Məhkəmə qərarları › İş №2(012)-283/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-283/2020

30.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-283/2020 30.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İlkin iddia üzrə iddiaçı SOCAR İddiaçı nümayəndəsi, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi X3 və İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X6 iştirakı ilə, İddiaçı SOCAR İddiaçı - Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilkin, Cavabdeh SOCAR İddiaçınə qarşı «müqavilənin etibarsız hesab edilməsi və digər tələblərinə» dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR İddiaçı - Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 2304 manat məbləğində hesablanmış cari borc və qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 7.324.73 manat məbləğində pulun və SOCAR İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat məbləğində xərcin, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun SOCAR İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 29-14-X-13 saylı "Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə" müqaviləyə əsasən cavabdehin Abşeron rayonu, Novxanı kəndində yerləşən istixana İddiaçı tərəfindən qazla təchiz olunmağa başlanmışdır. Bağlanmış müqaviləyə əsasən abonentə "İddiaçı" X1 Departamenti tərəfindən **********00100 nömrəli abonent kodu verilmiş və cavabdehə məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən istixanaya gedən xəttin üzərində G-6 markalı, 28194322 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdehlə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən o qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın tələbini tam ödəməli olduğu halda bunu etməmişdir. Bunun nəticəsində cavabdehin 7.324.73 manat məbləğində cari borcu yaranmışdır. Cavabdeh müqavilə bağlanan quraşdırılmış sayğaca müdaxilə edərək təbii qazdan qanunsuz olaraq istifadə etmiş və bununla da İddiaçınə zərər vurmuşdur. Bu bərədə xx.xx.2016-ci il tarixdə müvafiq aktl tərtib edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli, 29-14-X-13 saylı müqavilənin 2.3.5-ci bəndinə əsasən istehlakçıcavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qavdaları”na əsaslanaraq İddiaçı” İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2016-ci il tarixli qərarına əsasən cavabdehin qanunsuz hərəkətləri nəticəsində itirilmiş qazın həcmi 23040 m3 həcmdə müəyyən edilmişdir. Cavabdehlə İddiaçı arasında bağlanmış müqavilənin 3.1-ci maddəsində göstərildiyi kimi Azərbaycan Respublikasının Tarif Şurasının müəyyən etdiyi tarifə əsasən 1 (bir) m3 üçün 0,10 manat müəyyən edildiyindən qanunsuz istimar nəticəsində dəymiş zərərin miqdarı 2304 manat (23040 *0,10 = 2304) təşkil edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh SOCAR İddiaçınə qarşı «müqavilənin etibarsız hesab edilməsi və digər tələblərinə» dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı haqqında” xx.xx.2013-cü il tarixli, 29-14-X-13 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, Birincisi: -Abşeron rayonu, Novxanı kəndində Cavabdeh məxsus istixana mövcud olmamış və o, belə bir istixananın təbii qazla təmin edilməsi üçün İddiaçı İB ilə hər hansı müqavilə bağlamamışdır. Cavabdeh bu barədə müqavilə imzalamamış və onun belə bir müqavilənin mövcudluğundan ümumiyyətlə xəbər yoxdur. Daha sonra Cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2016-cı il tarixli aktdan da xəbərsizdir. Onun barəsində akt tərtib edilsə də, iştirakı təmin edilməmiş və məsələyə münasibəti öyrənilməmişdir. Hesab edir ki, hal-hazırda İddiaçı İB başqa şəxsə məxsus olan istixanada istehlak olunan qazn dəyərini Cavabdeh tələb edir. Ona görə də xx.xx.2013-cü il tarixli, 29-14-X-13 saylı müqavilə Cavabdeh tərəfidən imzalanmadığına görə məhkəmə tərəfindən etibarsız sayılmalıdır. İkincisi: - Diqqət çəkən xüsusat odur ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı eyni əsaslarla və eyni predmet barəsində iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin iddiaçının həmin iddia ərizəsində göstərdiyi hallarla hazırki iddia ərizəsində qeyd etdiyi hallar arasında kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Belə ki: Əvvəlki mülki iş üzrə (2(012)-1489/2018) məhkəməyə təqdim olunmuş iddia ərizəsində İddiaçı İB tələb olunan 9628,73 manat pulun “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı il tarixli, 080428 nömrəli və xx.xx.2016-cı il tarixli, ******* nömrəli aktlar üzrə hesablanıldığı göstərilmişdir. Hazırki iddia ərizəsində isə İddiaçı İB tələb olunan 9628,73 manat pulun guya 7.324,73 manat hissəsinin qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və istehlakçı tərəfindən ödənilməmiş məbləğ olduğunu, yerdə qalan 2304 manat pulun isə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016cı il tarixli akt əsasında hesablanıldığını qeyd etmişir. Beləliklə, iddiaçı əvvəlki iddia ərizəsində guya cavabdeh barəsində iki dəfə xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə akt tərtib edildiyini göstərmişdir. Lakin hal-hazırda isə iddiaçı barəsində yalnız bir dəfə, xx.xx.2016-cı il tarixdə aktın tərtib olunduğu qeyd olunur. İddiaçı əvvəlki iddia ərizəsində xx.xx.2013-cü il tarixli, 29-14-X-13 nömrəli müqavilə üzrə Cavabdeh verilmiş abonent hesab nömrəsinin **********01440 olduğunu qeyd etdiyi halda, hazırki iddia ərizəsində o, eyni müqavilə üzrə Cavabdeh verilmiş abonent hesab nömrəsinin **********00100 olduğunu göstərmişdir. Bundan başqa iddiaçı əvvəlki iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixli, 29-14- X-13 nömrəli müqavilə əsasında cavabdehə məxsus olan istixanada G-6T markalı, 28025240 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin hazırki iddia ərizəsində isə həmin sayğacın nömrəsi 28194322 göstərilmişdir. Odur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla verilmiş iddia ərizəsində göstərilən bu ziddiyyətlər iddiaçı tərəfindən təqdim edilən sənədlərin mötəbərliyini ciddi şəkildə şübhə altına alır. Üçüncüsü: - İddiaçı İB iddia ərizəsində tələb olunan 9628,73 manat pulun 7.324,73 manat hissəsinin qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və istehlakçı tərəfindən ödənilməmiş məbləğ olduğunu qeyd etsə də, iddia ərizəsində həmin pulun hansı dövr üzrə hesablanılması barədə hər hansı məlumat göstərməmiş, bunu təsdiq edən sənədləri iş materiallarına əlavə etməmiş və bu barədə mövqeyini əsaslandırmamışdır. Dördüncüsü: - Əgər həqiqətən də Cavabdeh tərəfindən İddiaçı İB-nə ödənilməmiş iddia edilən borc məbləğlərinin olduğu fərz edilsə belə (halbuki belə bir borc yoxdur), bu pulun tələb edilməsi ilə bağlı qanunla müəyyən edilmiş iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Odur ki, həm yuxarıda qeyd olunan səbəblərə görə, həm də hazırki iddia tələbi qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə verildiyinə görə hesab edir ki, iddia tələbi rədd edilməli, eyni zamanda Abşeron rayonu, Novxanı kəndində Cavabdeh məxsus hər hansı istixana mövcud olmadığı və bu istixanada təbbi qazdan istifadə edilməsi haqqında Cavabdeh xx.xx.2013-cü il tarixli, 29-14-X-13 saylı müqavilə imzalamadığına görə müqavilə də etibarsız hesab edilməlidir. Cavabdeh hesab edir ki,ilk iddia üzrə iddiaçının qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və istehlakçı tərəfindən ödənilməmiş 7.324,73 manat pulun, eyni zamanda “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı il tarixli akt üzrə hesablanmış qanunsuz istifadə olunmuş qazın dəyəri olaraq 2304 manat pulun Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulması tələbi tamamilə əsassızdır və buna görə də rədd olunmalıdır. Qarşılıqlı iddia ərizəsi təmin olunaraq İddiaçı İB ilə Cavabdeh arasında bağlanıldığı iddia edilən “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı haqqında” xx.xx.2013-cü il tarixli, 29-14-X-13 saylı müqavilə etibarsız hesab edilməlidir. Sonradan iddiaçı SOCAR İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh oğlundan 5020.73 manat məbləğində hesablanmış cari borc və qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 4608 manat məbləğində borc olmaqla cəmi 9628,73 manat məbləğində pul və SOCAR İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat məbləğində xərcin, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun SOCAR İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş SOCAR İddiaçı vəkili və nümayəndəsi X5 ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxrılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X8 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək iddianın rədd olunması, qarşılıqlı iddia təbəlinin təmin olunması barədə qətnamə çıxrılmasını məhkəmədən xahiş edir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsini,cavabdehin vəkili və nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -«Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» barədə xx.xx.2013-cü il tarixli, 29-14-X-13 saylı müqavilədən görünür ki, Abşeron QİS-nin rəisi ilə Cavabdeh arasında təbii qazdan istifadəyə görə tərəflər arasında öhdəlikləri və vəzifələri, istifadə şərtlərini müəyyən edən müqavilə bağlanmışdır. -Abonent saldosundan görünür ki, abonent kodu **********01440 olan Abşeron rayonu, Novxanı kənd mənzil 144 - (istixana), tipi Elster G-6T DİAFRAQMA, nömrəsi - 28025240 və quraşdırılma tarixi xx.xx.2013-cü il qeyd olunan sayğac quraşdırılmış, cihazlar: tərəvəz (pomidor, xiyar və s)ı (1/1), abonentin borcu xx.xx.2016-cı il tarixinə qazın sərfi 2304, borcu 7.324.73 manat məbləğində göstərilmişdir. -SOCAR İddiaçı, Cavabdeh oğluna, debitor borcun ödənilməsi tələbi barədə xx xxxx 2019-cu il tarixli pretenziyadan görünür ki, pretenziyada qeyd olunan normativ hüqqi aktların, Müqavilənin müvafiq tələblərinin icra edilməsinin vacibliyini nəzərə alaraq borcun 10 gün müddətində tam şəkildə ödənilməsi tələb olunmuşdur. -SOCAR İddiaçı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı-cavabdehə məxsus Abşeron rayonu, Novxanı kəndində sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin mövcud istixanada sayğacdan kənar qaz xəttindən istifadə olunması aşkar edilmişdir. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh oğlu – Abşeron rayonu, Novxanı kəndi- ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi İddiaçı adlı qurum ********** VÖEN nömrə ilə xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmış, təsisçi və nizamnamə kapitalında mayalarının miqdarı -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – 100 % olmaqla xx.xx.2016-cı il tarixdə, **********594400 nömrə ilə çıxarış verilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçının izahatına əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 29-14-X-13 saylı "Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə" müqaviləyə əsasən cavabdehin Abşeron rayonu, Novxanı kəndində yerləşən istixana İddiaçı tərəfindən qazla təchiz olunmağa başlanmışdır. Bağlanmış müqaviləyə əsasən abonentə "İddiaçı" X1 Departamenti tərəfindən **********00100 nömrəli abonent kodu verilmiş və cavabdehə məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən istixanaya gedən xəttin üzərində G-6 markalı, 28194322 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdehlə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən o qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın tələbini tam ödəməli olduğu halda bunu etməmişdir. Bunun nəticəsində cavabdehin 5020.73 manat məbləğində cari borcu yaranmışdır. Cavabdeh müqavilə bağlanan quraşdırılmış sayğaca müdaxilə edərək təbii qazdan qanunsuz olaraq istifadə etmiş və bununla da İddiaçınə zərər vurmuşdur. Bu bərədə xx.xx.2016-ci il tarixdə müvafiq aktl tərtib edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli, 29-14-X-13 saylı müqavilənin 2.3.5-ci bəndinə əsasən istehlakçıcavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməsi tələb edilmişdir. İddiaçı tərəfindən isə ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx xxxx 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları əsas götürülmüşdür. Cavabdeh vəkili və nümayəndəsi X6 izahatından isə məlum olur ki, -Abşeron rayonu, Novxanı kəndində Cavabdeh məxsus istixana mövcud olmamış və o, belə bir istixananın təbii qazla təmin edilməsi üçün İddiaçı İB ilə hər hansı müqavilə bağlamamışdır. Cavabdeh bu barədə müqavilə imzalamamış və onun belə bir müqavilənin mövcudluğundan ümumiyyətlə xəbəri olmamış, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2016-cı il tarixli aktdan da xəbərsiz olmuşdur. Cavabdeh barəsində akt tərtib edilsə də, iştirakı təmin edilməmiş və məsələyə münasibəti öyrənilməmişdir. Hal-hazırda İddiaçı İB başqa şəxsə məxsus olan istixanada istehlak olunan qazn dəyərini Cavabdeh tələb etməsi tərəflər arasında müqavilə bağlanmadığndan əsassızdır və ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin iddia tələbiilə bağlı qeyd edir ki, iş materiallarından, iddia ərizəsindən və iddiaçının nümayəndəsinin izahatından görünür ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli, 29-14-X-13 saylı "Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə" müqavilə bağlandığı göstərilsə də lakin, həmin müqavilə iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə iclasında təqdim edilməmişdir. Məhkəmənin rəsmi olaraq İddiaçı İB-ə ünvanlandığı sorğuda tərəflər arasında bağlanmış həmin müqavilənin məhkəməyə təqdim edilməsi xahiş olunsa da, müqavilə məhkəməyə təqdim edilməmiş, iddiaçı onlarda belə bir müqavilə olmadığını və ona görə də təqdim edə bilmədiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifəsinin əmələ gəlməsinin əsasıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunun tələbindən göründüyü kimi tərəflər arasında mülki hüquq və vəzifələr yaranması üçün onların arasında müqavilə bağlanmalıdır. Müqavilə tərəflər arasında şərtləri müəyyənləşdirir, bir-biri qarşısında öhdəliklər yaradır və tərəflər bu öhdəliklərin icrası üçün cavabdehlik daşıyır. Lakin işin araşdırılan hallarından müəyyən oldu ki, iddiaçının iddia etdiyi tələblərin əsasını təşkil edən xx.xx.2013-cü il tarixli, 29-14-X-13 saylı müqavilə yoxdur və belə müqavilənin tərəflər arasında bağlanması məlum deyildir. Ona görə də müqavilənin olmaması tərəflər arasında mülki hüquq münasibətinin əmələ gəlməsini və bunula da öhtəliklərin yaranmasını istisna edir. Məhkəmə tərəflər arasında müqavilə olmamsını və bununlada onların arasında hər hansı bir hüquq və vəzifələrin yaranmamasını nəzərə alaraq hesab edir ki, ilkin iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəm qarşılıqlı iddia ərizəsi ilə əlaqədar qeyd edir ki, işin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 29-14-X-13 saylı müqavilə mövcud olmamışdır. Belə ki, iddiaçı tərəf, tərəflər arasında bağlanmış müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 2.5. bəndinə əsasən Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Ona görə də məhkəmə tərəflər arasında müqavilənin mövcud olmadığı qənaətinə gəlmişdir. Tərəflər arasında müqavilə olmadığı halda həmin müqavilə etibarsız hesab edilə bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi göstərilənlərə əsasən əsassız olduğundan təmin edilməməlidir. Məhkəmədə iddia qaldırılması üçün xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, ilkin iddiaçı 30 manat məbləğində dövlət rüsumu və xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin olunmadığı üçün hər iki tərəfin ödədiyi dövlət rüsumu onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı SOCAR İddiaçı - Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi»nə dair iddia ərizəsi təmin edilməsin. Cavabdeh SOCAR İddiaçınə qarşı «müqavilənin etibarsız hesab edilməsi və digər tələbləri»nə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Məhkəmədə iddia qaldırılması üçün ilkin iddia üzrə iddiaçının ödədiyi 30 (otuz) manat və qarşılıqlı iddia üzrə iddiaçının ödədiyi 10 (on) manat dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar