Məhkəmə qərarları › İş №2(012)-2821/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2821/2024

11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2821/2024 11.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Namık Ashırovun (Cavabdeh) iştirakı ilə, İddiaçı cavabdeh Namık Ashırova (Cavabdeh) qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Namık Ashırova (Cavabdeh) qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay onun xeyrinə bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı qızıdır. Cavabdeh isə 07 avqust 2012-ci il təvəllüdlü nəvəsi X4 atasıdır. X6 artıq 11 yaşı vardır. İddiaçı ilə cavabdeh faktiki olaraq 1 (bir) ildir ki, ayrılmışlar. Cavabdeh uşağın saxlanılmasında iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, birgə yaşadıqları dövrdə cavabdeh iddiaçıya və uşaqlarına yaxşı baxmamışdır. Daim onları hədələmişdir. Qızı və nəvələri cavabdehin qorxusu ilə yaşamışlar. Cavabdeh içkiyə önəm verir. Bu səbəbdən də iddiaçı cavabdeh ilə nikahlarının rəsmiləşdirilməsini istəməmişdir. Dəfələrlə iddiaçı ilə cavabdehi barışdırsa da, cavabdeh bir daha içki içməyəcəyinə söz versə də, cavabdeh bir müddət sonra yenidən içki içməyə davam etmiş, ailəsinə və uşaqlarına əziyyət vermişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Namık Ashırov (Cavabdeh) iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, məhkəmə iclasında deyilənlərə həqiqətə uyğun deyildir. İddiaçı ilə 20 ildir ki, evlidirlər. Sözləri üst-üstə düşmədiyinə görə ayrılmışlar. Öz istəyi ilə iddiaçı evi tərk edib getmişdir. İddiaçı ilə Gəncə şəhərində kirayədə yaşamışlar. Hazırda da o, Gəncə şəhərində kirayədə yaşamaqda davam edir. İddiaçı isə Xırdalan şəhərində anasının yanında kirayədə qalır. Onun aylıq qazancı 350-400 manat məbləğindədir. Böyük övladı olan Ayxan Aşirovun 19 yaşı vardır. Ona maddi köməklik edir. Aliment tutularkən qazancının nəzərə alınmasını istəyir. Verilmiş suallara cavabında qeyd edir ki, o, sürücü işləyir. Sürdüyü avtomobili arendaya götürmüşdür. Tələb edilən aliment məbləği onun büdcəsinə uyğun deyildir. Çünki kirayədə yaşayır. Böyük oğlunun aldığı telefona görə hər ay 60-70 manat kredit ödəyir. Kiçik oğlu Həsən Aşirova isə onun istəyinə uyğun olaraq hər ay 10-20 manat məbləğində pul verir. İddiaçı isə gözəllik salonunda işləyir. 1 il 2 aydır ki, ayrılmışlar. İddiaçını və övladlarını həmin vaxtdan görmür. Həmçinin həmin vaxtdan da uşaqların saxlanılmasına görə iddiaçıya maddi köməklik etmir. Uşaqları ilə telefonla əlaqə saxlayıb danışır. Lakin iddiaçı onun telefon zənglərinə cavab vermir. Aliment məbləği tutularkən maddi imkanının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 03 oktyabr 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 188751 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 07 avqust 2012-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 03 oktyabr 2012-ci il tarixdə 263 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 03 oktyabr 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 945961 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07 avqust 2012-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 03 oktyabr 2012-ci il tarixdə 1436 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər faktiki nikah münasibətlərində olmuşlar, onların birgə nikahlarından 07 avqust 2012-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar və uşaq iddiaçının himayəsindədir. Məhkəmə qeyd edir ki, iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın maddi yardıma ehtiyacı olduğundan uşaq üçün alimentin tutulması zəruridir. Ona görə də, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək, habelə uşaqlar üçün alimentin tutulmasının zəruriliyini, eləcə də minimum yaşayış məbləğini və azyaşlı uşağın mənafeyini nəzərə alaraq hesab edir ki X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Namık Ashırovdan (Cavabdeh) hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi bağlı iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə də, qeyd edilənlərə əsasən cavabdeh Namık Ashırovdan (Cavabdeh) dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumuna görə pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Buna görə də iddia tələbi dərhal icraya yönəldilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 07 avqust 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Namık Ashırovdan (Cavabdeh) hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Alimentin tutulma müddəti 08 aprel 2024-cü il tarixdən X5 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Namık Ashırovdan (Cavabdeh) 30 (otuz) manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar