil edir. Sahəsi 75.1 kv.m mənzil üçün cəmi 32320 manat ödənilməlidir. Müqavilələrin 1.3-cü bəndinə əsasən, Hayan-E MMC ("xxxx" MTK) ilə əvvəllər bağlanmış müqavilələrdə mənzillərin nömrələri hər blokda olan qeyri-yaşayış sahəsi yerləşən mərtəbədən sonrakı mərtəbədə ardıcıl olaraq soldan sağa sayılmaqla qeyd edilmişdir. Hazırki müqavilədə yaşayış binasının l-lll blokun 1-ci mərtəbəsi, İV-V blokda isə 1-ci və 2-ci mərtəbəsi qeyri-yaşayış sahəsi nəzərdə tutulmuşdur. Yeni qayda ilə müqavilədə mərtəbələrin say ardıcıllığı 1-ci mərtəbədən başlayaraq hesablanılır. İ-İİİ blokda mənzillərin nömrələri saxlanılmaqla bir mərtəbə yuxarı qeyd olunmuşdur. İV blokda mənzillərin yerləşdiyi mərtəbələri 2 mərtəbə yuxarı-3-cü mərtəbədən, mənzillərin nömrələri isə hər mərtəbədə 4 ədəd mənzil olduğunu nəzərə alaraq 4 say azalmaqla (5 № - 1 №-yə, 6 № - 2 №-yə və s.), V blokda mənzillərin yerləşdiyi mərtəbələri 2 mərtəbə yuxarı 3-cü mərtəbədən, mənzillərin nömrələri isə hər mərtəbədə 8 ədəd mənzil olduğunu nəzərə alaraq 8 say ( 9 № - 1 №, 10 № - 2 № və s.) azalmaqla qeyd olunmuşdur. -Progress-2016 MTK-nın 10.12.2019-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Progress-2016 MTK-ya məxsus olan ünvan 5 ünvanda inşa olunan 5 bloklu 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Bu binanın 2 blok, 6 mərtəbə, ümumi sahəsi 75.01 kvadrat metr olan, 2 otaqlı, 20 saylı mənzilin dəyəri payçı X13 tərəfindən 32320 manat olmaqla ödənilmişdir, MTK-ya heç bir borcu yoxdur. -Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 25.11.2019-cu il tarixli AR-İ № 820300 saylı etibarnamədən görünür ki, X13 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X14 25.11.2024-cü il tarixədək etibar etmiş, etibarnamə 7E-17809 reyetr nömrəsi ilə informasiya sisteminə daxil edilmişdir. -X23 Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.10.2020-ci il tarixli AZ-İİ № 023483 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 28.09.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 73 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -İmişli RPŞ tərəfindən verilmiş 29.09.2009-cu il tarixli AZE № 07139345 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 şəhəri 28 May küçəsi 3 saylı evdə qeydiyyatda olmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X5 şəhəri 28 May küçəsi 3 saylı evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbinin iddiaçı X17 tərəfindən irəli sürülməyə subyektiv hüququnun olub-olmaması ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1133.1. maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixili Qərarındakı hüququ mövqeyə əsasən, həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı X9 mərhum həyat yoldaşı X13 və iddiaçının oğlu X15 müxtəlif vaxtlarda Hayan-E MMC ilə mənzilin alqı-satqısına dair müqavilələr bağlamışlar. Belə ki, məhkəmə mülki iş materiallarına əlavə olunmuş mənzillərə dair bağlanmış müqavilələri sistemləşdirərək qeyd edir ki, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə ünvanında yerləşən yaşayış binasında yerləşən 2-ci blok 2 otaqlı 20 saylı mənzilə dair X6-E MMC ilə 12.02.2006-cı il tarixdə, həmin müqaviləyə uyğun olaraq isə X1-2016 MTK ilə 10.12.2019cu il tarixdə 445 saylı müqavilə, 2-ci blok 2 otaqlı 24 saylı mənzilə dair X4-E MMC ilə 12.12.2006-cı il tarixdə, həmin müqaviləyə uyğun olaraq isə Proqress-2016 MTK ilə 27.07.2016-cı il tarixdə 125 saylı müqavilə, 2-ci blok 2 otaqlı 32 saylı mənzilə dair Hayan- E MMC ilə 12.12.2006-cı il tarixdə, həmin müqaviləyə uyğun olaraq isə X2-2016 MTK ilə 27.07.2016-cı il tarixdı 124 saylı müqavilə bağlamışdır ki, sözügedən müqavilələr sırasında 10.12.2019-cu il tarixli 445 saylı müqavilə əsasında alınmış mənzilin təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 2 blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 75.1 kv.m olan 2 otaqlı 20 saylı mənzilə dair ilkin olaraq X15 ilə 12.02.2006-cı il tarixdə, həmin müqaviləyə uyğun olaraq isə X13 ilə 10.12.2019-cu il tarixdə 445 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə alınmış mənzilin dəyəri olaraq 32320 manat müəyyən edilmiş, mənzilin dəyəri icraçı tərəfindən ödənilmişdir. Mənzilin alıcısı X13 28.09.2020-ci il tarixdə vəfat etmiş və bu barədə X23 Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 10.10.2020-ci il tarixli AZ-İİ № 023483 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, birinci dərəcəli bərabər pay hüquqlu vərəsə olmaq hüququna malik olan şəxslərin konkret siyahısı müəyyən edildiyindən, hazırki iş üzrə mərhumun həyat yoldaşı kimi X17 çıxış etdiyindən, X9 mərhum X7 Proqress-2016 MTK ilə bağladığı müqavilə əsasında alınmış mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Belə ki, mülki iş materiallarına əlavə olunmuş icraçı Proqress-2016 MTK ilə payçı X13 arasında bağlanmış 10.12.2019-cu il tarixli 445 saylı müqaviləyə əsasən icraçı Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 2-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 75.1 kv.m olan izolə olunmuş iki otaqdan ibarət 20 saylı mənzili payçıya vermiş, payçı müqavilə üzrə müəyyən edilmiş mənzilin dəyəri kimi 32320 manat pul vəsaitini ödəmiş, qeyd olunan mənzilin dəyərinin payçı tərəfindən ödənilməsi və MTK-ya hər hansı bir borcunun olmaması MTK tərəfindən verilmiş maliyyə arayışı ilə də təsdiq edilmişdir. Payçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilərək mənzilin dəyəri tam ödənilmiş, lakin icraçı tərəfindən mənzilin payçıya təhvil verilməsi öhdəliyi icra edilməmişdir. Bu səbəbdən də, hazırda, mərhum payçı X7 birinci dərəcəli hüquqi varisi iddiaçı X17 10.12.2019-cu il tarixli 445 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin mənzilin təqdim edilməklə müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Mülki Məcəllənin: 6.1.5 maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 405.1 maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərinin ödənilməsi müqabilində cavabdehin öhdəliyinə əməl etməməsi, mənzili iddiaçıya təhvil verməməsi müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə mülki iş materiallarını dəyərləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 10.12.2019-cu il tarixli 445 saylı mənzil tikintisi haqqında müqavilə öhdəliklərinə əsasən ünvan 4 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 75.1 kv.m olan izolə olunmuş iki otaqdan ibarət 20 saylı mənzil iddiaçıya təhvil verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 10.12.2019-cu il tarixli 445 saylı mənzil tikintisi haqqında müqavilə öhdəliklərinə əsasən ünvan 4 ünvanında inşa edilmiş 15 mərtəbəli yaşayış evinin 2-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 75.1 kv.m olan izolə olunmuş iki otaqdan ibarət 20 saylı mənzilin iddiaçı X14 təhvil verilməsi cavabdeh Proqress-2016 Mənzil Tikinti Kooperativinə həvalə edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar