Məhkəmə qərarları › İş №2(012)-2826/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2826/2024

06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2826/2024 06.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 aprel 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-3133/2022 saylı qətnaməsi ilə tutulan 150 manat məbləğində alimentin məbləğinin artırılaraq hər ay 300 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-3133/2022 saylı qətnaməsinə əsasən cavabdehlə olan nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş 17 aprel 2019-cu il təvəllüdlü X1 onun himayəsində qalması və həmin uşağın saxlanılması üçün cavabdehdən hər ay 150 manat aliment tutulması qət edilmişdir. Qətnamənin qəbul edilməsindən 2 ilə yaxın müddət keçmişdir. Həmin qərarla tutulan aliment məbləği hazırda uşağın minimum tələbatının ödənilməsinə yetmir. O, təkbaşına qadın olaraq uşağın saxlanılmasında əziyyət çəkir. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Həmin qətnamə 2 il əvvəl üçün uşaqların yaşayış minimumu nəzərə alınmaqla çıxarılmışdır. Həmin məbləğ də hazırda uşağın düzgün inkişafı üçün yetərli deyildir. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, özü çəkir. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi. Belə ki, oğlu Məhəmməd xəstədir və işləmək iqtidarında deyildir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3133/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2167 nömrəli akt qeydli nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. İşdə olan AZ-İV 268111 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İşdə olan bir sıra tibbi sənədlərin surətindən görünür ki, Cavabdeh xoralı proktit xəstəliyi vardır. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3133/2022 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 150 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. İddianın bu məbləğdə təmin edilməsi azyaşlı Mələyin mənafeyinə, həmçinin iş üzrə tərəflərin maddi vəziyyətlərinə uyğundur. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3133/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar